Xoşbəxtlik bəxş edən musiqilər

63

Dünya musiqisinin bu 40 şedevrləri arasına çoxlu Azərbaycan musiqisi nümunələrinin daxil edilməsi heç də özümüzkü olduqlarına görə deyil…

 Mən sadəcə olaraq onları gözəlliklərinə görə sıraya düzmüşəm. Bu gözəlliyi onlardan artıq heç bir zaman dəyişikliyi ala bilməz, eləcə də yaqut və ya topazın göz oxşayan parıltıları kimi. Yaqut və ya brilyant baxdıqca göz oxşayır, bu musiqilər isə dinlənildikcə ətrafa xoşbəxtlik paylayır. Var-dövlət və  tükənə və itirilə bilər və sən yenə yoxsul və qayğılarla yüklənmiş olarsan. “Appasionata” isə hətta yoxsul olsan da, az müddətə olsa da, dərdini-qəmini sənə unitdura bilər…

 

Bu qətiyyən zövq məsələsi deyil ki, birinin xoşuna gəlsin, digərinin yox. Frans Kafka, Marsel Prust və ya Ceyms Coys  deyillər ki, özlərinin ənənəvi nəsr üslub və qaydalarından tamamilə fərqlənən əsərlərilə birinin xoşuna gəlsin, digərinin isə yox. Lakin peşəkar yazıçılar üçün onlar mütləq əlçatmaz nümunə sayılmalıdırlar. Əlbəttə öz orijinal, daha doğrusu ənənəvi nəsr üslubun olsa da. Yəni həmin yazıçılar zövq predmeti olmaqdan çox-çox yüksəkdədirlər. Çünki onların əsərlərində adi insan məişətinin, gözlə görünən insan münasibətlərinin təsviri deyil, həyatın, insanların, cəmiyyətlərin ayrı-ayrı obrazları timsalında zəngin daxili dünyası öz əksini tapmışdır və mütləq əlinə ilk dəfə qələm alan hər bir yazıçı məhz buna can atmalıdır. Burada bu yazıçıların hər hansı biri xoşuma gəlmir demək, ədəbiyyatdan və nəsrdən çox-çox uzaq olmaq deməkdir. Deməli sən yazıçı deyilsən və hətta kütlənin maraq dairəsində olsan da, sənin bədii ədəbiyyata, nəsrə heç bir aidiyyatın yoxdur.

Mənim dünya müsiqisindən 20 vokal və 20 instrumental nümunələrdən ibarət bu seçimim də eləcə zövq məsələsi deyil. Bu 70 il ərzində sınaqlardan çıxmış mütləq bir seçimdir. Və onlar yarandıqları gündən bəri milyonlarla musiqisevərlərin – əlbəttə söhbət dərin və yüksək səviyyəli musiqisevərlərdən gedir,- qəlblərini fəth etmişdir. Elə bu gün də yeni-yeni nəsilləri musiqi konsertlərinə dönə-dönə toplamaq iqtidarındadırlar.

Mən sadəcə olaraq onları gözəlliklərinə görə sıraya düzmüşəm. Bu gözəlliyi onlardan artıq heç bir zaman dəyişikliyi ala bilməz, eləcə də yaqut və ya topazın göz oxşayan parıltıları kimi. Yaqut və ya brilyant baxdıqca göz oxşayır, bu musiqilər isə dinlənildikcə ətrafa xoşbəxtlik paylayır. Var-dövlət və  tükənə və itirilə bilər və sən yenə yoxsul və qayğılarla yüklənmiş olarsan. “Appasionata” isə hətta yoxsul olsan da, az müddətə olsa da, dərdini-qəmini sənə unitdura bilər. Yox əgər nisbi də olsa özünə firavanlıq təmin etmisənsə, onda bu siyahıdakı musiqilər sənin xoşbəxtliyinin tükənməzliyinə qarant ola bilər. Necə ki taleyimin hədiyyəsi kimi mənim üçün də belədir. İş heç də hər gün gəlib yaxşı vəzifə kreslosunda oturmaqda və yaxud da qızılbalıq kababı yeməkdə deyil. Çünki bunların heç biri adamı digər yüz minlərlə adamdan mahiyyətcə üstün edə bilməz. Çünki xoşbəxtlik bunların limitində deyil, qeyd etdiyimiz kimi, qüdrətli ürəklərə və beyinlərə nüfuz edə bilən musiqilərin qəlblərə yox tapa bilməsindədir.

Deməli, mən dünya musiqisinin bu 40 şedevrləri arasına çoxlu Azərbaycan musiqisi nümunələrini daxil etməklə heç də özümüzkü olduqlarına görə deyil, onların həqiqətən bu yerlərə layiq olmaları ilə müəyyənləşib.  Buyurun  qulaq asın, həm də dönə-dönə. Görəcəksiniz ki, öz gücü və gözəlliyi ilə onların heç biri Avropa seçimlərindən geri qalmır. İndi biz neyləyək ki, bu dahilər Avropa ölkələrində deyil, bizim hiyləgər və tarakan yazıçılar ölkəsində dünyaya gəliblər.

Qaldı ki, mən bu işi niyə görürəm? Əvvələn, özüm üçün. İkincisi, yüzlərlə tələbəm və tərbiyəçisi olduğum gənc və ya yaşlı insanlar üçün. Və nəhayət, axı onların da ardınca gələnlər olacaq. Və beləcə mənim topladığım bu sərvət xalqımızın ucuz toy və taksi musiqilərinin səviyyəsinə enib bayağılaşmasınlar.

Musiqiçilərin zövqsüzlüyünə gəldikdə isə, o barədə lap bu günlərdə xüsusi bir yazı ilə onların səviyyəsizliklərini və onun səbəblərini açıqlayacağıq.

DÜNYA KAMERA MUSİQİSİNİN 20 ƏN GÖZƏL NÜMUNƏSİ

 

  1. Üzeyir Hacıbəyov, “Leyli və Məcnun” operası – “Məcnunun atasının ariyası”
  2. Lev Knipper, “Polyuşka-pole”  mahnısı.
  3. İsaak Dunayevski, “Kuban kazakları” filmində “Kalina kolu çiçək açır” mahnısı.
  4. Aleksandr Alyabyev, “Bülbül” romansı.
  5. “Arşın mal alan” operettasından  “Gülçöhrənin elegiyası”
  6. Lüdviq van Bethoven. “Elizaya” romansı
  7. Aleksandr Aleksandrov “Müqəddəs müharibə”
  8. Matvey Blanter, “Katyuşa”  mahnısı.
  9. Müslüm Maqomayev, Şah İsmayıl operası –  “Əbu Həmzə ilə Gülzarın dueti”
  10. Türk xalq mahnısı – “İkimizin resmini çıkarsınlar”
  11. Müslüm Maqomayev “Nərgiz” operası – “Nərgizin ariyası”
  12.  Cahangir Cahangirov –  “Qəzəl” romansı.
  13. Jorj Bize  “Karmen” operasından  ariya.
  14. “Bayatı-İsfahan” muğamı
  15. Səid Rüstəmov “Qaçaq Nəbi” tamaşasından mahnı
  16. Türk xalq mahnısı “Qaladan enişmi olur”
  17. Hacı Xanməmmədov “Yadıma düşdü” mahnısı
  18. Üzeyir Hacıbəyli “Əsli və Kərəm operası “Axşam oldu”
  19. Oqtay Kazımov “Bayatılar” mahnısı
  20. Emin Sabitoğlu “Dədə Qorqud” filmindən mahnı

 

     DÜNYA İNSTUMENTAL MUSİQİSİNİN 20 ƏN GÖZƏL NÜMUNƏSİ

 

  1. Lüdviq van Bethoven “Appasionata”
  2. Volfqanq Amadey Motsart “Türk marşı” (Rondo)
  3. Pyotr İliç Çaykovski “Sonalar gölü” baletindən  rəqs
  4. Cahangir Cahangirov – orkestr üçün “Bayatı-Şiraz”
  5. Ferens List “2 nömrəli rapsodiya”
  6. Frans Şubert “Serenada”
  7. Zakir Bağırov “Arfa üçün Çahargah”
  8. Lüdviq Bethoven “Eqmont” uvertürası
  9. Şopen “Ekspromt”
  10. “Ənzəli” diringəsi
  11. Süleyman Ələsgərov  “Sözsüz mahnı” (Çahargah)
  12. Rossini “Sevilya bərbəri” operası  (uvertüra)
  13. Üzeyir Hacıbəyov  “Saray rəqsləri” (“Koroğlu” operası)
  14. Rimski-Korsakov “Şəhrizad simfonik süitası  “Bağdadın axşamı” epizodu
  15. Asəf Zeynallı  “Çahargah”
  16. Qəmbər Hüseynli  “Çahargahabənzər”
  17. Cahangir Cahangirov   “Xəyyam” pyesindən musiqilər
  18. Səid Rüstəmov  “Azərbaycan”  süitası
  19. Motsart  “40-cı simfoniya
  20. İohann Sebastyan Bax  – “Tokkata.”

 Bir daha təkrar edirik,  bu musiqilərin hansı birisə bu günün dəbi nəticəsində unudula və ya az-az səsləndirilə bilər. Lakin axı  böyük əsərlər böyük insanlar üçündür.

Əlisa  NİCAT