“Virtual məktəb”in əhatə dairəsi genişlənir

204

“Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin düzgün təşkilinə nəzarət məqsədilə bir sıra imkanlar təqdim olunur. Bu barədə Hurriyyet.org-a Təhsil Nazirliyindən bildirilib:

Portalda direktor və direktor müavinləri üçün rəhbərlik etdikləri təhsil müəssisəsi üzrə bütün sinifləri, siniflər üzrə aparılan bütün dərsləri izləmək imkanı var. Məsafədən təşkil olunmuş dərslərin keyfiyyətinin ölçülməsi, davamiyyətə nəzarət, icmallaşdırılmış məlumatların toplanılması və təhlili imkanları təqdim olunur. Həmçinin xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.

Bununla yanaşı, cari tədris ilində yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür.

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir. Belə ki, 8-14 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 229 618, müəllimlərin sayı 120 885, aktiv istifadəçilərin sayı 804 608 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 4 068 136 olub.

Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

YƏHYA