“Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var” – HÜQUQŞÜNAS

    6

    “Bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir”

    “Absurd 1%-lik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda apardığım mübarizə barədə dəfələrlə yazmışam. Tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya 2017-ci ilin əvvəlindən başlamışam”. Hurriyyet.org xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov deyib.

    Həsənov xatırladıb ki, 2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiasını mümkünsüz hesab etmişdi: “Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi. Ötən ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul etmişdi, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyəti üzrə baxmaq əvəzinə iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin ötən ilin sonunda Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etmiş və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin bu ilin fevral ayında Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Cahangir Yusifov) Ali Məhkəmənin mövqeyi ilə hesablaşmayaraq, artıq 3-cü dəfə iddiamı mümkünsüz hesab etmişdir. Təbii, bu misli görünməyən özbaşınalıqdan yenidən şikayət verdim və Ali Məhkəmə (sədrlik edən hakim İlqar Hüseynov) bir daha mövqeyini təsdiq edərək Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv etdi”.

    “Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var”

    “Beləliklə mübarizə yenə davam edir və Vergilər Nazirliyi xeyrimə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur. Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. Üçüncü dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur. Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu, ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsində hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir”,-deyə hüquqşünas vurğulayıb.

    “Görün, indi bizim məhkəmə sistemindən başqaları nələr çəkir”

    Ə. Həsənov diqqətə çatdırıb ki, 2 ildən çoxdur işə baxılır: “Hələ də iddiamın mümkünlüyü məsələsi həll olunur. Buna nə ad verəsən, axı? Özü də mən hələ vəkiləm. Görün, indi bizim məhkəmə sistemindən başqaları nələr çəkir. Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi nəhayət bu dəfə işə mahiyyəti üzrə baxacaq və Ali Məhkəmə dördüncü dəfə mövqeyini təsdiqləməli olmayacaq. Ən azı ona görə ki, ölkədə məhkəmə-hüquq islahatları gedir”.

    Şamo EMİN, Hurriyyet.org