VİRTUAL MƏKANDA “ATƏŞKƏS” – Prezident seçkiləri ərəfəsində “söyüş kampaniyası”nı genişləndirmək kimə lazım idi?

    9

    Son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı “söyüş kampaniyası”na ara verilib. Bunun səbəbləri haqda danışmazdan öncə qeyd edək ki, söyülənin və söyənin kimliyindən asılı olmayaraq, sosial şəbəkələrdə, eləcə də mətbuatda aşağılayıcı və təhqiramiz ifadələrin işdlədilməsi yolverilməzdir. Bu baxımdan, müəyyən istisnaları nəzərə almasaq, axır zamanlar, xüsusən də prezident seçkilərindən sonra “söyüş kampaniyası”nın dayandırılması müsbət hal kimi dəyəndirilməlidir.

    Bəs, nə baş verdi ki, Azərbaycan vətəndaşları normal, sivil münasibətlər səviyyəsini aşaraq, bir-biri ilə söyüş və təhqir dili ilə danışmağa başladı? Burada maraqlı qüvvələrin əlinin olduğu haqda iddialar nə dərəcədə həqiqətə yaxındır?

    Əlbəttə, hər şey ondan başladı ki, Avropada siyasi mühacirətdə olan şəxslərin ölkədə olan yaxınlarına qarşı qanunsuz olaraq təzyiqlər həyata keçirildi. Doğrudur, buna qədər də həmin mühacirlərin sosial şəbəkədə yazdığı statuslar heç də etik deyildi. Lakin görünür, Azərbaycan hakimiyyətində müəyyən şəxslər bu xoşagəlməz mənzərənin qarşısını almaq üçün sözügedən mühacirlərə yaxınları vasitəsilə təzyiq göstərməyin, yəni onları bu metodla susdurmağın “daha asan yol” olduğunu düşündülər. Bu səbəbdən də mühacirlərin yaxınlarını – valideynlərini, qardaş-bacılarını polis idarələrinə dəvət edərək, onlara təzyiq göstərməyə başladılar. Hətta bəzi hallarda valideynlərindən “övladından imtina”, bacısından “qardaşından imtina etməsi” haqda kağız alıb, onu mətbuatda geniş işıqlandırdılar.

    Şübhəsiz, bu yolla kimlərisə öz yolundan döndərmək, yəni hansısa məmur haqqında tənqidi status paylaşmaqdan, bu və ya digər məmurla bağlı təhqiramiz ifadələrə yol verməkdən çəkindirmək mümkün ola bilər. Ancaq doğmalarına təzyiq göstərməklə mühacirlərin susacağını düşünən hakimiyyət rəsmilərinin yanıldığı ortadadır. Çünki bu cür təzyiq mexanizmi faktiki olaraq “söyüş kampaniyası”na çevrildi ki, nəticədə hətta prezident və ailə üzvləri də hədəfə alındı. Necə deyərlər, “söymə nökər atamı, söyərəm bəy atanı”! Halbuki, buna qədər prezident haqqında təhqiramiz ifadələrə demək olar ki, yol verilmirdi.

    Çox təəssüf ki, vəziyyət getdikcə daha biabırçı bir həddə çatsa da, Azərbaycanda məlum təfəkkürün sahibləri dayanmaqda maraqlı deyildi. Üstəlik, artıq diriləri bir yana qoyub, ölüləri təhqir etdirməklə “qisas almaq” yoluna da əl atdılar. Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunmasını buna misal göstərə bilərik. Deyə bilərsiniz ki, hansısa gənc belə bir iyrənc əmələ əl atıbsa, burada hakimiyyət nümayəndələrinin nə günahı var?! Amma, zənnimizcə, bu, sıradan bir hadisə olsaydı, yəni arxasında hansısa məmur dayanmasaydı, həmin gənclər indiyə qədər çoxdan aşkara çıxarılar və cəzalandırılardı. Və bunun belə də olması lazımdır. Ən azı ona görə ki, bu gənclərin əməlləri faktiki olaraq həmin dönəmdə “atəşkəs” elan edən V.İsgəndərlinin Azərbaycan hakimiyyətinə, xüsusən də ölkə başçısına qarşı daha sərt bəyanatlar verməsi və təhqiramiz ifadələr söyləməsi ilə yekunlaşmışdı. Eləcə də onun qızının başını hansısa meyitin üzərinə montaj edərək, hüquq müdafiəçisinə göndərilməsi də təsadüf bir hadisə deyildi…

    Təkcə yuxarıda sadaladığımız bu iki fakt göstərir ki, kimlərsə xüsusən də seçkilər ərəfəsində ölkə başçısına qarşı “söyüş kampaniyası”nın genişləndirilməsində maraqlı olub. Doğrudur, hakimiyyətə yaxın mətbu orqanlar bu şəbəkənin iqtidar daxilindən deyil, xaricdən idarə olunduğunu iddia etməkdədir. Xatırladaq ki, bu məsələdə ilk olaraq baş nazirin keçmiş müavini Abbas Abbasovun adı hallandı. Belə bir fikir ortaya atıldı ki, Avropadakı “söyüş müxalifəti”ni maliyyələşdirən və onları təlimatlandıran məhz A.Abbasovdur. Daha sonra paralel olaraq sabiq nəqliyyat naziri Ziya Məmmədovun və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı hallanmağa başladı. Sonra isə…

    Qeyd etdiyimiz kimi, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra “söyüş kampaniyası” dayandırılıb. Ən maraqlısı isə odur ki, təkcə Avropada yaşayan siyasi mühacirlər deyil, Azərbaycanda da bu sahədə “atəşkəs” elan edilib. Belə ki, seçkidən sonra hansısa mühacirin ailə üzvləri nə polis idarələrinə çağrılır, nə da onlara bu və başqa formada təzyiqlər edildiyi haqda informasiyalar var. Üstəlik, seçki ərəfəsində Orduxan Teymurxan, Vidadi İgəndərli və s. mühacirləri aşağılayan kadrlar bəzi telekanalların efirindən düşməsə də, indi onlar haqda heç bir fikir yoxdur. Görəsən, nə baş verdi? Seçki ərəfəsində prezidenti Avropda yaşayan mühacirlər vasitəsilə, belə demək mümkünsə, təzyiq altında saxlamaq kimə və nə üçün lazım idi?

    Biz bu suallara cavab aramaqdayıq. Amma görünən odur ki, bu çirkin ideyanın müəllifləri hələ də özlərini “sudan quru çıxarmağa” çalışırlar. Məsələn, aprelin 22-də Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən sabiq deputat, “Quska” ləqəbli biznesmen Hüseyn Abdullayevin həbsindən sonra Avropadakı “söyüş müxalifəti” susduğu haqda iddiaların ortaya atılması heç də təsadüf deyil. Çünki, görünən odur ki, “söyüş kampaniyası”nın ideya müəllifinin Abbas Abbasov, Ziya Məmmədov, Eldar Mahmudov olduğu haqda iddialar ciddi qəbul olunmadığından, indi də bu “donu” Hüseyn Abdullayevin əyninə biçməyə çalışırlar. İddia olunur ki, Türkiyədəki inşaat sektoruna sahib olan Hüseyn Abdullayevin ofisində onun sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirən qrup fəaliyyət göstərir…

    Sözsüz ki, biz Hüseyn Abdullayevi müdafiə etmək fikrindən uzağıq. Ən azı ona görə ki, vaxtilə Azərbaycandakı demokratik qüvvələrə özünün qoçu dəstəsi ilə qan udduran H.Abdullayevi indi necə və hansı adla müdafiə etmək olar?!

    “Quska”nın “söyüş müxalifəti”ni maliyyələşdirməsi haqda iddialara gəldikdə isə, zənnimizcə, bu suala cavab tapmaq üçün onun son illər sosial şəbəkədə paylaşdığı statuslara diqqət yetirmək lazımdır. Bu zaman aydın olacaq ki, prezidenti söydürmək Hüseyn Abdullayevin maraq dairəsində olub, yoxsa yox!

    RƏŞAD, Hurriyyet.org