Vüqar Məmmədovun ordu ilə bağlı müraciətinə növbəti DƏSTƏK

42

Ramil Məmmədli: “Orduya ictimai nəzarət məsələsinə yenidən baxılmalı və bu prosesdə mətbuatın, cəmiyyətin bütün təbəqələrini əhatə edən şəxslərin, təşkilatların iştirakı təmin olunmalıdır”

“Məsələnin bu formaya gətirib çıxarılmasında o zaman mətbuatda xüsusi təsir imkanlarına sahib, ölkə rəhbərliyini hələ də inandırmaq imkanları olan Əli Həsənov və komandası canfəşanlıq göstərirdi”

“Hansısa rəis, komandir qanunazidd iş görüb əsgərə, hərbi qulluqçuya və ya polis əməkdaşına qarşı hər hansı bir neqativ addım atıbsa, bunu yazan mətbuat orqanını vətənpərvərliklə hücuma məruz qoymaq doğru deyil”

Artıq məlumunuzdur ki, “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş redaktoru Vüqar Məmmədov Milli Məclisin spikeri Sahibə Qafarovaya, o cümlədən parlamentin digər rəhbər şəxsləri və deputatlara orduya ictimai nəzarətin qaldırılması haqda qərarın ləğv olunmasına dair müraciət ünvanlayıb. Belə ki, “Milli Məclisin keçmiş rəhbərliyinin və üzvlərinin ordu üzərində ictimai nəzarətin qaldırılmasına hansı niyyətlə səs verməsi ilk gündən bizim üçün anlaşılmaz idi” deyən baş redaktorun fikrincə, son illər ərzində baş verən proseslər göstərdi ki, sözügedən qanunun qəbulu Müdafiə Nazirliyi rəhbərliyində və hərbi hissələrdə kök salan antimilli, Rusiyapərəst qüvvələrin maraqlarını təmin etmək məqsədi güdüb: “Çünki bu qanundan əvvəl onlar istədikləri kimi “at oynada” bilmirdi, ordu üzərində ictimai nəzarət vardı. Baş verən neqativ hadisələr məlumatlı şəxslər tərəfindən ictimailəşdirilir, nəticədə isə bir çox qanunsuzluqların, özbaşınalıqların qarşısı vaxtında alınırdı. Amma orduya ictimai nəzarətin aradan qaldırılmasını qanun çərçivəsinə salmaqla, həmin adamların əl-qolunu daha da geniş açmasına və onların daha da azğınlaşmasına şərait yaradıldı. Ona görə də hesab edirik ki, bu mürtəce qanun ləğv edilməli, ordu üzərində ictimai nəzarətin bərpası təmin olunmalıdır”.

“Zamanında Müdafiə Nazirliyinin dəstəyi ilə “ordunun dostları” və sair bu kimi adda ictimai qurumlar yaradılmışdı, onların ictimai nəzarət funksiyasını yerinə yetirməsi ilə bağlı cəmiyyətdə fikirlər formalaşdırılırdı, lakin sonradan…”

Ekspert: Aprel döyüşləri hərbi-siyasi balansı Azərbaycanın xeyrinə ...

Beləliklə, mövzu ilə əlaqədar mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli Hurriyyet.org-a bildirdi ki, orduya ictimai nəzarət deyildikdə, ümumi cəmiyyətin silahlı qüvvələrə ictimai nəzarətindən söhbət gedə bilər. Onun sözlərinə görə, qanunvericilikdə məsələnin məhz bu formada qoyulması daha doğru olar: “Şəxsən mənə orduya ictimai nəzarət dedikdə, bunun hansı məna kəsb etməsi həmişə maraqlı olub. Odur ki, daim bunu aydınlaşdırmaq istəmişəm. Bəzi yoldaşlarla bununla bağlı müzakirələrim olub. Yəni söhbət siyahıya uyğun müəyyənləşdirilən və razılaşdırılan ictimai təşkilatların güc strukturlarına, silahlı qüvvələrə nəzarətindən gedir, yoxsa vətəndaşların orduya nəzarətindən? Bax, bu məqam mənim üçün çox maraqlıdır. Hesab edirəm ki, əvvəlcə bu məsələni aydınlaşdırmaq lazımdır. Bundan sonra artıq digər məsələlərə aydınlıq gətirmək yerinə düşər. Çünki orduya ictimai nəzarət deyildikdə, ümumi cəmiyyətin silahlı qüvvələrə ictimai nəzarətindən söhbət gedə bilər. Məncə, məsələni bu cür qoymaq daha doğru olar. Həm də qanunvericilikdə məsələnin məhz bu formada qoyulması, şərait yaradılıb hansısa ictimai qurumların silahlı qüvvələrlə əməkdaşlıq şəraitində adı ictimai nəzarət formasında bir sistemin formalaşdırılmasından daha doğru olar. Yəni biz bunun praktikasını da görmüşük. Zamanında Müdafiə Nazirliyinin dəstəyi ilə “ordunun dostları” və sair bu kimi adda ictimai qurumlar yaradılmışdı, onların ictimai nəzarət funksiyasını yerinə yetirməsi ilə bağlı cəmiyyətdə fikirlər formalaşdırılırdı. Lakin sonradan məlum oldu ki, əslində bu, bir sıra adamların o dövrdə Müdafiə Nazirliyinə rəhbərlik edən generallarla əməkdaşlığı şəraitində keçən bir prosesdir”.

“Bizim inteqrasiya etmək istədiyimiz dünyanın həmin bölməsində belə bir tələb, bu cür yanaşma yoxdur”

Hərbi-siyasi icmalçı hesab edir ki, orduya ictimai nəzarət yalnız və yalnız cəmiyyətin bütün təbəqələrini əhatə edən şəxslərin, təşkilatların iştirakı ilə həyata keçirilə bilər: “Eyni zamanda, mətbuat orqanları bu məsələ ilə bağlı rahat şəkildə mövzular işləyə bilər. Lakin 2017-ci ildə belə bir tələblər irəli sürüldü ki, ordu ilə bağlı hər hansı informasiya yazıldıqda bu, mütləq razılaşdırılmalıdır. Halbuki bizim inteqrasiya etmək istədiyimiz dünyanın həmin bölməsində belə bir tələb, bu cür yanaşma yoxdur. Bu səbəbdən də istənilən mətbuat orqanı, əgər əlində fakt varsa, o zaman baş verən hadisə ilə bağlı informasiyanı yaymalıdır. Hesab edirəm ki, artıq informasiyanın yayılmasının qarşısını almağa məsul olan şəxslər bu məsələ ilə bağlı məsuliyyət daşımalıdır. Onu da qeyd edim ki, 2017-ci ilə qədər mətbuat orqanlarına qarşı ittihamlar irəli sürülürdü, bütün jurnalistlər vətənpərvər olmalıdır, deyə fikirlər səsləndirirdilər. Hansısa rəis, komandir qanunazidd iş görüb əsgərə, hərbi qulluqçuya və ya polis əməkdaşına qarşı hər hansı bir neqativ addım atıbsa, bunu yazan mətbuat orqanını vətənpərvərliklə hücuma məruz qoymaq doğru deyil. Odur ki, bununla bağlı başqa bir forma fikirləşmək lazımdır”.

“Orduya ictimai nəzarətin qanunla qadağan edilməsi 2016-cı il aprel döyüşlərindən sonrakı dövrə təsadüf edir və bəzi şəxslər bundan çox yaxşı istifadə etdilər”

Həmsöhbətimiz qeyd etdi ki, orduya ictimai nəzarətin qanunla qadağan edilməsi 2016-cı il aprel döyüşlərindən sonrakı dövrə təsadüf edir və bəzi şəxslər bundan çox yaxşı istifadə etdilər: “Əlbəttə, aprel döyüşləri zamanı bəzi mətbuat orqanları cəbhəboyu istiqamətdə hərbi texnikaların hərəkəti ilə bağlı müəyyən informasiyalar yaymışdılar. Və bu, ciddi narahatlığa səbəb olmuşdu. Əslində, doğru idi və bununla bağlı bir inzibati tədbir görülməli idi. Amma məsələnin bu formaya gətirib çıxarılmasında o zaman mətbuatda xüsusi təsir imkanlarına sahib, ölkə rəhbərliyini hələ də inandırmaq imkanları olan Əli Həsənov və komandası canfəşanlıq göstərirdi. Sonra da məlum oldu ki, əslində bunlar kimdirlər. Yəni mətbuatla işlə bağlı dövlət tərəfindən təhkim olunmuş Əli Həsənov və komandası bu məsələ ilə əlaqədar bir qədər fərqli bir qanunun qəbul olunmasına şərait yarada, bu istiqamətdə işləyə bilərdilər. Lakin fərqli bir format irəli atdılar və mətbuatın əl-qolunu, imkanlarını bağlamaq üçün sözügedən qanunun qəbul olunmasına şərait yaratdılar. İndi isə orduya hər hansı ictimai nəzarətdən söhbət belə, gedə bilməz. Əgər bu prosesdə mətbuat iştirak etmirsə, o zaman hansı ictimai nəzarətdən söhbət gedə bilər?! Odur ki, orduya ictimai nəzarət məsələsinə yenidən baxılmalı və bu prosesdə mətbuatın, bütün təbəqələrini əhatə edən şəxslərin, təşkilatların iştirakı təmin olunmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org