Vətəndən uzaqlarda Vətənə yaxın olanlar – MİQRASİYA PROBLEMİ VƏ ÇIXIŞ YOLLARI

    6

    Xaricdə yaşayan hər bir azərbaycanlı daspor təşkilatını kiçik Azərbaycan dövləti kimi tanımalı, sevməli və ona arxalanmalıdır

    Müasir dünya milli dövlətlər erasından mühacir dövlətlər erasına qədəm qoymaqdadır. Ekzo-demoqrafik proseslər dövlət siyasətinin sərhədlərinin milli sərhədlərdən çıxarılmasını və vətəndən uzaqda vətənin müdafiəsini təşkil etməyi tələb edir. Artıq qlobal dünyada diaspora və lobbiçilik fəaliyyəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu baxımdan, lobbi və diaspor fəaliyyətinin düzgün qurulması effektli xarici dövlət siyasətinin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edir.

    Azərbaycanda Diaspora Komitəsinin yaradılması nə qədər düzgün addım idisə, çox təəssüf ki, bu Komitənin işinin qurulması bir o qədər yanlış və səmərəsiz olmuşdur. Faktiki olaraq diaspora korrupsiya həyata keçirməyə tabe etdirilmişdir. Bu da diasporlara təsadüfi, naşı, nüfuzsuz və kriminal elementlərin cəlb olunması ilə nəticələnmiş və heç bir diaspor qarşısında duran məsələlərin həllində effektli fəaliyyət göstərə bilməmişdir. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin Diaspor Komitəsinin fəaliyyətində ciddi qüsurların olması ilə bağlı verdiyi bəyanat, məncə, Diaspor Komitəsinin fəaliyyətinə ən yumşaq yanaşma idi. Əslində Diaspor Komitəsinin fəaliyyəti Prokurorluq tərəfindən yoxlanılmalı, bu Komitədə digər dövlət strukturları üçün xarakterik olan korrupsiya halları ciddi şəkildə araşdırılmalıdır.

    Diasporların qarşısında qoyulmuş işin öhdəsindən gəlməsi diasporun təşkili və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsindən çox asılıdır. Məlumdur ki, Azərbaycan diasporu klassik diaspor kimi formalaşmır. Başqa xalqların diasporları adətən kompakt məskunlaşdığından, onları təşkil etmək çətinlik törətmir. Amma gənc Azərbaycan diasporu xarici ölkələrdə dağınıq məskunlaşdığından, onların fəaliyyətinin təşkili ciddi çətinlik törədir. Buradan da diaspor üzvləri ilə işin spesifik qurulması üzə çıxır. Diaspor üzvlərinin diaspor işinə cəlb edilməsi üçün xüsusi proqram hazırlanmalıdır. Əgər bir cümlə ilə diasporun fəaliyyətinin mahiyyətini müəyyən etsək, onda aydın olacaq ki, “diaspora dövlətin xarici siyasətinin effektliyini artırmağa xidmət etməlidir”. Bu zaman isə diasporla bağlı aşağıdakılar həyata keçirilməlidir:
    1. Diasporun təşkili: Diasporun təkilatlanması vacib məsələdir. Vaxtilə Lenin təşkilati işi ictimai-siyasi işin əsas həlqəsi adlandırırdı, hansı ki, düzgün qurulmayan təşkilat heç bir işin öhdəsindən gələ bilməz. Təəssüf ki, bu günə qədər diaspor fəaliyyəti korrupsiya və proteksiya əsasında qurulduğundan, diasporların rəhbərliyinə milli təəsüb hissi olmayan, korrupsiyaya meyl edən, vətənpərvərlik hissi, siyasi şüuru olmayan, xalqına və dövlətinə sədaqətli olmayan insanlar cəlb edilmişdir ki, bunlar da nə diasporun işini düzgün qura bilmiş, nə də xarici siyasətə səmərəli dəstək verə bilmişlər. Diaspor işinin milli məsələlərin həlli üzərində qurulması mühacir müxalifətin bu işə cəlb olunmasında önəmli rol oynayır. Bu baxımdan diasporun daxili siyasətlə məşgul olması qadağan edilməli və yalnız dövlətin xarici siyasətinə dəstəklə məhdudlaşmalıdır.

    Diaspor təşkilatının rəhbərləri mütləq seçkili olmalıdır. Seçkilər şəffaf, ədalətli, vicdanlı aparılmalıdır. Təyinatla diaspor təşkilatlarına rəhbərlik heç bir effekt verə bilməz.

    2. Diaspor üzvlərinin diaspor faliyyətinə cəlb olunması: Məlumdur ki, yalnız idealist insanlar ictimai işlərə meylli olur. Belələri isə çox azdır. Buna görə də diaspor təşkilatları birinci növbədə diasporun əhatə etdiyi ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə yaxından məşğul olmalı, onlara hər cür hüquqi, siyasi, iqtisadi, mədəni və mənəvi dəstək verməlidir. Xaricdə yaşayan hər bir azərbaycanlı daspor təşkilatını kiçik Azərbaycan dövləti kimi tanımalı, sevməli və ona arxalanmalıdır.

    3. Diasporda təbliğat və təşviqat işinin qurulması: Hər şeydən əvvəl Azərbaycan diaspor mərkəzləri yaradılmalı və bu mərkəzlər üçün təbliğat-təşviqat materialları hazırlanmalıdır. Bunun üçün ilk növbədə diaspor kitabxanası yaradılmalı və Azərbaycanın tarixi, mədəniyyəti, elmi, hərbisi, Qarabağ problemi, “erməni soyqırımı” və dünya şöhrətli tanınmış simaları haqqında elmi-publisistik illustrasiyalı xüsusi kitablar çap etmək lazımdır. Məncə, Azərbaycanda çap olunan akademik nəşrlər diaspor fəaliyyəti üçün az effektlidir. Diaspor kitabxanasına daxil olacaq kitablar ən azından Azərbaycan dili ilə yanaşı, beş dildə – ingilis, fransız, alman, ispan və rus dillərində çap olunmalıdır. Diasporların özfaliyyəti diaspor işinə əngəl olduğundan, diasporların fəaliyyəti ilə bağlı əsasnamələr və metodik vəsaitlər çap edilməlidir. Bütün diasporlar hansı işi necə qurmağın üsul və metodlarını mənimsəməlidir.

    Təbliğat və təşviqatın düzgün qurulması üçün diaspor qəzeti və diaspor televiziyası yaradılmalıdır. Bu mətbuat vasitələri diasporların fəaliyyətini işıqlandırmağa, onların bütün dünya üzrə fəaliyyətlərini əlaqələndirməyə xidmət etməlidir.

    4. Diaspor fəaliyyəti: Diasporlarda fəaliyyət beş əsas istiqamətdə aparılmalıdır.

    Birincisi, Diaspor Komitəsi ilə Xarici İşlər Nazirliyinin fəaliyyətinin koordinasiyası. Əgər diaspor xarici siyasətin effektliliyinə xidmət edirsə, onda aydındır ki, diasporların fəaliyyəti Xarici İşlər Nazirliyi ilə birgə proqramlaşdırılmalıdır. Əks halda dasporlar qarşılarında duran heç bir vəzifəni yerinə yetirə bilməz və səmərəsiz fəaliyyət göstərər.

    İkincisi, diaspor üzvlərinin özlərinin dövlətə və xalqa bağlanmasına xidmət edən işlər. Bura milli-dini bayramların təşkili, Azərbaycan mədəniyyətinin və tarixinin diaspor üzvləri arasında təbliği, diaspor üzvlərinin boş vaxtının məqsədyönlü təşkili və s. aiddir.

    Üçüncüsü, digər diasporlarla əməkdaşlıq etmək və disaporların həyata keçirdiyi işlərdə bu diasporların dəstəyini almaq, buna paralel olaraq onların fəaliyyətində aktiv iştirak etmək. Xüsusən türk-islam diasporlarına prioritet vermək lazımdır.

    Dördüncüsü, aborigen icmalarla iş. Bura diasporun yerləşdiyi ölkənin rəsmi dövlət orqanları, siyasi partiyalar, qeyri-dövlət təşkilatları, ictimaiyyətin təmsilçiləri, dini konfesiyaların rəhbərləri ilə əlaqələrin qurulması aiddir. Diasporun yerləşdiyi ölkənin ictimai-siyasi həyatında – seçkilərdə, milli tədbirlərdə və s. yaxından iştirak etmək və bu istiqamətdə yerli əhali ilə təmas halında fəaliyyət göstərmək.

    Beşincisi, Azərbaycan dövləti və xalqının əleyhinə fəaliyyət aparan digər diasporlara qarşı işin qurulması. Bura həmin diasporların fəaliyyətini izləmək, onlara qarşı piyar təşkil etmək, yerli əhali arasında izahat işi aparmaq, kontur tədbirlər görmək, onların keçirdiyi aksiyalara əks aksiyalar təşkil etmək, onları ifşa edən təbliğat və təşviqat işləri görmək.

    5. Diaspor işinə nəzarət: Nəzarət olmayan heç bir fəaliyyət məqsədyönlü və effektli ola bilməz. Diaspor fəaliyyətinin şəffaflığı diasporlar üzərində ictimai nəzarətin təşkilinə xidmət edir. Buna görə də ilk növbədə diaspor fəaliyyətinin şəffaflığı təmin olunmalıdır. Azərbaycan Diaspora Komitəsinin diaspora üzərində dövlət nəzarəti heç də diaspora üzvlərini siyasi nəzarət altında saxlamağa xidmət etməməlidir. Diaspora nəzarəti diasporun inkişafina xidmət edən fəaliyyətin düzgün qurulması məqsədi ilə həyata keçirilməlidir. Diaspora işinin qurulması hədəfləmə prinsipinə uyğun olmalıdır. Xüsusən Azərbaycan dövlətinin maraqlarının müdafiə olunması üçün ictimai dəstəyin tələb olunduğu mərkəzlərdə diaspora xüsusi diqqətdə saxlanmalıdır. Nəhayət, diasporlarla Azərbaycan dövləti arasında əlaqələrin qurulması üçün iki ildə bir dəfə Azərbaycanda və hər hansı bir xarici dövlətdə diaspora qurultayları keçirilməli, bu qurutaylarda diasporanın problemləri müzakirə olunmalı, onların inkişaf etdirilməsi üçün cari və perspektiv proqramlar hazırlanıb qəbul edilməlidir.

    6. Diasporların vətənə bağlanması: Diaspor üzvlərinin vətənə bağlamaq üçün xaricdə ana dilində dünyəvi və dini təhsil təşkil edilməlidir. Artıq vətəndən uzaqda dünyaya gələn yeni azərbaycanlılar meydana çıxmağa başlayıb. Bu azərbaycanlıların öz doğma dillərini öyrənməsi və yad təriqət və məzhəblərin təsiri altına düşməməsi onların gələcək seçimləri üçün xüsusi əhəmiyyət kəsb edir.

    Qeyd: Diaspor işi həm də xarici aborigen Azərbaycan icmaları ilə də işi qurmağı bacarmalıdır. Bura İran, Gürcüstan, Rusiya, Orta Asiya ölkələrinin və s. yerli əhalisi kimi yaşayan, mənşəcə azərbaycanlı olan insanlar aiddir, hansı ki, bu kontingent arasında da işi düzgün qurmaq dövlət siyasətinin gündəmində yer almalıdır. İlk növbədə bu ərazilərdə Ana dilində orta və ali təhsilin təşkilinə təşəbbüs edilməlidir. Çünki öz döğma dilində təhsil almaq imkanı olmayan və ali təhsil üçün Azərbaycana gələn və ya başqa dillərdə təhsil almağa məcbur olan azərbaycanlılarda milli təəssüf və vətən sevgisi, onlar bunu istəməsə də, getdikcə azalır və onlar Azərbaycanla maraqlanmır, Azərbaycan dövlətinin mövcudluğuna laqeyd qalırlar. Bu qrupdan olanlar Azərbaycan tərəfindən diqqətdə saxlanmadığından, assimlyasiya siyasətinin qurbanlarına çevrilir, nəticədə milli və dini kimlikdən qopur, taleyin ümüdinə qalırlar. Bu qruplarla işdə məqsəd onların vətəndaşları olduğu ölkələrin Azərbaycanla bağlı siyasətinə ciddi təsir imkanlarına malik olmaqdır.

    Sərdar CƏLALOĞLU