“Vzqlyad”dan şok etiraf: ““Qafqaz-2020” təlimlərində Azərbaycan hədəf seçilmişdi, mesaj isə Ankara və Bakıya ünvanlanmışdı”

252

Bu gün – sentyabrın 26-da “Qafqaz-2020” strateji komanda-qərargah təlimləri başa çatır. Təlimlər zamanı “Kalibr” qanadlı raketlərdən istifadə olunub, kütləvi raket zərbəsinin dəf edilməsi və taktiki hücum qüvvələrinin tətbiqi işlənib hazırlanıb. Bəs, bu təlimlərin xüsusiyyətləri nədən ibarət idi və Rusiya kimə hansı siyasi mesaj verirdi?

Maraqlıdır ki, Rusiya rəsmiləri bu suala cavab verərkən bildirirdilər ki, “Qafqaz-2020” təlimləri heç bir dövlətə qarşı yönəlməyib və məqsəd sadəcə hərbi qüvvələrin sayıqlığını yoxlamaqdır.

Rusiyanın “Vzqlyad” nəşri hərbi təlimin yekunlarına dair “Rusiya Türkiyəyə Qafqazın sahibinin kim olduğunu göstərdi” sərlövhəli yazısında isə məsələyə tamamilə başqa aspektdən yanaşıb.

Yazıda Müdafiə Nazirliyinin məlumatlarına istinadən bildirilir ki, təlimlərə cəlb edilmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin ümumi sayı 80 000 nəfərə yaxın olub və digər dövlətlərdən isə 1000 hərbi qulluqçusu qatılıb: “Lakin vahid komandanlıq altında təlimlərə qatılan hərbi qulluqçuların maksimum sayı 12 900 nəfəri keçməyib. Çünki bu, Rusiya Federasiyasının beynəlxalq öhdəliklərindən irəli gəlirdi”.

Müəllifin fikrincə, 250 tank, 450 müxtəlif təyinatlı zirehli döyüş maşınının, 200-dən artıq artilleriya və yaylım atəşi raket sisteminin işə salındığı bildirilən təlimdə həmçinin zenit-raket kompleksləri, aviasiya, Qara dəniz donanması və Xəzər donanması gəmiləri də öz güclərini sınayıb: “Təlimlərdə ən azı bir sualtı qayıq iştirak edib. Manevrlər Cənubi Hərbi Dairənin poliqonlarında, onların dəniz hissəsi isə Qara dəniz və Xəzər dənizi hövzələrində keçirilib”.

Təlimlərin miqyasının xeyli genişliyindən bəhs edilən məqalədə vurğulanır ki, amma bu indiyədək görünməmiş qatılım səviyyəsi də deyil: “Rusiyanın ən yeni hərb tarixində daha böyük təlimlər keçirilib. Bu təlimlərdə isə altı ölkənin hərbi bölmələri iştirak edib, daha altı ölkə isə müşahidəçi göndərib”. Qeyd olunub ki, İran yeganə dövlətdir ki, həm hərbi təlimlərdə iştirak edib, həm də hərbi müşahidəçilər göndərib.

Bütün bunlar təlimlərin texniki tərəfi. İndisə gələk məsələnin ən canalıcı sualına. Bəs bu təlimlərdə Rusiya kimə və nə mesaj ünvanlayıb? 

“Vzlyad” bu sualı  belə cavablandırıb:

“Manevr iştirakçıları bu yaxınlarda Türkiyənin Azərbaycandakı təxribatçı təlimlərinə Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi zamanı açıq şəkildə cavab veriblər. “Qafqaz-2020″ təlimlərində erməni və İran hərbi hissələri də əbəs yerə iştirak etməyiblər. Birincisi, hər iki ölkə Türkiyənin regiondakı nüfuzunu artırmaq istəmir, ikincisi, bir-biri ilə yaxşı münasibətləri var.

Təlimlərdə yüksək inkişaf etmiş hərbçilər düşmənə qarşı məhdud hərəkətlər (kütləvi raket zərbəsini dəf etmək, “Kalibrli” qanadlı raketlə Sahil hədəfinə zərbə), sonra isə dəniz desantları tərəfindən dəstəklənən yerüstü qoşunların hücum mesajı birmənalı şəkildə Azərbaycan və Türkiyəyə göndərilib, həm də Azərbaycan “döyüş meydanı” olaraq seçilərək. Beləliklə, “Qafqaz-2020” təlimlərinin əsas məqsədi böyük ehtimalla Qafqaza kimin sahibi olduğunu Türkiyə və Azərbaycana göstərmək idi. Paralel olaraq, Gürcüstana da işarə edilirdi – manevrlərin bir hissəsi Abxaziyada keçirildi və burada Qara dəniz donanması sahilə desant çıxartdı. Bu da çox aydın siqnaldır. Xatırladaq ki, Gürcüstan Rusiyanın Ermənistanla əlaqələrinə nəzarət edir.

…Bu mesajın nə qədər aydın olduğunu demək çətindir, lakin Qafqazda hər hansı siyasi məsələlərin güc yolu ilə tənzimlənməsi imkanlarının Rusiya tərəfində olduğunu inkar etmək mümkün deyil. İndi məsələ yalnız ondadır ki, tərəf-müqabillərimiz hər şeyi düzgün başa düşsünlər”. \\Ovqat.com