Xankəndində hələ də separatçı rejimin bayrağı dalğalanırsa…

252

Politoloq Qabil Hüseynli: “Bu ərazilərimizdə indiyinə qədər etdiyimiz yollarla Azərbaycanın suverenliyinə keçirilməsinə baş vurula bilər”

Deputat Fəzail Ağamalı: “Ermənilərin çirkin məqsədləri heç vaxt reallaşa bilməyəcək”

“Müvəqqəti keçid dövrü var. Bu keçid dövrünə uyğun olaraq, onlar bayraqları müxtəlif yerlərdə asa da bilər. Özlərinin varlığını qorumağa çalışa bilərlər. Buna çalışsalar da heç bir nəticəsi yoxdur və olmayacaqdır”

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Azərbaycan Respublikasının 28 ildən çoxdur Ermənistan işğalı altında qalan “İvanyan” adlandırılmış  Xocalı şəhərindəki bir məktəbin bərpasına başlayıb. Eyni zamanda, Xankəndinə qayıdan ermənilər məktəblərində qondarma bayraqlarıyla yanaşı, Rusiya bayrağını da dalğalandırır.

Görəsən, düşmən Azərbaycan torpağına “sülhməramlı” adı ilə qədəm basmış Rusiya dövlətinin bayrağını dalğalandırmaqda hansı hiyləgər məqsədləri güdə bilər?

Mövzuyla bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliylə danışdıq. Politoloq “Hürriyyət”ə açıqlamasında Xankəndində nə qondarma “respublika”nın bayrağına, nə də Rusiyanın bayrağına ehtiyac olmadığını, bunun sadəcə ermənilərin etdikləri növbəti qondarma addım olduğunu bildirib:

“Xankəndində nə qondarma “respublika”nın bayrağına, nə də Rusiyanın bayrağına ehtiyac yoxdur. Ermənilərin etdikləri sadəcə qondarma addımdır. Həmin ərazilər Azərbaycanın inzibati vahidlərindən biridir. “Dağlıq Qarabağ” sözü artıq yoxdur. Orda dalğalanmalı olan yeganə bayraq Azərbaycan bayrağıdır. Bununla bağlı da ölkənin siyasi rəhbərliyi  diplomatik danışıqlarını davam etdirir.

Bəyanatda adı çəkilməyən ərazilərimizin taleyi də Laçının azad olunmasından sonra məlum olacaq. Yerdə qalan ərazilər də mərhələli şəkildə Azərbaycanın suverenliyi altına keçəcək. Bu, ilk vaxtlarda siyasi yollarla həll edilməyə çalışılacaq, əgər lazım olarsa, bu ərazilərimizdə indiyinə qədər etdiyimiz yollarla Azərbaycanın suverenliyinə keçirilməsinə baş vurula bilər”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında bildirdi ki, Xankəndində Rusiya bayrağının asılması düşmən hiyləgərliyinin ifadəsidir. Deputat ermənilərin sadəcə öz varlığını qorumağa çalışdıqlarını, bunun isə heç bir nəticəsinin olmadığını deyib.

Bəs, rəsmi Moskva bununla Dağlıq Qarabağda ikinci Abxaziya problemi yaradır? Sualımızı cavablandıran F.Ağamlı bildirdi: “Bunun olacağını güman etmirəm. Abxaziya və Osetiyada durum tamam fərqli idi. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad edib və burda Azərbaycan ordusunun qələbəsi var. Xüsusi olaraq da, ən ciddi önəm daşıyan yüksəkliklər Azərbaycan əsgərlərinin ixtiyarındadır. Ermənilərin çirkin məqsədləri heç vaxt reallaşa bilməyəcək. Bütün bunları nəzərə alaraq, ölkə Prezidenti bəyanatda keçən şərtləri reallaşdırıb. Müvəqqəti keçid dövrü var. Bu keçid dövrünə uyğun olaraq, onlar bayraqları müxtəlif yerlərdə asa da bilər. Özlərinin varlığını qorumağa çalışa bilərlər. Buna çalışsalar da heç bir nəticəsi yoxdur və olmayacaqdır.

Rusiya bayrağının asılmasına gəldik də isə, bu, düşmən hiyləgərliyinin ifadəsidir. Unutmaq olmaz ki, rus qoşunları sülhməramlı kimi gəlib. Bunu yaddan çıxartmayaq. Eyni zamanda, imzalanmış bəyanatda göstərilir ki, beş ildən sonra tərəflərdən biri sülhməramlıların getməsini istəməzsə, zaman uzadıla bilər. Belə məsələləri nəzərə almaq lazımdır. Düşünürəm ki, ciddi narahatlıq üçün də əsas yoxdur. Çünki bütün proseslər Azərbaycan hökümətinin tam nəzarəti altındadır. Bu prosesdə də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası əsas götürülür. Laçın tam azad olunandan sonra, digər ərazilərimiz də Azərbaycanın ərazi bütövlüyü və inzibati quruluşu çərçivəsində öz həllini tapacaqdır. Burda heç bir statusdan söhbət gedə bilməz. Sadəcə, təmkinli olmalıyıq.  İndi olduğu kimi, bundan sonra da ölkə başçımızın yanında olmalıyıq. Xalqımızın birliyinə və həmrəyliyinə xidmət edən fəaliyyətimizi ortaya qoyaq və hər şey gözlədiyimizdən də yaxşı olacaq”.

YƏHYA