Xəzər dənizi içməli su mənbəyi kimi istifadə edilə bilər

    12

    Nazirlik rəsmisi təmizlənmə prosesinin ucuz başa gəldiyni söyləyir

    Hazırda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra təmiz içməli su kimi istifadə edilir.

    Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

    Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər: "Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var".

    Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.

    Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir:

    "Xəzər dənizindən götürülmüş su duzsuzlaşdırılır, suvarma suyunun keyfiyyətinə, standartlarına uyğun olaraq təmizlənir. Onun az bir hissəsi isə ofisdə çalışan işçilərin içməli suya olan tələbatını ödəmək üçün təmiz içməli suyun keyfiyyətinə, standartlarına uyğun təmizlənir və daha sonra içməli su kimi istifadə edilir. Suvarma üçün olan su müəyyən bir hədd daxilində təmizlənir, içmək üçün olan su isə daha dərindən təmizlənir. Hazırda Xəzər dənizinin suyundan içməli su kimi dar bir çərçivədə istifadə edilir".

    Nazirlik rəsmisi Xəzər dənizindən götürülmüş suyun içməli suya çevrilməsi xərclərini dəqiq açıqlaya bilməsə də, bu prosesin ucuz başa gəldiyni söyləyib:

    "Bunu deyə bilərəm ki, bu, çox qənaətli yolla su alınma üsuludur. Biz layihəni pilot olaraq icra etdik və gələcək üçün hazırıq. Gələcəkdə hər hansı yerdə su çatışmazlığı ilə bağlı problem yaranarsa, biz o texnologiyalardan istifadə edərək bütün problemlərimizi tez bir zamanda çevik həll edə biləcəyik. İstənilən yerdə o texnologiyanı tətbiq etməklə həmin ərazini lokal olaraq, su ilə təmin etmək olar".

    R.Səttar-zadə əlavə edib ki, hazırda bu işə sərmayə qoymaq istəyən sahibkarlar yoxdur: "Eyni zamanda, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün özəl duzsuzlaşdırma qurğuları da yoxdur. Hazırda yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) balansında olan duzsuzlaşdırma müəssisəsi var".

    Rasim Səttar-zadə bildirib ki, zavod yeni tikildikdə onun sutkada istehsal gücü 1000 kubmetr idisə, bu yaxınlarda bu göstərici 2000 kubmetrə çatdırılıb.

    Yerüstü su ehtiyatları

    Bəlli olduğu kimi, Azərbaycanda yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Hansı ki, ölkə əhalisinin şirin suya təlabatı daha çox çaylar hesabına təmin olunur. Belə ki, Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.

    Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.

    Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların – Kür və Arazın hövzələri üçün və bütövlükdə Respublikanın ərazisi üzrə qiymətləndirilib.

    Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.

    Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:

    1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)

    2. Araz hövzəsinin çayları (Arazın sol qolları)

    3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.

    Bir sözlə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.

    Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir.

    Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir.

    Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər.

    Yerli çayları

    Azərbaycanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır.

    Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır.

    Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir.

    Göllər

    Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.

    Su anbarları

    Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.

    Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb.

    Hidroloji müşahidələr şəbəkəsi

    Respublikanın su obyektlərində – çaylarda, göllərdə və su anbarlarında Milli Hidrometeorologiya Departamentinin (MHD) stasionar hidroloji müşahidələr şəbəkəsində 93 hidroloji məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır.

    Bütün bu işlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət sularının uçotu və onlardan istifadə” Qərarı və müvafiq Əsasnamə əsasında aparılır.

    Üstəlik, qanuna müvafiq olaraq Azərbaycanın su hövzələri strateji əhəmiyyətli qorunan ərazilər hesab olunur.

    “Hürriyyət”