“Xocalının işğaldan azad olunan kəndləri Şuşaya çox yaxındır” – Elman Məmmədov

150

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlanan savaşda hər gün yeni naliyyətlər, uğurlar əldə edir. Bu gün, noyabrın 7-də Prezident İlham Əliyev Ordumuz tərəfindən Xocalının iki kəndinin işğaldan azad olunduğu elan etdi.

 

Xəbərdən sonra təəsüratlarını Modern.az-la bölüşən Xocalının deputatı Elman Məmmədov həddindən artıq sevincli olduğunu söyləyib.

 

O qeyd edib ki, bu gün xocalılara deyil, azərbaycanlı olan bütün vətəndaşlara təbrik düşür:

 

“Dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, millətimi təbrik edirəm. Prezidentimiz, Ali Baş Komandanımız ilə qürur duyuruq. Bir azərbaycanlı kimi mən fəxr edirəm ki, İlham Əliyev kimi qəhrəman, cəsarətli, qətiyyətli, müdrik prezidentim var.

 

Artıq o məqam gəlib çatıb ki, ordumuz mərkəzə doğru irəliləyir. Xocalının kəndləri işğaldan azad olmağa başlayır, allahın köməyi ilə Xocalının mərkəzini də yaxında azad edərik. Ali Baş Komandanımızın rəhbərliyi altında işğalda olan bütün ərazilərimizi düşmən tapdağından alacağıq. Bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalandığını görmək nəsib olsun”.

 

Deputatın sözlərinə görə, ilk təbriki nəvəsindən alıb:

 

“Məni ilk təbrik edən nəvəm oldu. Telefonda danışarkən nəvəm ağladı, məni də kövrəltdi. Dedim ağlama, möhkəm ol! Bu gün hamının telefonları susmur, təbrik zəngləri gəlir. O gün olsun ki, yekun qələbəmizi qeyd edək”.

 

E.Məmmədov işğaldan azad olunan kəndlərin Şuşaya çox yaxın olduğunu qeyd edib:

 

“Xocalının işğaldan azad olunan kəndləri mərkəzdən təxminən 15 km məsafədədir. Şuşa istiqamətində olan dağ kəndləridir. Şuşaya daha çox yaxındır.

 

Azərbaycan Ordusu bütün istiqamətlərdə irəliləyir. Uğurlu hərbi əməliyyatlar keçirir. Düşmən darmadağın, məhv olaraq geri çəkilməyə məcbur olur. Düşmənin sağ qalmaq üçün yeganə çıxış yolu qalıb. Silahlarını yerə qoyub təslim olmalıdırlar. Əks halda sonuncu hərbiçisinə qədər məhv edəcəyik. Torpaqlarımız işğalçılardan təmizlənəcək, ərazi bütövlüyümüz bərpa olunacaq”.

Fidan İlqarqızı