Xaricdən Azərbaycana pul köçürmələri azalıb – iqtisadçı ekspert durumu şərh edir

153

Pandemiya xaricdən ölkəyə daxil olan pul baratlarının həcminə də öz təsirini göstərib. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin yanvar-iyun ayarında Azərbaycana daxil olan pul baratları 372 mln. dollar olub. Bu isə  ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% azdır.

Qeyd edək ki, 2019-cu ilin ilk 6 ayında ölkəyə daxil olan pul baratları 495,4 mln.  dollar təşkil edib. Azərbaycana pul baratlarının xaricdən, əsasən də Rusiyada işləyən azərbaycanlılar tərəfindən göndərildiyini nəzərə alsaq, görünən odur ki, qonşu ölkələrdə də karantin rejiminin tətbiq olunması nəticəsində fəaliyyət sahələrinin dayanması həmyerlilərimizin gəlirlərinə də mənfi təsir edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, səbəb Rusiyadan göndərilən vəsaitlərin kəskin azalmasıdır: “Təkcə Rusiyanın adını çəkmək doğru olmaz. Son zamanlar Ukraynadan, Türkiyədən və başqa ölkələrdən də həmyerlilərimiz azərbaycanlı ailələrinə pul köçürmələrini banklar vasitəsilə həyata keçirirdilər. Bundan əlavə, cibdən-cibə, yəni bank sistemindən yan keçməklə və rəsmi dövriyyəyə daxil olmayan pul gətirmələr var idi. Ancaq son zamanlar obyektiv səbəblərə görə bu da mümkün olmadı. Çünki sərhədlər bağlıdır. Pandemiya ilə əlaqədar kifayət qədər ciddi problemlər var. Rusiyada da eyni qaydada 2 aya yaxın sərt karantin rejimi elan olunduğundan, ictimai-iaşə və qeyri-ərzaq ticarət mərkəzləri bağlı qaldığından, orada çalışan azərbaycanlıların gəlirlərində də ciddi azalmalar müşahidə olunur. Onların ölkəyə pul göndərməsi mümkün olmadığından banklar vasitəsilə Azərbaycana göndərilən pul baratlarının da həcmində azalmalar  var”.

 

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

İqtisadçının sözlərinə görə, bu, ötən illərə nisbətən daha real rəqəmdir: “Çünki öncəki illərdə sərhədlər açıq olduğundan insanlar bank sistemindən daha az istifadə edirdilər. İndi sərhədlərin bağlı olması banklar vasitəsilə köçürmələrin həcmini artırıb. Hətta buna baxmayaraq 25 faiz azalma müşahidə olunursa, bu, o deməkdir ki, xaricdən  göndərilən və Azərbaycanda olan ailələrə, əsasən də bölgələrdə yaşayan ailələrə çatan, onların yaşam şəraitinə ciddi şəkildə müsbət təsir edən pul köçürmələrində azalma var”.

N.Cəfərli vurğuladı ki, xaricdən köçürmələrin həcmində azalma bu ilin sonuna qədər də davam edəcək: “Rusiya və Türkiyədə iqtisadiyyatın canlanması baş versə də, hələ indiki dövrdə ticarət dövriyyəsi ötən ilin sonu və bu ilin əvvəlində olduğu səviyyəyə çatmayıb. Bir müddət lazım olacaq ki, qazanclar qalxsın və ticarət dövriyyəsi öncəki səviyyəyə çatsın. Gələn ilin əvvəlinə qədər bu prosesin baş verməsi ən yaxşı ssenariyə görə hesablana bilər. Çox güman ki, hazırkı vəziyyət bu ilin sonuna kimi qonşu ölkələrdə davam edəcək və dolayısı ilə pul köçürmələrinin həcmi də az olacaq”.

Cəfərli onu da diqqətə çatdırdı ki, bu durum regionlarda yaşayan əhalinin maddi vəziyyətinə mənfi təsir edən amilə çevrilib: “Çünki xaricdən gələn pul həm ölkənin ticarət dövriyyəsində mühüm rol oynayırdı, həm də regionlarda yaşayan əhalinin maddi vəziyyətində müsbət dinamika yaradırdı”.

Nərgiz LİFTİYEVA,

“Yeni Müsavat”