Xankəndində erməni uşaqlar Putin ilə Şoyqunun şəkillərini qaldıraraq məktəbə getdilər

552

Rusiya hərbçisi erməni məktəblilərə: “Nə qədər ki, Rusiya sülhməramlıları sizinlədir, həmişə uğur qazanacaqsınız”

Pandemiya dövründə Azərbaycan ərazisində əyani təhsil?

Hurriyyet.org xəbər verir ki, Rusiya sülhməramlarının nəzarəti altında erməni əhalinin yaşadığı Xankəndində məktəblərin birində əyani təhsil bərpa edilib.

Məktəblərdə dərslərin bərpa edilməsi bu gün təntənəli mərasimlə qeyd edilib. Bəzi uşaqlar Rusiya Prezidenti Vladimir Putin ilə Müdafiə naziri Sergey Şoyqunun portretlərini əllərində qaldıraraq gəliblər.

Şəhər bələdiyyəsinin nümayəndələri jurnalistlərə bildiriblər: “Bu gün Stepanakertdə (Xankəndi – red.) artıq ilk məktəbdə təhsil prosesi bərpa edilir. Sonra başqaları da açılacaqdır”.

Təntənəli tədbirdə 300 nəfərə qədər uşaq iştirak edib. Onların əksəriyyətinin əllərində şarlar, qondarma DQR-in və Rusiyanın bayraqları olub. Tədbirdə Rusiya sülhməramlıları da iştirak ediblər.

Sülhməramlıların komandanlığının başçısı mərasimdə iştirak edərkən deyib: “Bu, ilk məktəbdir. Bizim planlarımız böyükdür, şəhərin bütün məktəblərinin açılışına kömək edəcəyik ki, bütün uşaqlar parta arxasında otura bilsinlər. Bizim arzumuz-istəyimiz budur ki, bu əzabkeş torpaqda müharibə olmasın. Ona görə də, sizə təhsildə uğurlar olsun, nə qədər ki, Rusiyanın sülhməramlıları sizinlədir, həmişə uğur qazanacaqsınız”.