“Virusla uzun zaman birgə yaşamağı öyrənməli, iqtisadiyyatı yavaş-yavaş açmalıyıq” – NATİQ CƏFƏRLİ

42

“Bu böhran həm dünyada, əsas da Azərbaycanda iqtisadi böhran olmaqdan çıxır, artıq sistem böhranına çevrilir”

“New Yorkda tam təsadüfi seçim ilə (şəhərin 19 bölgəsində yaşayan) 3000 nəfəri koronavirus testindən keçiriblər. Bir daha, bunlar xəstəxanaya müraciət edən insanlar olmayıb, dükan-bazardan, küçədən təsadüfi seçilənlər olub. Məlum olub ki, 3000 nəfərin14 faizi, yəni 420 nəfər virus daşıyıcısıdır. Onlarda heç bir xəstəlik əlaməti yoxdur, ortalıqda dolaşırlar, deməli hər gün, azı 2000 nəfəri yoluxdururlar, həmin 2 min nəfər də daha 10000 nəfəri, həmin 10000 də daha 50000 nəfəri (silsiləni artırmaq da olar) yoluxdururlar. Qubernator Andrew Cuomo deyir ki, şəhərdə günü ən azı 2,7 mln. nəfər virusa yoluxub”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspert hesab edir ki, New Yorkda aparılan bu araşdırma çox önəmlidir: “Dünya olaraq virusla uzun zaman birgə yaşamağı öyrənməli, iqtisadiyyatı yavaş-yavaş açmalıyıq. Təəssüf ki, bunun başqa yolu yoxdur. Davranış qaydalarımızı uzun aylar dəyişməyə məcbur olacağıq, dünya əhalisinin 70 faizi virusa yoluxandan sonra təbii immunitet yaranacaq, sadəcə bütün ölkələr səhiyyə sisteminin gücünü artırmalı, xəstəliyin böhranlı pik nöqtələrini yumşaq keçməyi öyrənməlidirlər. Bir dəfə yazmışdım, bir də deyim: Virus istehlak toplumu konsepsiyasını da yıxır, amma əvəzinə nə gələcək, bu maraqlıdır. Sadəcə dünya, ən azı 50 ildir ki, “vəhşi istehlak” konsepsiyası üzərinə inşa edilmişdi. Düşünürəm ki, indi süni tələb yaradan modeldən, təbii təklif yaradan modelə keçid olacaq. Bəşəriyyət bu keçidə hazırlaşmalıdır. O ki, qaldı bizə – Azərbaycana, hələ ki, hökumət baş verən hadisələrin dərinliyini, böhranın maştabını dərk edə bilmir. Bu böhran həm dünyada, əsas da Azərbaycanda iqtisadi böhran olmaqdan çıxır, artıq sistem böhranına çevrilir. Çıxış yolu da məhz sistemin özünün islahatından, dəyişməsindən keçir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org