Xocalı canisi üçün zindanın qapıları göründü: Köçəryanı həbsə aparan 3 SƏBƏB…

    6

    Ermənistanda “səssiz inqilab”dan sonra hay-küylü tutuqlamalar davam edir. Dünən keçmiş prezident Serj Sərkisyanın ən yaxln adamlarından biri, Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, general-mayor Vaçaqan Kazaryan həbs olunub. Zindana salınanlara qarşı əsas ittihamlar korrupsiya, böyük yeyinti faktları, büdcəyə vurulan iri ziyanlar və qanunsuz silah-sursat saxlamaqla bağlıdır.

    Söz yox ki, yeni baş nazir Nikol Paşinyan bununla həm köhnə rejimin siyasi-iqtisadi dayaqlarını sarsıtmaq (pullu müxalifət qat-qat təhlükəlidir), həm də onu hakimiyyətə gətirən xalqın gözündə qəhrəman obrazını və siyasi imicini saxlamaq, eyni zamanda iş görüntüsü yaratmaqla cəmiyyətin başını qatmaq məqsədi güdür. Erməni politoloqlarından birinin dediyi kimi, xalq Paşinyandan çörək, iş yerləri gözləyir, o isə xalqı görüntü ilə təmin edir.

    Aydındır ki, N. Paşinyan ölkədə köklü islahatlar aparmaq üçün yetərli rıçaqlara malik deyil – Rusiya amili də buna əngəldir – o üzdən narazı və qəzəbli xalqa verdiyi vədlərdən diqqəti yayındırmaq üçün ictimai rəyi qalmaqallı həbslərlə məşğul eləməyə çalışır. Bura həmçinin, keçmiş rejimin, Qarabağ klanının ən odioz üzvləri ilə haqq-hesab çəkmək də daxildir.

    Məsələn, eks-prezident Serj Sərksiyanın adı indi həm də qardaşı Levon Sərkisyanın, “Yerkrapa” yarımhərbi birləşmənin korrupsiya və qanunsuz silahlara görə təzəcə tutulan başçısı, Sərksiyan partiyasının üzvü və deputat, onun yaxın silahdaşlarından olan general Manvel Qrqioryanla birgə hallanmağa başlayıb (Digər qardaşı Aleksandr Sərksiyan saxlanılsa da hələlik buraxılıb). Bundan əlavə, 2008-ci il martın 1-də seçkilərin saxtalaşdırılmasına etiraz edən nümayişçilərin gülləbaran edilməsinə və 10 etirazçının öldürülməsinə görə də Sərkisyan və Qarabağ klanının digər odioz üzvü – keçmiş prezident Robert Köçəryan yavaş-yavaş məhşər ayağına çəkilməkdədir.

    Bunu Paşinyan tərəfdarları olan erməni KİV-lərindəki yazılardan da görmək olar. Bu yazılardan narahat olan Robert Köçəryan isə 1 in.am portalı və “Jamanak” qəzetini məhkəməyə verib. Köçəryan özünə qarşı böhtan atıldığını iddia edib və adı çəkilən nəşrlərdən böyük məbləğdə pul təzminatı istəyib.

    Qeyd edək ki, Köçəryanı ən çox qəzəbləndirən adı çəkilən qəzet və saytda getmiş “Qriqor Qriqoryan Robert Köçəryana qarşı ifadə verdi, sonuncu həbs oluna bilər” məqaləsi olub. Məqalədə bildirilir ki, 1 mart cinayət işi artıq “ölü nöqtə”dən tərpənə bilər, belə ki, həmin hadisələr vaxtı daxili qoşunların komandanı olmuş Qriqor Qriqoryan ifadəsində deyib ki, nümayişçilərə güllə atmaq əmrini o zamankı prezident Robert Köçəryandan alıb.

    xocali 1.gif (246 KB)

    Bununla bağlı 1 in. am nəşrinin siyasi şərhçisi Sərkis Arsruni yazır: “Köçəryanın ofisi və Xüsusi Təhqiqat Xidməti bizim yazımızı təkzib eləməyə tələsiblər, Köçəryan isə bizi məhkəməyə vermək qərarına gələrək, bizdən böyük məbləğdə pul tələb edib. Belə görünür ki, Robert Köçəryan hətta ölkədəki yeni situasiya şəraitində də öz hərəkətlərinin stilini dəyişməyib. Ölkənin ikinci prezidentinə elə gəlir ki, əvvəlki dövrdəki tək o, öz qanlı fəaliyyətinin izlərini silmək məqsədilə KİV-i susmağa məcbur eləmək olar. Alınmayacaq. Yeni situasiyanı general Manvel Qriqoryan da adekvat qiymətləndirmədi. Artıq onun qəmli sonluğu bəllidir (həbsə salınıb – red.)”.

    Müəllif daha sonra ironik şəkildə yazıb ki, Robert Köçəryan eyni məntiqlə Ermənistanın bütün vətəndaşlarını məhkəməyə verə bilər: “Halbuki hamı arqumentli şəkildə hesab edir ki, məhz o, 2008-ci il martın 1-də Ermənistan vətəndaşlarını güllələmək əmri verib. Xüsusi Təhqiqat Xidmətində 1 mart işi ilə bağlı artıq yeni təhqiqata start verilib və çox tezliklə Robert Köçəryan müttəhimlər kürsüsündə oturacaq. Onun panik ovqatının səbəbi də elə budur”.

    Xocalı hərbi canisi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsində də suçlu bilinir (həmin terror aktı zamanı parlamentin spikeri Karen Dəmirçyan və baş nazir Vazgen Sərkisyan da daxil, 8 nəfər öldürülüb): “Biz yazmışdıq, yenı təkrar edirik ki, Köçəryan 27 oktyabr cinayətinin daxili təşəbbüsçüsü olub. Ona görə ki, yalnız Vazgen Sərkisyan və Karen Dəmirçyanın meyitləri üzərindən o, hakimiyyəti öz əlində toplaya və kriminal oliqarxiyanın soyğunçuluğu hesabına dollar ifadəsində milyarder ola bilərdi. Yeri gəlmişkən, 90-cı illərin əvvəllərində Robert Köçəryan Qarabağda da məhz qan üzərində üstün mövqe qazanıb – nə vaxt ki, “arsax ali sovetinin” sədri Artur Mkrtçyan müəmmalı şəkildə öldürülmüşdü. Bütövlükdə Köçəryanın prezidentliyinin 10 illiyi qətllər, terror aktları, soyğunçuluqlarla doludur. Onun hakimiyyəti 1 mart və 27 oktyabr cinayətləri ilə assosiasiya olunur. Qalır ilk olaraq onlardan hansı biri ilə bağlı Köçəryana ittiham irəli sürüləcəyi. Biz isə Robert Köçəryanın törətdiyi bütün cinayətlərdən bənd-bənd yazmağa davam edəcəyik. Heç bir cinayət cəzasız qalmayacaq”.

    *****

    Əlbəttə ki, Köçəryanın üçüncü, qat-qat böyük cinayəti onun Xocalı soyqırımının təşkilatçısı və icraçılarından biri olmasıdır. Azərbaycan xalqı da inanır ki, heç bir cinayət cəzasız qalmayacaq və körpə qatilləri Robert Köçəryan, Serj Sərksiyan, Seyran Ohanyan, Akop Movseyan gec-tez layiqli cəzalarını alacaqlar. Hələlik öz vətənlərində başqa cinayət əməllərində ittiham olunsalar da. Biz ilahi ədalətin gec-tez zəfər çalacağına şübhə eləmirik. Belə görünür ki, hələlik ilk olaraq Xocalı cəlladı Köçəryan üçün türmə qapıları görünməkdədir…

    Sonda yalnız bunu əlavə edək ki, başqa millətdən olan körpələrə aman tanımayan cani(lər) öz millətinə qarşı da rəhmli ola bilməz – necə ki, Köçəryan və Sərkisyan bunu artıq iki dəfə sübut ediblər – 27 oktyabr 1999 və 1 mart 2008-ci ildə…/musavat.com/