“Xaricdəki azərbaycanlılar sosial şəbəkədə olduqca dəyərli iş görürlər” – İLQAR MƏMMƏDOV

54

“Azərbaycan daxilindəki ayrı-ayrı ictimai, siyasi təşəbbüslərə maddi və digər praktiki dəstək də onların gördüyü faydalı işlər sırasındadır”

“Xaricə həmişəlik köçmüş, ya da orada müvəqqəti yaşayan azərbaycanlılar sosial şəbəkədə olduqca dəyərli iş görürlər. Ölkə daxilində ifadəsi çox adam üçün çətin olan fikirləri irəli sürüb yaymaqla onlar sərbəstliyi ilə fərqlənən müzakirələrin alovunu yanar saxlayır, siyasi dilimizin inkişafına mühüm töfhə verirlər”. Hurriyyet.org xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

REAL sədri bu qənaətdədir ki, Azərbaycan daxilindəki ayrı-ayrı ictimai, siyasi təşəbbüslərə maddi və digər praktiki dəstək də onların gördüyü faydalı işlər sırasındadır: “Xaricdəki bu fəallığın davamını və gücləndirilməsini çox istəyirik. Bununla belə, həmin səsləri eşidəndə Azərbaycan auditoriyası onların ölkə daxilindən deyil, xaricindən gəldiyinin dərindən fərqində olmalıdır. Fərq o səslərin önəmini, ya da keyfiyyətini azaltmır. Sadəcə, səsin haradan gəldiyini vətəndaşımız hesablamayanda ölkədəki siyasi gerçəklik haqqında onun təsəvvürü “təhrif olunmuş reallıq” şəkilini alır. Tədricən bu təhrif olunmuş reallıq vətəndaşda heç bir əsası olmayan gözləntilər yaradır. Vətəndaş özü siyasətcil olmaq kimi təbii vərdişini itirir. Vətəndaşın siyasi təşkilatlardan gözləntisinin reallıqla əlaqəsi zəifləyir. Belə vətəndaşlardan az qala barmaqla sayılacaq qədəri əmələ keçib inqilabçı olur. Əksər hissəsi isə kəskin siyasi dəyişikliklər haqqında söhbətlərin adi istehlakçısına çevrilir, yəni deyir ki, sosial şəbəkədə xəyallar qurulsun, mən onları canlı yayımda seyr edib xoşallanım”.

İlqar Məmmədov qeyd edib ki, təhrif olunmuş reallıq siyasətə yad davranış modellərini ortaya qoyan amillərdən ancaq biridir, amma çox təsirlisidir: “Bu halın mövcudluğu xaricdə faydalı ictimai-siyasi işlə məşğul olanların səslərini “şəraitə uyğunlaşdırmalıdır”mı? Buna cavabım hələ yoxdur, çünki diaspora fəalları öz siyasi şərhlərinin sərbəstliyini azaltsalar, onların işinin dəyəri azala bilər. Digər tərəfdən, təhrif olunmuş reallıq problemi kəskinləşir və necəsə həll olunmalıdır. Bəlkə, hələlik vətəndaşları sadəcə dəvət edək ki, eşitdikləri fikirləri daim siyasi coğrafiya süzgəcindən keçirsinlər? Əgər ölkə siyasətini həqiqi yerli əsaslarla demokratiyaya doğru aparmaq istəyiriksə, təhrif olunmuş reallıq probleminə çözüm tapılmalıdır. Fikrin sərbəst uçuşu və yerdəki gerçəklik arasında rabitəsizliyin vaxtaşırı yaratdığı ictimai fikir dalğalarının sahil qayalarına çırpılaraq köpüklənməsi mənzərəsi ölkənin siyasi keçmişində qalmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org