“Xaricilər yaxşı bilir ki, qarşısındakıların xalqdan qaynaqlanan legitimliyi yoxdur”

72

Şahin Cəfərli: “Bizim parlament nümayəndə heyəti xalqdan mandat almayıb və arxasında xalqın gücünü, milli iradəni hiss etmir”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə parlament nümayəndə heyətimiz iki dəfə ayağa durur. İnsafən, qeyd edək ki, birincidə Lavrov başqa alternativ buraxmır. Bizimkiləri otaqda gözlədir, görüşə gecikir (bu, Rusiya rəhbərliyinin davranış normasına çevrilib), o sırada Azərbaycan nümayəndə heyəti oturur. Lavrov otağa daxil olanda isə əvvəlcə salamlaşmaq üçün gəlib dayanır onların başının üstündə, onlar da ayağa qalxmağa məcbur olurlar”. “Hürriyyət” bildirir ki, bu fikirlərin müəllifi siyasi şərhçi Şahin Cəfərlidir.

O qeyd edib ki, ikinci ayağadurma halı isə təqdimat zamanı baş verir: “Sahibə Qafarova heyət üzvlərini təqdim edərkən Zabelin istisna olmaqla, adları çəkilənlər ayağa qalxır, bu zaman xəfif başəymə də olur, deputatlarımızdan biri – Nizami Səfərov isə üstəlik, Lavrovun qarşısında pencəyinin düyməsini ilikləməyə ehtiyac duyur. Xoş mənzərə deyil. Diplomatiya qaydalarına tam bələd olduğumu söyləmirəm, amma mən bilən, texniki detallar görüşlərdən əvvəl tərəflər arasında razılaşdırılır, nümayəndə heyəti üzvləri isə əcnəbi tərəf-müqabillərlə görüşdə necə davranmaq lazım olduğuna dair əvvəlcədən protokol xidməti tərəfindən təlimatlandırılır. Məsələnin başqa bir tərəfi də budur ki, bizim parlament nümayəndə heyəti xalqdan mandat almayıb və arxasında xalqın gücünü, milli iradəni hiss etmir. Xaricilər də çox yaxşı bilir ki, qarşısındakıların xalqdan qaynaqlanan legitimliyi yoxdur”.

Valeh TÜRKSOY