“Virusa qarşı belə etinasız münasibət hökumətin etimad böhranı içərisində olduğunu göstərir” – RÖVŞƏN AĞAYEV

15

“Hökumət şikayət edir ki, karantin tədbirləri yumşaldılan kimi virusa yoluxanların sayını sürətlə artmasının səbəbi maskadan istifadə edilməməsi və sosial məsafəni qorunmamasıdır. Hökumət bu şikayəti kimə edir – qərar verən özləri deyilmi? Karantin yumşadılan kimi (mayın 4-ü) maska və sosial məsafə  üçün cərimənin tətbiqini niyə 1 ay gözlədiniz ki?” Hurriyyet.org xəbər verir ki,  bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

“Xalqın özünün seçib gerçəkdən etimad göstərdiyi yerli özünüidarənin yoxluğu özünü göstərir”

“Yenə də bir müddət əvvəl dediyim fikirdə qalıram: xalqın özünün seçib gerçəkdən etimad göstərdiyi, nüfuzlu və səlahiyyətli yerli özünüidarənin yoxluğu özünü göstərir. Türkiyə nümunəsindəki kimi bu qurumlar evdə qalan insanlara sosial yardımlar, sosial xidmətlər göstərməklə, pulsuz maskalar paylamaqla, xeyriyyə marafonları və ianələrlə ərzaq mağazalarına, kommunal müəssislərə borclarını ödəməklə onların daha uzun müddətə evdə dözməsinə şərait yaradardı”,-deyə iqtisadçı əlavə edib.

“İnsanların böyük əksəriyyətinin sözünə etimad göstərdiyi ictimai və siyasi liderlərin yoxluğu öz sözünü deyir”

R. Ağayevin sözlərinə görə, insanların arasında virusa qarşı belə etinasız münasibət bir tərəfdən də hökumətin etimad böhranı içərisində olduğunu göstərir: “İnsanlar məmurların, hakimiyyətin təyin elədiyi deputatların çağrışlarına öz inamsızılığı ilə cavab verirlər. Siyasi və ictimai təşkilatlanma imkanı tamamilə məhdudlaşdırılmış cəmiyyət üçün xarakterik vəziyyətdir. İnsanların böyük əksəriyyətinin sözünə etimad göstərdiyi ictimai və siyasi liderlərin, bilim adamlarının yoxluğu öz sözünü deyir”.

Şamo EMİN, Hurriyyet.org