Vüqar Məmmədov seçicilərin maraqlarını ifadə edən millət vəkili olacaq!

36

Əgər seçkilər şəffaf və ədalətli keçirilərsə, o zaman onun qələbə qazanması üçün heç bir əngəl qalmır

Vazeh BƏHRAMOĞLU

Məlumdur ki, bu ilin fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Dünən isə 20 günlük seçki təbliğatı kampaniyasına rəsmi olaraq start verilib. Bununla da qeydə alınmış namizədlər artıq təşviqata başlayıblar. Nəzərinizə çatdırım ki, qeydə alınmış namizədlər sırasında "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov da var. Onun namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülüb.

Bu gün əminliklə deyə bilərik ki, əgər adıçəkilən dairədə seçkilər demokratik, şəffaf və ədalətli keçirilərsə, kənardan heç bir müdaxilə olmazsa, yəni inzibati resurslardan istifadə və seçki qutularına topa-topa bülletenlərin atılması hallarına rast gəlinməsə, seçki məntəqələrində təmsil olunan komissiya üzvləri "karusel" əməliyyatına yol verməsələr, bir sözlə, seçki prosesində vətəndaşların azad iradəsinin ifadə olunmasına maneçilik yaradılmasa, o zaman Vüqar Məmmədovun qələbə qazanması üçün heç bir əngəl qalmır. Niyə? Çünki o, 25 saylı Nizami ikinci seçki dairəsində deputatlığa ən şanslı namizədlərdən biri yox, məhz birincisidir.

Bunlar heç də boğazdan yuxarı deyilmiş sözlər, rəhbərə tərif-filan deyil. Məni şəxsən tanıyanlar, o cümlədən qələmimə bələd olanlar yaxşı bilirlər ki, daim düşündüyümü dilə gətirmiş və apardığım təhlillərdən sonra gəldiyim qənaəti yazılarımda qeyd etmişəm. Düzdür, bir çox hallarda bu, mənə ziyan vurub, işimin axsamasına və ya isti yerimin soyuq olmasına gətirib çıxarıb. Lakin yenə də bildiyimdən əl çəkməmişəm. Çünki ən gözəl biclik düzlükdür. Bu, mənim həyat devizimdir. Odur ki, hər zaman düzə düz, əyriyə də əyri demişəm və inşallah bundan sonra da bu mövqedə qalacam. Bunları nəzərinizə çatdırmaqla məqsədim odur ki, bu yazımda Vüqar Məmmədova çalışdığım "Hürriyyət" qəzetinin baş redaktoru kimi yox, daha çox şəxsiyyətinə, düşüncə və davranışlarına hörmətlə yanaşdığım sadə bir insan kimi münasibətimi ifadə etdiyimi biləsiniz.

Vüqar Məmmədovun yaratdığı ab-havanın nəticəsində "Hürriyyət"də özümü hür hiss edirəm

Az yaşım yoxdur. Allahın izni ilə bu gün-sabah 40-a qədəm qoyacam. Bundan başqa, 17 ilə yaxındır ki, mətbuat sahəsindəyəm. Bu illər ərzində 10-dan artıq qəzet, sayt, xəbər portalında çalışmışam. Təbii ki, hər birinin özünəməxsus idarəetmə üsulu, qayda-qanunları var. Yəni hər mətbuat orqanında digərindən fərqli mühit mövcuddur. Eynilə, həmin media qurumlarının rəhbərlərinin də işə və işçiyə münasibəti tamamilə başqadır. Məsələn, birinin tələbi ilə təklifi üst-üstə düşmür, digərinin, ümumiyyətlə, kütləvi informasiya vasitələrindən zərrə qədər də olsa, xəbəri yoxdur. Başqası isə özünü elə aparır ki, sanki bu adam ən yaxşı halda 10-15 nəfərdən ibarət mətbuat orqanının baş redaktor yox, nazir və ya hansısa yüksək vəzifə sahibidir. Bu qəbildən olanlar elə zənn edirlər ki, jurnalistlə sərt davranmaqla və ya işdə gestapo rejimi yaratmaqla nəsə nailiyyət əldə edə, daha yaxşı məhsul ala, kollektivin hörmətini qazana biləcəklər. Halbuki bu, kökündən yanlışdır. Çünki yaradıcı insan asılı olmağı qəbul etmədiyindən azadlığı sevir və əgər sən onun azadlığını əlindən almağa cəhd göstərsən, o zaman ya peşəkar işçidən məhrum olacaqsan, ya məcburiyyət qarşısında çalışmağa davam edən jurnalistin nifrətini qazanacaqsan.

Səmimi olaraq qeyd edim ki, Vüqar Məmmədov tamam başqa kriteriyalara sahibdir. Yəni o, digər bir çoxları kimi özünü dartan, kollektivə yuxarıdan aşağı baxan, səhv olduğu halda tərslik edib mövqeyinin düzlüyündə israr etməyən, bir sözlə, hər məsələyə "Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə yanaşmayan bir rəhbərdir. Məhz elə bu səbəbdən də şəxsən mən "Hürriyyət"də özümü hür hiss edirəm.

Qeyd edim ki, bu, heç də hər redaksiyada tapılan nəsnə deyil. Adətən media azadlığından, mətbuatın müstəqilliyindən danışan baş redaktorların bir çoxu rəhbərlik etdiyi kollektivdə azad fikrə, azad sözə, yerində səsləndirilən tənqidə izn vermirlər. "Hürriyyət"də isə bu cür mənzərə ilə rastlaşmam mümkün deyil. Təbii ki, bütün bunlar Vüqar Məmmədovun yaratdığı ab-havanın nəticəsidir.

Əgər 5 ildə 1-2 dəfə, o da məcburiyyət qarşısında qalıb sizinlə görüşə gələn deputat istəmirsinizsə, o zaman millət vəkilinizi – Vüqar Məmmədovu seçin!

Vüqar Məmmədovun namizəd kimi növbədənkənar parlament seçkilərində iştirakına gəlincə, imza kampaniyası çərçivəsində sakinlərlə aparılan söhbətlərdən belə aydın oldu ki, seçkilər demokratik keçirilərsə, onun parlamentdə təmsil olunmaq ehtimalı 25 saylı Nizami ikinci seçki dairəsindən olan digər namizədlərlə müqayisədə daha yüksəkdir. Özünün də seçicilərə ünvanladığı müraciətdə qeyd etdiyi kimi, o, 23 il ərzində "Hürriyyət" qəzetində çətin, iztirablı, təhlükəli və şərəfli yol keçib. Bu illər ərzində xalqa, millətə və dövlətə təmənnasız xidmət edib ki, bütün bunlar da göz önündədir.

Yəqin razılaşarsınız ki, indiyə qədər Milli Məclisdə təmsil olunmuş deputatların hamısı olmasa da, böyük əksəriyyəti seçicilərin səsləri ilə deyil, məhz təyinatla parlamentdə əyləşiblər. Məhz bu səbəbdən də onlar özlərini seçicilərə deyil, təyinatlarına razılıq verən, parlamentə düşmələrinə şərait yaradan şəxslərə borclu bilir, yalnız onların qarşısında hesab verirlər. Odur ki, bu qəbildən olan deputatlar onlara verilən tapşırıqlara sözsüz əməl etməklə, iqtidara itaət göstərməklə mükəlləfdirlər. Buna görə də seçicilərin böyük əksəriyyəti 5 il ərzində deputatlarını ən yaxşı halda bir-iki dəfə, o da hansısa rayon və ya dövlət əhəmiyyətli tədbirdə görə bilir.

Bundan başqa, Milli Məclisin üzvləri arasında elələri də var ki, onlar qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, mətbuat və seçicilərlə təmas baxımından, indiyədək hər hansı nəzərəçarpacaq fəaliyyətdə bulunmayıblar. Elə buna görə də onlar "lal deputat"lar adına layiq görülüblər. Vüqar Məmmədov isə əsla, bu cür deputatlardan olmayacaq. Çünki onun məqsədi millət vəkili olmaqdır. Deputat mandatı daşıyan hər kəs isə millət vəkili adını daşımaq şərəfinə nail olmur. Vüqar Məmmədovun şəxsi keyfiyyətlərinə, düşüncə tərzinə və işinə məsuliyyətinə bələd olduğumdan, sizi əmin edirəm ki, əgər o, millət vəkili seçilərsə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun tələblərinə uyğun fəaliyyət göstərəcək. Yəni 25 saylı Nizami ikinci seçki dairəsinin seçiciləri ilə mütəmadi əlaqə saxlayacaq, gördüyü işlərlə bağlı məlumatları kütləvi informasiya vasitələri ilə bölüşəcək, seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, eyni zamanda prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıracaq.

Bir sözlə, Vüqar Məmmədov seçicilərin maraqlarını ifadə edən, onların problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcək millət vəkili olacaq. Odur ki, 25 saylı Nizami ikinci seçki dairəsinin hörmətli seçiciləri, əgər 5 ildə 1-2 dəfə, o da məcburiyyət qarşısında qalıb sizinlə görüşə gələn deputat istəmirsinizsə, o zaman millət vəkilinizi – Vüqar Məmmədovu seçin!