XALQIMIZ KİMDİR?

21

(Fəlsəfi esse və ya esselər essesi)

Mənə göstərdiyi münasibətə görə xalqımızdan qətiyyən incimirəm. Mən onu  AZADLIĞI bütləşdirmədiyinə, bu cəhətdən fransız, alman, ərəb və hətta əfqan kimi olmadığına görə də qınamıram. Əsla! Çünki o, min illərdən bəri necə varsa, o cürdür. Onun nəyə ehtiyacı varsa, nədən ötrü, nə üçün yaşayırsa və hətta onlardan bu və ya digər dərəcədə məhrum olsa belə, yenə yaşayır. Onun nəyə ehtiyacı yoxsa, heç bir başqa xalqa nəzər salmadan və ya nümunə götürmədən həmin şeydən ötrü qətiyyən canından keçmir. Ona görə yox ki, canının əsiridir, ona görə ki, ali xalqların can atdığı, qurban getməyə hazır olduğu şey onun üçün heç nədir.

O, təmiz stixiyadır. Hətta Şah İsmayıl Xətaiyə dəstək verib, böyük və milli müstəqillik qazanıb dövlət yaradanda belə bu,  həmin keyfiyyətlər uğrunda şüurlu mübarizənin nəticəsi deyildi. Sadəcə, Həzrəti Əlinin rəmzi olan şəxsə məhəbbəti nəticəsində yaranmışdı.

Bax, xalqımız budur.

O, günahkar deyil ki, 1920-ci ilin aprelində quzeydə və 1946-cı ildə güneydə hər cür göstəriş və əmrlərə itaət edib əldə etdiyi, daha doğrusu ona bağışlanan azadlığı qorumaq, saxlamaq, ondan ötrü əldə silah səngərlərdə ölüm qədəhini içmək istəmədi, çünki bu istək ona yad idi və yaddır. O, göstərişlə, əmrlə çox asanlıqla qəhrəmanlıq edir.

Haşiyəyə çıxım: Bu günlərdə internetdə belə bir əhvalatın təsvirinə rast gəldim. Rus müəllifi yazıb göstərirdi ki, Suriyada içində zabitlər olan bir hərbi maşın sürətlə şəhər və kəndlərin içindən keçən yolla şütüyüb gedir. Əlbəttə, şəhər və kəndlərin xarabalıqları içindən. Amma adamlar vardı və onlar maşının ruslara məxsus olduğunu və onun içində rusların oturduğunu görüb uşaq da, böyük də, qadın da, kişi də əllərinə nə gəldi götürüb maşına çırpırdılar. Aydındır ki, maşın gülləbatmaz idi və evlərinin yarım-xarabalarında dolaşan adamların başqa heç bir silahı yox idi. Maşına çırpılan daşlar bir  partapart salmışdı ki, qulaq tutulurdu. Maşındakılar əlbəttə buna heç bir reaksiya vermirdilər. Çünki onlar bu qəzəb və nifrət hissinin təbii olduğunu bilirdilər. Maşını daşa tutan bu sadə adamlara heç kim bu göstərişi vermirdi. Əgər hadisə bizdə – ölkəmizdə baş versəydi, qətiyyən adamların belə bir reaksiyası mümkün deyil. Azərbaycanlı silahı olsa belə, onu bədbəxt edən şəxsə və ya şəxslərə etirazını və qəzəbini özünü yandırmaqla ifadə edir.

Bəli, bizdə siyasi, milli şüur sıfır dərəcəsindədir. Çünki bizə kimlərin ağalıq etməsinin bizim üçün heç bir fərqi yoxdur. Çünki biz stixiyayıq. Biz sadəcə olaraq yaşayırıq və yalnız bunu bilir, bunu istəyir və bunu düşünməyə qadirik.

Əslində bugünkü siyasi-iqtisadi, istimai, mənəvi güzəranımızn səbəbkarlarının o qədər də böyük günahı yoxdur. Çünki onlar bizimlə təbiətimizə uyğun, imkanlarımızı nəzərə alıb rəftar edirlər. Lakin paradoks ondadır ki, dünyada bizim qədər də  Qərbdə olmasa da, hər halda Şərqdə cəsur millət az olar. Bir misal: Nadir şah  Hindistana yürüşü zamanı hər hansı bir şəhər və ya qalanı heç cür diz çökdürə, ələ keçirə bilməyəndə dərhal qızılbaşları irəli atırdılar. Şahın ordusunda hər xalqdan xüsusi diviziyalar təşkil olunmuşdu. Azərbaycanlıların da “Qızılbaş” adlanan öz xüsusi diviziyaları vardı və onların qabağında heç bir şəhər, heç bir qala duruş gətirə bilmirdi. Bunu həmin yürüşü təsvir edən tarxçi  Məhəmməd Kazım yazır. Ağır itkilər hesabına baş versə də,  xalqımız əmrlə möcüzələr göstərməyə qadirdir. Amma bu daxili tələbatdan gəlmir. Bu təbii hünər və qəhrəmanlıq heç vaxt əsarət və ədalətsizliyə qarşı fışqırmır. Yalnız zərərsiz şəkildə qışqırıq olur. Necə ki  hər gün internetdə minlərlə deyil, on minlərlə cavanlar sözlə basıb bağlayır. Qəzəbin qışqırığı var, lakin o fışqırmır. Qəzəb, etiraz sözlə ifadə olunur. Bu belədir və belə olduğuna görə onu qınamağa da dəyməz. Necə ki soyuqdan öldüklərinə görə heç kim qışı, ya da suda boğulduğuna görə dənizi günahkar hesab etmir.

Bundan əvvəllər də qeyd etmişik: xalqımız erməni, gürcü və başqaları kimi bütöv orqanizm deyil, onun şüuru instinktlərə tabedir, onun hüceyrələri və neyronları eyni tərkibli deyil, bizim dil eyniliyimiz də yoxdur. Bakıda sayı yüz minlərlə, ruslarla heç bir əlaqəsi olmayan, amma rusdilli ailələr var ki, buna da dünyanın heç yerində rast gəlmək olmur. Bizim bütün istəklərimiz fiziki mahiyyət daşıyır və bütün bunlara görə onu qınamağa da dəyməz. Yalnız  heç bir xalqa xas olmayan bu prosesi intişar etdirən, şirniklərşdirən, inkişaf etdirən və hər cür dəstəkləyən hakimiyyəti qınamaq olardı, lakin bu da əbəsdir. Çünki o  da tamam əlahiddə mahiyyət daşıyıb, sanki cır ağacdan calaq edilib.

Vəziyyəti zahiri olsa da dəyişmək üçün çağırışlar fayda vermir. Çünki eşşəkarısını bal tapmağa, bal verməyə məcbur etmək nəinki qeyri-mümkün, hətta qeyri-təbiidir. Bizdə polis haqlını müdafiə etmək üçün deyil, haqısızı qorumaq üçün yaranıb. Burada yalnız qamçı ilə, illərlə davam edən güclü təbliğatla nəyəsə nail olmaq mümkündür. Və o da hər hansı bir təsadüf və ya xarici əks-təsirə qədər davam edə bilər, necə ki, Mircəfər Bağırov buna – yəni bu mənfi təsirlərə imkan verməyib, 1930-40-cı illlərdə nəsə bir millət yaratmışdı.

Əlbəttə dil var, böyük klassik mədəniyyət var, lakin daşıyıcısı yoxdur. Karvanın hər dəvəsinin öz sahibi, öz mənafeyi, öz xarakteri varsa bu zahiri şəkildə fiziki tələblərə cavab verən və onlar üçün səhrayla addımlayıb gedən bir karvanıq.

Bizim ali, mənəvi, daxili ƏDALƏT PRİNSİPİMİZ yoxdur. İndi düşək onun üstünə ki, niyə yoxdur? Yoxdur! Bunu bizə calamaq səyləri də əbəsdir. Bizim bir etnos kimi ən ölməz xüsusiyyətimiz də elə budur.

Əlisa NİCAT