“Vətəndaşı daimi içməli su ilə təmin edə bilmirsinizsə, çənləri götürməyin” – ELŞAD MUSAYEV

141

“Xətai rayonunda da iki gündən bir su kəsilir”

“Sadə misal çəkirəm. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə binaların üstündəki çənlər götürülüb. Bəhanələri də odur ki, çənlər şəhərin görkəmini çirkin göstərir. Yaxşı, çəni götürdünüz, onda zəhmət çəkin, vətəndaşı daimi içməli su ilə təmin edin, təmin edə bilmirsinizsə, çənləri götürməyin”. Hurriyyet.org xəbər verir ki, bu tələblə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev çıxış edib.

“Onsuz da insanlar hərtərəfli əsəb, stress, problemlər içindədir”

E.Musayev qeyd edib ki, Xətai rayonunda da iki gündən bir su kəsilir: “Günün istisində karantin rejimində bina evində suyu kəsilən, körpələri su istəyən vətəndaşlar nə etməlidir? Adamların karantin rejimini pozaraq ailə üzvlərinə su axtarıb gətirməkdən başqa yolları qalmır. Heç kəs də həmin adamların qabağını kəsə bilməyəcək. Yəni problem bir deyil, iki deyil ki. Hamısı da nəticədə gərginliyə, qarşıdurmaya səbəb olur. Onsuz da insanlar hərtərəfli əsəb, stress, problemlər içindədir. Koronavirus, məhdudiyyətlər, maliyyə sıxıntıları, karantin rejimləri üst-üstə gəlir”.

“Hökumətin bütün strukturları saat mexanizmi kimi işləməlidir”

“Doğrudan da çox şey dəyişməlidir. Bu da bir xəbərdarlıqdır. Karantin öncəsi, karantin dönəmində hökumətin bütün strukturları saat mexanizmi kimi işləməlidir. Şüar da “Hər şey vətəndaş üçün” olmalıdır”,-deyə partiya sədri vurğulayıb.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org