“Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf və rahat formada olacaq” – Vüsal Hüseynov

    15

    “Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır”.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

    Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq. V. Hüseynovun sözlərinə görə, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: “Bu məsələlər hamısı işçi qaydada şurada müzakirə olunacaq”.

    O bildirib ki, iş icazəsi alınması üçün sənədlərin verilməsindən, yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.

    Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarına da toxunub. V.Hüseynov vurğulayıb ki, bu kvotaların müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.

    Xidmət rəsisi bildirib ki, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsını asanlaşdırmaq üçün həmçinin elektron tətbiq üzərində iş qurur.