Xamenei İranı savaşa sürükləyir – POLİTOLOQLARDAN AÇIQLAMA

    6

    Qabil Hüseynli: “Bu bəyanat İranın özü üçün bir sıra problemlər yaradacaq”

    Zərdüşt Əlizadə: “Bu bəyanat Amerika və İsrailin planına uyğun addımdır”

    “Geri çəkilməyəcəyik, nüvə proqramı davam etdiriləcək”.

    Bu sözləri dünən İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında İranın ali dini lideri Ayətullah Xamenei deyib.

    A.Xamenei bildirib ki, bəzi Avropa ölkələri İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: “Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək”.

    O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

    Artıq İranın ali dini lideri ölkəsinin təxirə saldığı nüvə proseslərinə yenidən hazırlıqların başladılması və uranın zənginləşdirilməsi üçün təlimat verib.

    Qeyd edək ki, Amerika İranla nüvə razılaşmasını pozandan sonra İrana qarşı iki dəfə sanksiya tətbiq edib. Bir sıra Avropa ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən imtina qərarına etiraz etsələr də, artıq bir sıra Avropa şirkətləri İranla iqtisadi əlaqələri dayandırmağı qərar veriblər. Dünən artıq Fransanın “Peugeot” avtomobil markası ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ilə əlaqədar olaraq bu ölkədəki əməliyyatlarını dayandırdığını elan edib. “Peugeot” və “Citroen” markalarının istehsalçısı olan PSA Group şirkəti İran bazarını tərk edəcəyini, bu ölkədə əməliyyatlarını genişləndirmək planlarını dayandırdığını bildirib.

    Şirkətdən yayılan açıqlamaya görə, “Pegeout” İranın “İran Khodro Co.” və “Saipa” şirkətləri ilə birgə müəssisələrini bağlayacaq. Şirkətin baş direktoru Karlos Tavares bildirib ki, konsern İrandakı əməliyyatlarını dayandırmaqdan ciddi ziyan çəkməyəcək. Çünki İranda konsernin məhsullarının 1 faizdən də az hissəsi satılır.

    Lakin İranın avtomobil sənayesinə ciddi zərbə dəyməsi qaçılmaz olacaq. Çünki İranda avtomobil satışlarının 30 faizdən çoxu “Pegeout” markasının payına düşür. Ötən il İranda bu markadan 440 min avtomobil satılıb.

    Göründüyü kimi, artıq İran iqtisadiyyatı ABŞ-ın sanksiyaları altında zəifləməyə doğru gedəcək ki, bu da İran rəhbərlərini daha da aqressiv bəyanatlar səsləndirməyə vadar edir. Amma bu bəyanatlar İranı daha da ağır duruma sürükləyə bilər. Əslində, elə Amerikanın nüvə sazişindən çıxmaqda məqsədi də budur ki, İranı regional müharibəyə təhrik etsin və bununla İran da İraq, Suriya kimi müharibə ocağına çevrilsin.

    “Bu bəyanat İranın özü üçün bir sıra problemlər yaradacaq”

    İranın ali dini lideri Ayətullah Xameneinin bəyanatı ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, çox uğursuz bəyanatdır: “Bu bəyanat İranın özü üçün bir sıra problemlər yaradacaq. İndiyə qədər Trampın səhv addımlarını pisləyən Avropa ölkələri də artıq çəkinməyə başlayacaqlar. Bu nöqteyi-nəzərdən Ayətullah Xameneinin millitaristləşmə ilə bağlı verdiyi bəyanatını mən İranın maraqlarına uyğun hesab etmirəm. Onsuz da Avropa ölkələri ilə İranın iqtisadi əlaqələrinin zəiflədilməsinə başlanılmışdı və bundan sonra daha sürətlə zəifləmə prosesi gedəcək. Əgər bu cür militarist ritorika davam edərsə, Avropa ölklərinin də İrana qarşı addımlar atması gözlənilən olacaq”.

    “Amerika çalışacaq ki, İran ətrafındakı həlqəyi daha da daraltsın”

    Hüseynli vurğuladı ki, ABŞ Xameneinin bu bəyanatından təbliğatı məqsədlər üçün istifadə edəcək: “Dünya ictimai rəyinə izah edəcək ki, görürsünüz ki, İran dünya üçün təhlükəli ölkələrdən biridir, terrorizmi dəstəkləyir və özünün İslam inqilabı modelini dünyaya hərbi yolla yaymağa çalışır. Bu səbəbdən də Amerikanın əlində əlavə təbliğati amili gücləndirir. Amerika çalışacaq ki, İran ətrafındakı həlqəyi daha da daraltsın, daha çox ölkələri İran sanksiyalarına qoşsun. Ən azından müttəfiqlərini bu işə qoşmağa razı salmağa çalışacaq və yəqin ki, buna nail olacaq”.

    “Xameneinin “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik” fikri təbliğati xarakter daşıyır. Düzdür, İran zəif dövlət deyil və hərbi potensialı da zəif deyil. Amma bu dərəcədə şişirtməyə də ehtiyac yoxdur”,-deyə politoloq qeyd etdi.

    “Xameneinin müharibə ritorikalı bəyanatı regionda müharibəyə gətrib çıxara bilərmi” sualına Q. Hüseynli belə cavab verdi: “Hələ ki, başqa addımların şahidi olacağıq. Amma qorxuram ki, sonda müharibəyə gətirib çıxartsın.

    “Azərbaycan mövcud vəziyyəti dəyərləndirmək məcburiyyəti qarşısında qala bilər”

    “Müharibə olarsa, Azərbyacan mövcud vəziyyətdə hansı durumda qala bilər” sualına gəlincə, politoloq bildirdi ki, hələ ki, hadisələr inkişaf edir: “Bu barədə Azərbaycanın mövqeyi bəllidir. Yəni İranla münasibətləri inkişaf etdirir. Amma başqa şeylər olarsa, daha çətin vəziyyət yarana bilər və Azərbaycan mövcud vəziyyəti dəyərləndirmək məcburiyyəti qarşısında qala bilər”.

    “İran nüvə proqramına yenidən başlamaq yox, sadəcə gözləməliydi…”

    “Karapetyanın baş nazir seçilmək şansı daha çoxdur” - POLİTOLOQ

    Politoloq Zərdüşt Əlizadə isə dedi ki, İranın ali dini liderinin bu bəyanatı Amerika və İsrailin planına uyğun addımdır: “Yəni onlar belə düşünürlər ki, İran səbiszilik göstərəcək və eyni sərtlikdə cavab verəcək. Mənim fikrimcə, bu yanlış addımdır. İran nüvə proqramına yenidən başlamaq yox, sadəcə gözləməliydi ki, hadisələr öz məcrasında davam etsin. ABŞ-la Qərb arasında ziddiyyətlər kəskinləşsin, Amerika Avropa şirkətlərini məcbur etsin ki, böyük maliyyə itkilərinə yol versinlər və bundan sonra Amerika ilə Avropa şirkətləri arasında narazılq şiddətlənəcəkdi. Onsuz da bu narazılıq indi də var. İran isə Rusiyaya, Çinə, Avropa ölkələrinə elan etməliydi ki, o nüvə müqaviləsinə sadiqdir. Əvvəla, İslam dininə görə kütləvi qırğın silahı işlətmək günahdır. Ikincisi də o nüvə silahını İran harada işlədəcək? İsrailə atacaq, orada da yəhuilərlə müsəlmanları bir-birindən ayırmaq olmur, elə bil istiotu duza qatmısan. Kütləvi qırğın silahı da öldürəndə baxmır ki, bu müsəlmandır, yoxsa yəhudidir. Odur ki, İsrailə qarşı İranın nüvə silahı işlətməsi qeyri-mümkündür. Qaldı Amerikaya qarşı, Amerikaya onun çatacaq raketləri yoxdur. Bu, İranı əhatə edən başqa dövlətlərə, Səudiyyə Ərəbistanı və başqalarına qarşı bir hədədir. Amma onlar bu hədəyə də layiq deyillər. Çünki onların hərbi potensialı çox aşağıdır. Səudiyyə Ərəbistanının bir həftəlik müharibə aparmağa qüdrəti yoxdur. Ona görə də hesab edirəm ki, bu kəskin cavabdır. Ali dini rəhbərdir, görünür, kəşfiyyat məlumatı dəqiqdir ki, Tramp və Netanyahu hazırlaşırlar İrana qarşı hansısa ciddi əməliyyat aparsınlar. Ona görə də əvvəlcədən deyir ki, həm vuracağıq, həm də nüvə proqramını təzədən başlayacağıq. Belə olan halda, Amerikanın sərt siyasətindən dünyada narazılıq artır.

    “İran bir addım belə geri çəkilməyəcək”

    “ABŞ-ın Xameneinin bu bəyanatına reaksiyası necə olacaq” sualına isə politoloq belə cavab verdi: “Amerikanın əlindən nə gələ bilər ki? Fərz edək ki, Şimali Koreyanı hədələdiyi kimi İranı hədələdi və ümid etdi ki, İran yumşalıb geri çəkiləcək. İran qəti əmindir ki, Amerika qarşısıda bir addım geri çəkilsə, gəlib, həyasızcasına 10 addım geri çəkilməyi tələb edəcək. Ona görə, onlar bir addım belə geri çəkilməyəcək. Qəddafinin, Səddamın, Bəşər Əsədin timsilında onlar bunu gördülər. Hətta Rusiyanın timsalında da görürlər ki, Amerika həmişə Rusiyanın geri çəkilməyini və güzəştə getməyini tələb edir. Buna görə də İran buna getmir. Amma yenə də deyirəm, əgər Amerika İsrail ərazisində İranı raketlə vuracaqsa, İran da onları vuracaq, onda da regional müharibə başlayacaq. Bu da Amerikaya baş ucalığı gətirmir. Onsuz da Amerika dünyada demokratiyanı öz imperialist siyasəti ilə biabır edib. Oğul Buşun, Kllintonun, Trampın məkrli, təcavüzkar siyasəti demokratiya üçün böyük zərbədir”.

    “Bu cür bəyantlar fonunda regional müharibə ehtimalı varmı” sualına gəlincə, politoloq dedi: “Hələ ki, regional müharibənin baş verəcəyini gözləmirəm. Amma hadisələr təhlükəli istiqamətdə cərəyan edir”.

    Şamo EMİN, Hurriyyet.org