Xatirələr dəftərindən səhifələr

    18

    İllər keçdikcə və insan uşaqlıq və gənclik dövründən uzaqlaşdıqca xatirələr beynin alt qatlarına köçüb, çox vaxt yuxularda və müxtəlif sujetlərdə dönə-dönə təkrar olunur. Xüsusən qocalıq illərində daha intensiv olub demək olar ki, adama hər gecə bəzən şirin, bəzən də əzablı xatirələr bəxş edir.

    Əlbəttə, bütün bunlar əsasən hissiyatlı və yüksək intelekt sahibi olanların həyatında baş verir. İnsan ömrü boyu bu xatirələrdən qopa bilmir.

    Mən də demək olar ki, hər gecə bu cür həyəcanlı xatirələrlə dolu yuxular görürəm.

    Mənim on üç, on dörd yaşından ta otuz, otuz beş yaşına kimi həyatımın iki tələbi, iki məşğuliyyəti, iki ehtirası olub: sevgi və kitablar. Xüsusən Bakıya köçüb universitetin tələbəsi olduğum və eləcə də sonrakı illər bu mənada beynimin əsas xəzinəsi olaraq qalır.

    Tələbəsi olduğum və o vaxt indiki İqtisad universitetinin binasında yerləşən binanın ətraf rayonları və bulvar həmin dövrlər üçün əsas məskənim idi. Elə həmin illər də həyatımın ən xoşbəxt və ən kədərli, mənəviyyat cəhətdən çətin keçən illərini təşkil edir. Qiyabi oxuduğuma görə vaxtım bol idi. Amma işsiz və kirayədə yaşayan, arabir şeirləri çap olunan və yenicə bitirdiyi “Qızılbaşlar” romanını heç cür çap etdirə bilməyən gənc Əlisa Nicat. Elə həmin illərdə də həyatım 1959-1961-ci illər arasında iki böyük sevgim və gözəllər gözəli olan iki sevgilimin olması ilə keçmişimin bütün sərvətini təşkil edir. Yaxından tanış olduğum hətta biri ilə bir neçə ay görüşdüyümüz həmin qızlarla sevgi tariximiz baş tutmayıb, yarıda qırıldı. Səbəb isə o idi ki, işsiz və evsiz idim. Qızlar isə nişanlanmaq və az sonra da evlənməyimizi istəyirdilər. Mən isə təkrar edirəm işsiz və evsiz idim. Amma həmin qızlar bugün hələ sağdılarsa, həyatımda necə dərin izlər buraxdıqlarını yəqin ki, bilmir və çoxdan unudublar. Amma mənim inadkar beynim isə heç cür unuda bilmir.

    O dövrün yəni 1957-1975-ci illərdə iki ən yaxşı dostum var idi ki, demək olar ki, hər gün görüşürdük. Əlbəttə hər adam özünə uyğun, özünə yaxın, özünə bərabər olanlarla dost olur. O dövrün ən parlaq şairlərindən biri olan Vaqif Nəsib və dərin intelekt və zəka sahibi Beytulla Şahsoylu … biz demək olar ki, hər gün görüşər, bir yerdə nahar edər, çay içər, bulvarda və Tarqovidə gəzər, sevinc və kədərlərimizi, eləcə də sevgi və arzularımızı bölüşərdik. Və bu iki qeyri-adi istedad, zəka və şəxsiyyət sahibləri mənim tüğyan edən arzu, sevgi və yaradıcılıq nümunələrimin şahidləri və təqdirediciləri idilər. Amma etiraf edək ki, mən onlardan daha artıq oxumaq həvəskarı idim. Doğrudur, Beytulla da çox oxuyardı və hətta mənə tanış olmadığım dahilər haqqında ilk dəfə məlumat da verərdi. Məsələn Montenlə bu cür tanış olmuşdum. Mənim onlardan fərqim onda idi ki, öyrəndiklərimi, bəyəndiklərimi, vurğun olduğum dahilərin əsərlərini əldə etməyə, özümdə olmağına nail olmayınca rahatlıq tapa bilmirdim. Xüsusilə sevgilərimin baş tutmamasından sonra tamamilə həyatımı fəlsəfə, tarix və ədəbiyyata həsr etmişdim. Orada itirdiklərimin üstünü bunlarla örtürdüm.

    Böyük qardaşımın köməyi ilə həm yaşayır, həm kitab toplayır, həm də gecə-gündüz oxuyurdum (yeri gəlmişkən qeyd edim ki, sonralar çətin maddi günlərimiz də iki dəfə kitabxanamı satmalı oldum).

    Qayıdaq yenə 1960-cı illərə. Gərək ki, 1963-cü ildə mən Lənkəranda ikən Vaqif Nəsibdən məktub aldım. O, mənə həsr etdiyi iki şeirini göndərmişdi. Onların biri artıq dönə-dönə çap olunub və bu yaxınlarda rast gəldiyim ikincisi isə hələ əlyazma olaraq qalır. Bu vərəq saralıb ortadan cırılsa da sətirlər çox aydın oxunur və mənim üçün çox əzizdir. Çünki həmin tufanlı günlərin çox realist əks-sədasıdır. Bu şeir oda deyil, orada tərif yoxdur və demək olar ki, çox amansız bir ruhda yazılıb. Amma mənim 25-26 yaşlı dövrümdə necə bir şəraitdə yaşadığımı, necə bir daxili həyəcanlar, fırtınalar içində olduğumu əks etdirir. Həmin şeir budur:

    ƏLİSA NİCATA

    Əlindən gəlmir,

    Daşlardan insan yonmaq,

    X üstə Y gəlmək,

    Ulduzdan ulduza qonmaq,

    Alim,

    Şair,

    Fəhlə

    Kimi səs sala bilmirsən.

    Həyatda hər cür çətinliklə

    Reaksiyaya girirsən,

    Özünü ala bilmirsən.

    Elə hey

    Bir az səbri,

    Bir az bəxti

    Kirayə götürmək istəyirsən.

    Elə hey

    Sevdiyin bir günəşciyə

    Günəşi gətirmək istəyirsən.

    Heç nə bacarmırsan, –

    Yer əkmək,

    Maşın və ya

    Ömür sürmək,

    Durna olmaq

    Zamanla bağlanıb,

    Dəyişməmək,

    Sabit qalmaq,

    Gedə bilmirsən axıradək,

    Bir əməlin boyunca,

    Təkcə sevmək gəlir əlindən

     Sevirsən doyunca,

    Doyunca, doyunca.

    Əlisa  NİCAT