Xalqımızın diriliş savaşı!

312

Qarabağ müharibəsindəki uğurumuz ölkəmizin şimallı-cənublu bütövləşmə ruhunun oyanışıdır!

Dağlıq Qarabağ problemi artıq 30 ildir ki, “Damokl qılıncı” kimi başımızın üstündən asılı vəziyyətdə durmuşdu. Artıq o “qılıncı” alıb, hədəfə qoyduğumuz başların üzərinə endirməkdəyik…

Kimsəyə sirr deyil ki, Türk dünyasının mərkəzinə “çiban başı” olaraq qurulan qondarma Ermənistan dövləti 1918-ci ildə 7 min kv.km-lik ərazidə Birinci dünya müharibəsindən qalib kimi çıxan dünya gücləri və Rus imperiyasının əli ilə qurulmuşdu. Sovet imperiyası zamanında yenə 22 min kv.km ərazi Azərbaycandan qoparılaraq, ermənilərə peşkəş çəkilmişdi.

Eyni güclər Minsk qrupu adı altında maskalanaraq, “barış göyərçini” missiyası ilə 30 il ərzində Azərbaycanın başını qatmaqla zaman qazanaraq, münaqişənin ermənilərin xeyrinə bitməsi üçün səssiz işğal siyasətini yürütdülər.

Qarabağı işğaldan azad etmək hərəkatı başlayandan Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa – birgə bəyanatla atəşi dərhal dayandırmağı və qeyd-şərtsiz danışıqların bərpa edilməsini tələb edirlər. Bəyanatda tərəflərin öhdəlik götürməli olduğu qeyd olunsa da, bu dövlətlərin təsəvvüründə işağalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoyulmur. Halbuki, öhdəliyi məhz işğöalçı tərəf – Ermənistan götürməlidir…

Sirr deyil ki, birgə bəyanatın verilməsində Fransa prezidenti Emmanuel Makron əsas rol oynayıb. Minsk qrupu ilk növbədə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməli olduğu halda, ölkəmizin təhlükəsizlik maraqlarını təhdid edərək, Azərbaycanın öz ərazilərini bərpa etməyə əngəl törətməyə çalışılır..

Fransanın mövqeyi net olsa da, bununla yanaşı, regionda hansı dövlətin hansı mövqedə olduğu da hər kəsə bəllidir. İlk öncə onu deyək ki, Fransa Afrikada hər addımda qarşısına çıxan Türkiyəni durdurmaq üçün Tovuz hadisələri ilə gərginlik başlatdı. Rəsmi Parisin indi Ankaranı ilişdirib saxlamaq istədiyi nöqtə Qafqazdır. E.Makron çalışır ki, Türkiyənin Cənubi Qafqazda apardığı siyasətin qarşısını alsın. Həmçinin, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olsa da, Makron beynəlxalq hüququ tapdalayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı fikir irəli sürdü. Hansı ki, onun çağırışı ilə BMT TŞ toplanmaqla, Ermənistanı cəzadan qorumağa çalışdı.

E.Makronun ABŞ və Rusiya dövlət başçılarına zəng edərək, Azərbaycanın hücumları dayandırmasını müzakirə etməsi də göstərdi ki, Fransa Qarabağın işğaldan azad edilməsinin əleyhinədir. Və Makron bunu açıq şəkildə qeyd etdi. Təbii ki, bütün bunlardan sonra Azərbaycan Fransaya etirazını bildirməlidir…

Əlbəttə, Fransa prezidentinin Qarabağ “təşəbbüsləri” nəticəsiz qalacaq. Fransa harda olmağa çalışırsa, qarşısına Türkiyə çıxır. Liviyada, Nigerdə, Malidə, Liviyada, Aralıq dənizində, Suriyada nəhayət Qafqazda Türkiyə Fransanın işğalçı təşəbbüslərinin qarşısını alıb. İndi növbədə fransızları Qarabağda “boğmaqdır”.

Bu arada Moskva isə anlayır ki, Qarabağa açıq müdaxilə edərsə, Ankaranın açıq hərbi gücü ilə üz-üzə qalacaq. Tarix dəfələrlə rus-türk müharibəsinə şahidlik edib. Bu dəfə də Vaşinqton yeni rus-türk savaşına qarşı olmaz. Yaxın Şərqdə kürd dövləti arzusuna çata bilməyən Vaşinqton bu yolla həm Türkiyəni, həm də Belarusu nüfuz dairəsinə keçirməyə mane olan Moskvanı üz-üzə qoyaraq, onları cəzalandırmaq şansını əldən buraxmaz.

Bəllidir ki, Çinin İpək Yolu layihəsi (Belt and Road İnitiative) bütün Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyır. Bu məqsədlə artıq bir neçə il ərzində həm Cənub-Şərqi Asiya ölkələri, həm də Cənubi Qafqaz ölkələri – Azərbaycan və Gürcüstan – Çinlə ticarət yollarına aid olan bir sıra müqavilələr imzalayıb. Bu layihələrə Trans-Xəzər Tranzit Dəhlizi, Şimal-Qərb Ticarət Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolunu misal göstərmək olar. Sirr deyil ki, son bir neçə ildə Çin Asiyadan başqa, Cənubi Qafqaz regionunda da böyük nüfuz qazanmaq məqsədi güdür, həmçinin Azərbaycanın bu layihənin logistik mərkəzi kimi nəzərdə tutulması da ehtimal olunur. Məhz bu baxımdan Azərbaycan özünün tranzit ölkə kimi vacibliyində daha çox maraqlıdır.

İpək Yolu layihəsi çərçivəsində həyata keçən ticarət dəhlizlərinin böyük hissəsi Xəzər Dənizi vasitəsilə Azərbaycana və daha sonra Gürcüstana birləşir. Bu da Azərbaycana dünya ticarət yolları şəbəkəsində mühüm rol oynamaq imkanı yaradır.

İpək Yolu keçmiş Sovet ölkələri ilə imzalanan ən yüksək dəyərli ticarət müqavilələrindən biridir. Müqaviləyə əsasən, Çin dövlət şirkətlərinin Quba, Göyçay və Xaçmaz rayonlarında yeni sənaye parkları inşa etmək, Kürdəmirdə aqro-sənaye kompleksi (300 hektar) və Sumqayıt şəhərində yeni kimya-sənaye parkının inşası planları var idi…

Gələk İrana. İran nədən bu dəfə açıq şəkildə anti-Azərbaycan mövqeyi tutdu? Azərbaycan müstəqilliyini elan edəndə də ölkəmizi gec tanıdı. Tovuz hücumunda ermənilər geri otuzdurulan zaman da Tehranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatı “daldan atılan daş” oldu. Coğrafi mövqeyinə görə Qarabağ Azərbaycanla İranın sərhədidir. Hansı ki, işğal altında olduğuna görə Ermənistana İranın silah daşımaları bu xətlə reallaşdırılır. Azərbaycanın Qarabağı geri qaytarması bu baxımdan İranın işinə yaramır. İranla Ermənistanın bu xətlə ticarəti aparılır, o cümlədən İrandan Ermənistana elektrik ötürülməsi dəstəyi baş verir.

Bundan başqa, Böyük Azərbaycan ideyası da Tehranı narahat edir. Bəllidir ki, tarix boyu İran deyilən bölgəni türklər idarə etmişdir. İran hakimiyyətinin fars yönətiminə keçməsi son yüzilin ayağına yazılmalıdır. Odur ki, Azərbaycan böyüyərsə və güclənərsə Tehran bu dəfə parçalanacağını anlayır. Bu baxımdan, Azərbaycanın diqqətini Ermənistana çəkmək İranın siyasi xəttini bəlirləyir.

İrana gedən ermənilərə yardım texnikası Cənubi Azərbaycan türklərinin sayəsində yandırıldı. Son iki gün Cənubi Azərbaycanın böyük şəhərlərində Qarabağa dəstək mitinqləri fars rejiminin taxtını titrətməkdədir. Hələ yaralı erməni əsgərlərinin İranda müalicəyə aparılması tam bir rəzalətdir. İran hakimiyyəti əvvəldən ermənilərə qucaq açmaqla, Türkün təbiri ilə desək “öz ayağına sıxdığının” fərqində deyil və bu haqsız siyasət mütləq İranın dünya siyasi səhnəsində ləngər vurması, bütövlüyünü itirməsi ilə nəticələnəcək.

Gördüyümüz kimi, regionda yeni siyasi konfiqurasiya qurulur, geosiyasi vəziyyət Rusiyanın və İranın, Avropanın nankor ölkəsi Fransanın Azərbaycana təzyiq mexanizmini neytrallaşdırır.

Sonda isə onu deyim ki, apardığımız Qarabağ savaşı sadəcə ərazi bütövlüyümüzün bərpası demək deyil, Osmanlının dağıntılar üzərində yeni Türkiyənin qurulması üçün Anadolu türklərinin apardığı Milli İstiqlal Savaşı kimi, Azərbaycanın əvvəlki gücünə-qüdrətinə qoşuşması yolunda apardığı mücadilədir. Şimallı-cənublu ölkəmizin bütövləşmə ruhunun yaşandığı Diriliş Savaşıdır.

Ülviyyə Şükürova

P.S. Prezident Ərdoğanın təbirincə desək, ey İran, ey Rusiya, bizi dayandıra biləcəyinizimi sandınız? Bizim məhəllələrdə əylənən uşaqlar sürdükləri velosipedlərə Azərbaycan və Türkiyə bayraqlarını sancaraq hünərlə şütüyürlər. Kiçik uşaqlarımız belə oyuncaq maşınlarına milli türk bayraqlarımızı sancaraq irəli yürüyür. Bizim uşaqlarımız bu genetiki yaddaşa sahibdirsə, bizi yenə biləcəyinizimi sanırsınız? Bacarmayacaqsınız!