Xankəndi aeroportunun açılması – hava limanına nəzarət kimdə olacaq?

297

Ekspertlər deyir ki, Xankəndi aeroportu hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa, ciddi problemlər yarana bilər

Qarabağdakı hava limanlarının, xüsusən də Xankəndi hava limanının Azərbaycanın hava limanı kimi ICAO reyestrinə daxil edilməsi ilə bağlı məlumat iki gündür ki, mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, AZAL-ın prezidenti Cahangir Əsgərov noyabrın 25-də verdiyi açıqlamada deyib ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da daxil olacağı əlamətdar bir haldır: “ Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Bir çox ekspertlər, o cümlədən tanınmış iqtisadçı alim Qubad İbadoğlu bu məsələ ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Xankəndi hava limanına beynəlxalq aerport statusu verilməsi o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda istənilən xarici ölkədən birbaşa qonaq turist, yük və poçt qəbul edə biləcəklər.

Mövzu ilə bağlı açıqlama verən AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski teleqraf.com-a bildirib ki, Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq, Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb.

Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”.

Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”.

Azərbaycanda internetin perspektivləri (Osman Gündüz) - ARB 24 (Gündəm) -  YouTube

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Xankəndi hava limanının fəaliyyətə başlaması ilə bağlı vacib  sualları gündəmə gətirib: “Uzun müddət olardı ki, Azərbaycan hökuməti beynəlxalq qurumlara, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransına təsirlər edərək separatçıların bu aeroportdan istifadəsinə imkan vermirdi.  Hətta uçuşlar olarsa təyyarələrin vurulacağı bildirilmişdi. Ona görə də bu hava limanı uzun müddət separatçıların üzünə bağlı qalmışdı.

Lakin açıqlamadan görsənir ki, Xankəndi hava limanına artıq beynəlxalq aeroport statusu veriləcək və fəaliyyətə başlayacaq. Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək?

Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu ağlasığmaz nəticələrə gətirib çıxaracaq.

Fikrimcə, yalnız Azərbaycanın nəzarətində olmaqla, ən pis halda keçid dövrü üçün Türkiyə-Rusiya nəzarəti çərçivəsində Xankəndi hava limanının fəaliyyətinə imkan vermək olar”.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm”  – VİDEO

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Xankəndi bizim əzəli torpağımızdır və onun beynəlxalq reysterdə Azərbaycanın hava limanları şəbəkəsinə daxil olunması normal bir haldır: “Bu normal bir plandır. Başqa necə ola bilər? Xankəndi hava limanı əgər Azərbaycan tərəfinin nəzarətində olacaqsa, bunun üçün işlər görüləcəksə, təqdirəlayiqdir. Orada bizim infrastruktur qurulmalıdır, təhlükəsizlik qaydaları olmalıdır, hava limanına nəzarət Azərbaycan tərəfində olmalıdır. AZAL tərəfindən bu mesajın verilməsi həm də onu ifadə edir ki, Xankəndinin də gələcəkdə Azərbaycanın nəzarətində olması ehtimalı kifayət qədər yüksəkdir. Əlbəttə, müəyyən təhlükələr, çəkinəcəyimiz məqamlar var. Ehtimal var ki, sülhməramlıların təchizat məsələlərinin həllində istifadə ediləcəyi üçün hava limanının açılmasına Rusiya tərəfdən də israrlar var. Ancaq o ehtimallara və israrlara diplomatik dildə cavab vermək lazımdır ki, əgər Rusiya sülhməramlıları və orada yerləşən kontingent havan limanının Azərbaycan orqanlarının nəzarəti altında fəaliyyətinə şərait yaradacaqlarsa, o zaman bu məsələdə heç bir problem yaranmaz”.

N.Cəfərli hesab edir ki, artıq hərbi uğurları diplomatik uğurlara çevirməyə çalışmalı və bu kimi məsələlərdə Azərbaycanın maraqlarının təmin olunmasına nail olmalıyıq: “Rusiya sülhməramlılarının orada yerləşdirilməsindən təkcə ermənilər yox, biz də faydalanmalıyıq. Bu baxımdan Xankəndi hava limanının açılmasında Rusiyanın müəyyən maraqları olsa da, Azərbaycan bu maraqları öz xeyrinə yönəltməyə çalışmalıdır. Xankəndi hava limanının Azərbaycanın ümumi hava limanları sisteminə daxil edilməsi üçün Rusiyanın təhlükəsizlik məsələlərini təmin etməsini tələb etməliyik. Əgər sərhəd-buraxılış məntəqələri, nəzarət məsələləri Azərbaycanın əlində olacaqsa, təbii ki, bu bizim maraqlarımız çərçivəsindədir”.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, əsas məsələ hava  limanında nəzarətin kimdə olacağıdır: “Füzuli, Ağdam və Xankəndi hava limanlarına beynəlxalq aeroport statusu verilməsi bir tərəfdən yaxşı haldır. Ancaq əsas məsələ Xankəndi aeroportuna nəzarət mexanizminin necə qurulmasıdır. Əgər Xankəndi aeroportunda bizim gömrük sistemi, sərhəd qoşunlarımız oturacaqsa, Azərbaycan qanunlarına uyğun idarə olunacaqsa, burada heç bir narahatlıq yoxdur. Yox, əgər hansısa xarici dövlət və ya qurumlar tərəfindən idarə olunacaqsa, o zaman ciddi problemlər yarana bilər. Xankəndi bizim ərazimizdir, müəyyən müddət lazımdır ki, biz orada bütün orqanlarımızın fəaliyyətini bərpa edək. Bu zaman yükdaşımalarla bağlı ciddi problemlər yarana bilər. Əhaliyə lazım olmayan, gələcəkdə istifadə oluna bilən müəyyən mallar daşına bilər. Ona görə də aviasiya şirkətləri ilə əlaqədar Azərbaycan hökuməti müəyyən danışıqlar aparmalıdır. Biz Xankəndinə öz idarəetmə sistemimizi qursaq, bu məsələdə də problem olmayacaq. Xankəndi bizim ərazimizdir, faktiki olaraq heç bir status verilməyib. Cənab Prezident də vurğuladı ki, nə qədər ki, mən prezidentəm, heç bir statusdan söhbət gedə bilməz. Bu cəhətdən bizim üçün əhəmiyyətlidir, biz Xankəndi aeroportundan həm sərnişin daşınmasında, həm də yükdaşımada istifadə edə bilərik. Bir şərtlə ki, nəzarət mexanizmi Azərbaycanın müvafiq strukturlarının əlində olsun”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”