VİRUS QAPINI KƏSDİRDİ… – Azərbaycanda elementar tibbi vasitələr yoxa çıxdı

6

Çinin ardınca İranda  tüğyan edən ölümcül koronavirus epidemiyasının yaratdığı təşviş Azərbaycanda da elementar tibbi vasitələrin qıtlaşmasına, hətta yoxa çıxmasına səbəb olub. Virtualaz.org xəbər verir ki, artıq dünəndən etibarən Bakının əksər apteklərində dezinfeksiyaedici və qoruyucu vasitələr; tibbi spirt, maskalar, qrip əleyhinə dərmanlar yoxa çıxıb. Bəzi məktəblərdə uşaqlara maskasız dərsə gəlməməklə bağlı xəbərdarlıq olunub. Lakin kütləvi şəkildə apteklərə axışan əhali nadir hallarda  maska və spirt tapa bilir ki, onun da qiyməti bir neçə dəfə baha və adambaşı iki ədəddən çox olmamaq şərtilə limitlə satılır.

Hətta ötən gün paytaxtda maskanın bir ədədinin qiymətinin 1-1,5 manata qədər yüksəldiyi bildirilir. Sabunçu rayonu Yeni Ramanı qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, qəsəbədəki əksər apteklərdə nə spirt, nə də maska tapılır.

“1 manatlıq spirt 3 manata satılır…”

Bakının Yasamal rayonunda, “5 mərtəbə” adlanan ərazidə də apteklərdə maska və spirt tapılmır. “Səhərdən Nizami metrosunun yaxınlığındakı neçə apteki gəzdim, hətta məşhur “Çeburaşka” aptekdə də maska tapılmadı. C. Cabbarlı stansiyasının M. Qaşqay küçəsinə olan çıxışı ilə üzbəüz apteklərdə 10 qəpiklik maskanı 1 manata almışam. Fürsətdən istifadə edib nəinki spirt və maskanın, hətta sarımsağın da qiymətini qaldırıblar”,-sosial şəbəkə istifadəçilərindən biri yazır.

Nərimanov rayonundakı apteklərdə 10 qəpiklik maskanın qiymətini qaldıraraq 90 qəpik ediblər. Üstəlik bu gün maskalar ümumiyyətlə yoxa çıxıb, əczaçılar deyiblər ki, əllərində olan maskaları dünəndən satıb qurtarıblar. Yenilərini isə almayıblar, çünki depoda yoxdur.   Əməkdaşlarımız Bakının müxtəlif yerlərində çoxsaylı apteklərə baş çəkiblər, maska və spirt soruşublar. Və hər dəfə mənfi cavab alıblar.

“Depodan gəlmir, limitlə satırıq”

Əməkdaşlarımız şahidi olublar  son günlər Bakı apteklərində ancaq  bu iki sualı eşitmək olar: “Maska var?”,  “Spirt var?”. Və bu sualı verənlər “yox” cavabı alırlar. “Hazırda ölkəyə xaricdən maska gətirilmir. Depodan da deyirlər ki, bütün maskalar apteklərə paylanıb. Elə apteklər də var ki, saxlayıb vəziyyət kəskinləşəndə daha baha satacaqlarlar. Biz isə qiyməti qaldırmamışıq, amma bir nəfərə iki ədəddən artıq satmırıq ki, hamı ala bilsin”, – Nizami küçəsində yerləşən apteklərdən birinin satıcısı deyib.

Cəmi bir neçə saat sonra həmin aptekdə də tibbi maska satılıb qurtarıb.

Nazirlər Kabineti: “Epidemiyadan qorunmaq üçün ölkədə kifayət qədər tibbi ləvazimat var”

Virtualaz.org daha əvvəl də apteklərdə maskaların tapılmaması, qiymətlərinin 4-5 dəfə bahalaşmasını araşdırmışdı. Aptekdən bildirirdilər ki, əcnəbilər, xüsusən, çinlilər tibbi maskaları qutu ilə alaraq öz ölkələrinə göndərirlər. Ölkədə maskaların qıtlaşdığı vaxtda Sumqayıt Şəhər İcra Hakimiyyəti Çinin Mienyan şəhərinə tibbi ləvazimatlar, o cümlədən, 100 min ədəd bone, 40 min maska, 100 min litr spirt, 5 kiloqram xloromin, 1850 tabletka xloramin və sair göndərib.

Nazirlər Kabineti ötən həftə bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən müxtəlif yollarla aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib. Lakin belə görünür ki, artıq gec idi…

Nazirlər Kabineti həmçinin Azərbaycanda sanitar-epidemioloji vəziyyətin xüsusi nəzarətdə olduğunu açıqlayıb. Bildirilir ki,  koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Baş Nazirin sədrliyi ilə hökumət komissiyasının yaradıldığını, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planın təsdiqləndiyini açıqlayıb. Epidemiyadan qorunmaq üçün ölkədə kifayət qədər tibbi ləvazimatlar var.

Xatırladaq ki, Nazirlər Kabineti Azərbaycan vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb. Lakin hökumət İranla sərhədlərin bağlanması haqda qərar verməyib, İrandan ölkəyə tranzit yüklərin və müxtəlif nəqliyyat vasitələrinin daxil olması davam edir.