Xalq artisti fəxri adı ləğv edilir? – Deputatdan AÇIQLAMA

69

“Fəxri adların verilməsini yığışdırmaq lazımdır. Bizdə bunu xəstəliyə çeviriblər. Ona görə də sənət arxa planda qalıb, hamını düşündürən odur ki, hansısa bir yolla ad alsın”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, elə adam var ki, pulla fəxri ad alıb təqdimat edir: “Bu məsələdə ölkə prezidentini də aldadanlar olur. Məsələn, elə adam var ki, toy müğənnisidir,  onun “Xalq artisti” adı daşımasına haqqı yoxdur, amma yenə də bu adı alır. Yaxud da heç bir sənəti olmayan pop musiqiçisi “Əməkdar artist” adını alır. Bu isə mədəniyyət nümayəndələri arasında haqsız rəqabət yaradır. Əgər ad verilirsə, heç olmasa bunu şəffaf təşkil edib,  subyektivliyi məsələdən uzaq tutsunlar. Cəmiyyətin öz dəyərləndirməsi var. Əgər kimsə əsl sənət adamıdırsa, cəmiyyət tərəfindən ona dəyər verilir. Amma kimsə qeyri-qanuni yolla ad alırsa, bu artıq toplum tərəfindən mənfi qarşılanır. Fəxri ad verilirsə, heç olmasa ona bu adın hansı səbəbdən verildiyi izah olunmalıdır”.

Deputat yeni təyin olunacaq Mədəniyyət nazirindən də çox şeyin asılı olduğunu qeyd edib: “Əgər yeni təyin olunan nazir Əbülfəz Qarayevə rəhmət oxutduracaqsa, onda demək olmaz ki, fəxri adların verilməsində hər hansısa dəyişiklik olacaq. Ümid edək ki, vəzifəyə normal adam gələcək və bu prosesləri normal tənzimləyəcək. Çünki sənət adamları həssas adamlardır. Ona görə bayağı qiymətləndirmə məqbul sayılmır. Bütün hallarda yəqin ki, bu məsələlər nəzərə alınacaq”. \\Modern.az