XEYİRXAHLIĞIN  XEYRİ

66

Əvvələn hörmətli oxucularıma xəbər verim ki, dünya ədəbiyyatında görünməmiş bir əsərlə bu günlərdə tanış olmağa başlayacaqlar. Bu bio-fəlsəfi, bio-tarixi, bio-bioqrafik bir romandır. Yəni Əlisa Nicatın 3 milyard 500 milyon illik bioloji macəraları. Romanın adı belədir: “Həyatın tarixi və ya hüceyrələrim”. Bu yer üzündə ilk hüceyrənin əmələ gəldiyi gündən bu günə kimi başına gələnlərin elmi-fəlsəfi-bioloji tarixi olacaq. Əlbəttə əsəri oxumağın özü belə böyük hazırlıq və səviyyə tələb edir.

Bu öz yerində. İndi keçək bu ani və fani ömrümüzün və dövrümüzün məsələlərinə. Birinin milyardları var, o birinin milyonları, üçüncünün isə 200 min dolları. Bunların fərqi nədir? Hər üçü ən yaxşı şeylərlə qidalana, ən gözəl qadınlarla yeyib-içib əylənə, ən gözəl maşınlarda  gəzə biləcəklər. Milyarderlə iki yüz min dollar sahibi arasında heç bir fərq olmayacaq. Çünki o  də nə istədiyini yeyə biləcək, bu da. O da ən yaxşı maşında gəzə biləcək bu da. Başqa nə ola bilər? Yalnız fərq onda ola bilər ki, milyarder və milyoner qanunları poza bilər və hətta xoşuna gəlməyən adamları öldürə və ya öldürtdürə bilər. Elə bu cür adamların həyatı da bu cür işlərdə keçir. Milyard və milyonların sahibləri harda yaşayırsa-yaşasın, istədiyi şər əməllərdən çıxa bilir, bəzi ölkələrdə məsələ gizli qalır, bəzi ölkələrdə isə açıq-aşkar edilir.

Mən uzaqdan da olsa Putin kimi həm son yüz ildə yaşamış həm də bu gün yaşayan nə qədər hakimiyyət sahibi tanıyıram ki, hakimiyyəti olmayan, sərvəti də ondan min dəfə az olan adamlardan yalnız bununla fərqlənirlər. Halbuki belələri nə qədər ədalətli və xeyirxah işlər görə bilərlər ki adları yaxşı mənada dillərdə, heykəlləri isə ürəklərdə yaşaya bilər.

Və nəhayət xeyirxahlığın xeyri və ləzzəti.  Məsələn, tutaq ki, Stalin, Səddam Hüseyn və ya bizə daha yaxın olan Məhəmməd Rza Pəhləvi və onu əvəz edən indiki ayətollalar dağ döşü ilə at belində və ya maşınla gedərkən qışın soyuq və gur sulu bir arxda boğulmaqda olan iti görsün. Onların hansı birisə  maşını saxlatdırıb,  itin köməyinə gedib, əlini uzadıb onu sudan çıxarıb, sonra hətta pencəyini onun üstünə atarmı? Əlbəttə, heç biri bunu etməz. Heç dönüb heyvana baxmazlar da. Və yanındakılar bunu görsələr də bu barədə ona xəbər verməyə belə, cəsarət etməzlər. Çünki belələri üçün nəinki itin varlığı, hətta insan həyatı belə heç nədir. Çünki belələri bütün dünyaya  xidmət vasitəsi kimi baxır. Halbuki mən Kanadada lentə alınmış o səhnəni gözümlə görmüşəm. Prezident olmasa da, hardansa qayıdan  ən yüksək vəzifəli  bir adam və onun ətrafındakılar təsvir etdiyimiz səhnəni görüb cəld maşınlarını saxlayıb heyvanın köməyinə gəlib onu sudan çıxarır, hətta həmin yüksək vəzifəli itin soyuqdan titrədiyini görüb pencəyini onun üstünə atır. Görəsən bizdə beləsi mümkünmü?

Canlılar – heyvanlar, insanlar milyon illərdir ki yür üzündə mövcuddurlar. Və çox təəccüblüdür ki, təbiətdə heç bir xəbis məxluqa başqasına zülmdən feyz alan heyvana rast gələ bilməzsən. Onlar şərin nə olduğunu bilmirlər. Təsəvvür edin ki, lap bu günlərdə internetdə belə bir hadisəyə rast gəldim. Hardasa meşədə bir adam canavarın onu görüb qaçmadığını, əksinə ona tərəf baxdığını görür. Həmin adam buna təəccüb edir və yaxnlaşmağı qərara alır. Yaxınlaşanda görür ki, canavar tələyə düşüb, ayağı sıxılıb az qala sınır. O canavarı tələdən çıxarır, amma yeriyə bilmədiyini görüb evinə gətirir. Heyvan heç bir səs-səmir çıxarmır. Heç minnətdarlıq əlaməti belə göstərmir də. Ümumiyyətlə heyvanlarda nifrət kimi minnətdarlıq da yoxdur. Kişi zootexnik çağırır və o canavarın zədələnmiş ayağına dərman sürtüb bağlayır və heyvan bir neçə gün qalandan sonra yenə səssiz-səmirsiz “təşəkkür”  belə eləmədən çıxıb gedir.  Və bir müddət sonra yenə həmin adam meşədən keçərkən bir sürü canavara rast gəlir.  Və onlar  kişini görüb əvvəlcə aqressiya göstərirlər. Amma sonra birdən-birə dayanıb dəstə ilə çıxıb gedirlər. Və kişi dəstə içində həmin canavarı görüb tanıyır.

Doğrudan da təsirli səhnə idi. Necə ki, başqa bir misal: Qədim Romada deyəsən imperator Hadrianın zamanında bir adam səhrada gedərkən cavan bir aslanın uzanıb tərpənməz dayandığını görür. Vəziyyətlə maraqlanan həmin adam yaxınlaşıb görür ki, şirin ayağına möhkəm bir tikan batıb və o tərpənə bilmir. Cavan oturur şirin ayağını qucağına alıb yavaş-yavaş tikanı çıkib çıxarır və şir durub axsaya-axsaya, cavan adam da öz işinə gedir. Bir neçə il sonra həmin adamı da tutub qul kimi imperatora satırlar. İmperator da bu qollu-budaqlı cavanı qladiator edir. Yenə tamaşaların birində həmin adam səhnədə şirlə ölüm-dirim döyüşünə çıxır. Və birdən-birə cavanın üstünə atılmaq istəyən şir dayanıb ona sığınır. Və cavan həmin ayağından tikan çıxartdığı şiri tanıyır. İmperatorla bərabər bütün amfiteatrı dolduran yüzlərlə adam bu hadisəyə mat-məəttəl qalırlar. Sonra biləndə ki, cavanla vuruşan şir vaxtilə onun ayağından tikan çıxartdığı şir imiş, hamı ayağa qalxıb  qul ilə şiri  alqışlayır və imperator da hər ikisini azad edir.

Hökmdar olanda da, şah olanda da, kral olanda da, prezident olanda da insan belə olar. Şər nadir hallarda xeyirlə qurtarır. Eləcə xeyirxahlıq da nadir hallarda xeyirxahlıqla bitmir.

Mən moralist deyiləm və insanların da pərəstişkarı, mübəlliği olmaqdan çox-çox uzağam. Amma onu bilirəm ki, son nəticədə xeyirxahlıq xeyir gətirir, nəinki əksinə.

Əlisa NİCAT