Putin and içdi – CANLI YAYIM – YENİLƏNİB

    9

    Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

    Böyük Kreml Sarayında keçirilən mərasimdə 5 min qonaq iştirak edib.

    Hökumət üzvləri, Dövlət Duması və Federasiya Şurasının deputatları, prezident administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin hakimləri, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirləri və prezident seçkilərində Vladimir Putinin səlahiyyətli nümayəndələri olmuş şəxslər andiçmə mərasimində fəxri qonaq qismində iştirak ediblər. 

    Vladimir Putin Kremlin 1 nömrəli korpusunda yerləşən iş otağından çıxaraq Rusiya prezidenti üçün istehsal olunan "Kortej" adlı yeni prezident limuzinində Böyük Kreml sarayına gedib. O, Böyük Kreml sarayının darvazalarından daxil olaraq Georgiyevsk və  Aleksandrovsk zallarından keçərək Andreyevsk zalında andiçmə mərasimi üçün hazırlanan tribunaya qalxıb.

    Tribunada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin yer alıblar.

    Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin dövlət başçısı seçilmiş V. Putindən and içməsini xahiş edib. Putin sağ əlini Konstitusiyaya qoyaraq and içib: "And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirirkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağam və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyub, xalqa sədaqətlə qulluq edəcəyəm".

    Sonra Konstitusiya Məhkəməsinin sədri Putinin prezident vəzifəsində fəaliyyətə başlamasını elan edərək hakimiyyət simvollarını ona təqdim edib. Rusiya himni səsləndikdən sonra dövlət başçısı vətəndaşlara müraciət edib.

    Qeyd edək ki, Rusiya prezidentinin andiçmə mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib./apa/

    ***

    Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

    Hurriyyet.org xəbər verir ki, tədbir Böyük Kreml Sarayında keçirilir.

    V.Putinin dördüncü dəfə dövlət başçısı kimi ad içəcəyi mərasimə 5 minə yaxın qonaq dəvət olunub.

    Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib.

    Xatırladaq ki, mayın 6-da Dmitri Medvedevin başçılıq etdiyi hökumətin səlahiyyət müddəti başa çatıb. Nazirlər Kabinetinin üzvləri tutduqları vəzifədə səlahiyyətləri yeni hökumət formalaşanadək müvəqqəti icra edəcəklər.