Vergi Məcəlləsinə dəyişikliklərin ƏSAS MƏQSƏDİ NƏDİR?

    39

    Rövşən Ağayev: "Məcəllədə olan, sadə vətəndaşlar və biznes üçün ağırlıq gətirən mexanizmlərin hamısı tənqid edilməlidir"

    Natiq Cəfərli: "Vergi Məcəlləsinə dəyişikliklərdən sonra işçi Dövlət Sosial Müdafiə Fonduna daha çox ödəməyə məcbur olacaq"

    "Təşviq olmasa, ancaq cəzalar yolu, yüksək faizlərlə qarşıya qoyulan məqsədlərə çatmaq, yəni qeyri-leqal iş yerlərinin leqallaşdırılması mümkün olmayacaq"

    Bugünlərdə Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər layihəsini ilk oxunuşda qəbul edib. Bununla da ölkədə gəlir vergisi dərəcələri yenilənir. Təklifə əsasən, gələn ilin yanvar ayının 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirindən vergi tutulmur. Aylıq gəlir 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində vergi tətbiq ediləcək. Layihəyə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulacaq. Qanunla fiziki şəxslər muzdlu işdən 2500 manatadək aylıq gəlirdən 14 faiz vergi verir. Aylıq gəlir 2500 manatdan çox olduqda verginin məbləği belə hesablanır: 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi.

    Məsələ ilə bağlı bir neçə gün əvvəl açıqlama verən vergilər naziri Mikayıl Cabbarov isə bildirib ki, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əməkhaqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır. Onun sözlərinə görə, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır: "Burada aylıq əməkhaqqı 8000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14 faiz həcmində müəyyənləşdirilməsi təklif edilir". Əmək haqqı ilə bağlı iki ödəniş növü – fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir qeyd edib ki, bu ödənişlərin vahid olması təklif edilir: "Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki həmin addım məhz "kölgə iqtisadiyyatı"nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur. Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik".

    Картинки по запросу Rövşən Ağayev

    Vergi Məcəlləsinin demək olar hər il dəyişdiyini, lakin heç vaxt bu qədər ictimai maraq və müzakirə doğurmadığını vurğulayan iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, qızğın müzakirənin ən başlıca səbəbi bu idi ki, Vergi Məcəlləsində həddən artıq geniş təbəqənin – şadlıq evlərinin ofisiantından tutmuş özəl sektorda çalışan həkimədək – maraqlarına toxunan məsələlər vardı: "Eyni zamanda, çoxlu sayda müstəqil ekspert də heç vaxt olmadığı qədər aktiv oldu, media və sosial şəbəkə vasitəsilə rəylərini bölüşdülər. Amma bu müzakirələr ilboyu da ara verməməli, təkcə yeni dəyişikliklikər yox, Məcəllədə olan, sadə vətəndaşlar və biznes (xüsusilə xırda biznes) üçün ağırlıq gətirən, manelər yaradan mexanizmlərin hamısı tənqid edilməli, növbəti dəyişikliklərdə onların təkmilləşdirilməsi (ya da ümumiyyətlə ləğvi) üçün zəmin yaradılmalıdır". Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə görə, mülkiyyətində torpaq sahələri olan şəxslərin bu torpaqları satarkən sadələşdirilmiş vergi ödəməli olduğunu deyən ekspert qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üçün verginin məbləği torpaq vergisinin 2 misli qədərdir: "Lakin həyətyanı sahə olduqda, Bakı şəhəri üzrə hər kvadratmetr üçün 0.6-2 manat aralığında dəyişir, Gəncə, Sumqayıt və Xırdalan üçün isə 0.75 manatdır. Ölkənin əyalət rayonları və kəndləri üçün vahid vergi məbləğidir – 0.25 manat. Burda narahatlıq doğuran 3 məqam var. Birincisi, əgər vətəndaş tikili formasında daşınmaz əmlak satırsa və 5 il həmin əmlaka qeydiyyatı varsa, vergidən azaddır. Lakin lap 30 il əvvəldən sənə məxsus olsa da, zaman limiti qoyulmadan eyni qayda torpağa da şamil edilmir. Həm mənzil, həm torpaq daşınmaz əmlakdır və nədən hər ikisinə oxşar prinsip tətbiq olunmasın? Məsələn, Gürcüstan qanunvericiliyində belədir – istər həyətyanı torpaq, istər tikili (mənzil) son 2 ildə sənə məxsus olubsa, vergidən azaddır. İkincisi, kəndlər üçün verginin məbləği torpaqların mövcud qiymətləri baxımından çox yüksəkdir. Hazırda Azərbaycanda turizm üçün cəlbedici olan, iri şəhərlərə yaxın kəndlər istisna olmaqla kəndlərin tam əksəriyyətində həyətyanı torpaq sahəsi çox ucuzdur. Məsələn, ucqar ərazilərdə, aran yerlərində 15-20 sot torpağın maksimum qiyməti 2000-3000 manat arasında dəyişir. Təsəvvür edin ki, 20 sot (2000 kvadratmetr) həyətyanı sahə üçün 500 manat səndən sadələşdirilmiş vergi tələb edilir. 3000, hətta 4000 manat qiyməti olan torpaq üçün 500 manat vergi görün əldə olunan vəsaitin neçə faizi edir. Bunun üzərinə 150 manatdan çox notarius və xidmətlərini də əlavə edəndə, yük lap ağırlaşır. Üçüncüsü, rayon mərkəzləri ilə həmin rayonun inzibati ərazisi olan kənddə həyətyanı torpaq satışını eyni məbləğdə sadaləşdirilmiş vergi qoymaq nə iqtisadi, nə də Məcəllənin ədalət prinsipi baxımından doğrudur. Rayon mərkəzi və kənddə hər kvadratmetr həyətyanı torpağın qiyməti arasında fərq azı 5-6 dəfə, bəzən daha çox olsun, amma eyni məbləğdə vergi tətbiq edilsin". Rövşən Ağayev hesab edir ki, torpaq alqı-satqısını ticarətə çevirənlərdən vergi tutulmasını normal qarşılamaq olar, lakin şəxsi həyətyanı sahəni satdıqda vergi ödəməyin zərurətini əsaslandırmaq çətindir: "Buna görə, həyəyanı torpaq satışına vergini o zaman tətbiq etmək ədalətli olar ki, bu mülkiyyət, məsələn, azı son 3 ildən az müddətdə sənə məxsus olsun. Amma 30 il mülkiyyətində olmuş şəxsi həyətyanı sahəni satanda vergi ödəməyin zərurətini əsaslandırmaq çətindir. Rüsum ödəmək anlaşılandır, kənddə olan torpaq sahibi mülkünü satanda 150 manata qədər rüsum və xidmət haqqı formasında notarial xərcləri onsuz da çıxır. Azdır bir az artsın, amma bir dəfə ödənsin. Bir sahəyə görə bir dəfə dövlət rüsumu və xidmət haqqı, bir dəfə vergi alınmasın".

    Похожее изображение

    Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, Vergi Məcəlləsinə dəyişikliklərdən sonra işçi Dövlət Sosial Müdafiə Fonduna daha çox ödəməyə məcbur olacaq: "Rəsmilər deyir ki, Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi gizli iş yerlərini rəsmiləşdirmək və Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait cəlb edərək fondun büdcədən dotasiya almasına son verməkdir. Məqsəd aydındır, amma buna nail olmaq üçün dəyişikliklər yetərlidirmi?!" Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsaitin cəlb olunması məsələsinin şübhəli olduğunu bildirən iqtisadçı ekspertin sözlərinə görə, qeyd olunan dəyişikliklər qeyri-neft və özəl sektorda çalışanlara aiddir: "Bu, dövlət və neft sektoruna aid olmadığı üçün onlar köhnə qaydada ödəyəcəklər. Bu dəyişikliklərin əsas məqsədi Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsaitin cəlb olunması və əmək müqavilələrinin leqallaşmasını təmin etmək idi. İndi bu dəyişikliyə görə, vətəndaşın 14 faizlik gəlir vergisi ləğv olunur və onun əvəzinə 10 faizlik Dövlət Sosial Müdafiə Fonduna əlavə ödənişlərin artırılması nəzərdə tutulur. Yəni bu, işəgötürən və iş üçün o qədər də ciddi dəyişiklik deyil. Əvvəlki qaydaya görə işçi fonda əməkhaqqının 3 faizini, işə götürən isə 22 faizini ödəyirdi. Yəni əvvəlki qaydada 500 manat maaşdan işçi 15 manat, işigötürən isə 110 manat, ümumilikdə isə 125 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirdi. Yeni qaydalara görə işçi fonda əməkhaqqının 200 manatdan yuxarı hissəsinin 10 faizi və üstəgəl 6 manat, işəgötürən isə 200 manatdan yuxarı hissənin 15 faizi və üstəgəl 44 manat ödəyəcək. Yəni, 500 manat əməkhaqqından işçi 36, işəgötürən isə 89 manat ödəyəcək. Dövlət Sosial Müdafiə Fonduna ödəniş cəmi nə qədər edir? Bəli, yenə həmin 125 manat. Fond nə qazanır? Hələ ki, heç nə. Sadəcə hökumət düşünür ki, rəsmi iş yerlərinin sayı artacaq, beləliklə də fonda ödənişlərin həcmində də artım olacaq. Yaxşı, işçi və işəgötürən toplamda heç nə qazanmırsa, toplamda onlara heç bir güzəşt olmursa, onların nə marağı olacaq ki, əmək münasibətlərini rəsmiləşdirsinlər?!"

    Natiq Cəfərlinin fikrincə, əslində, işəgötürənin yükünün azaldılması o qədər də nəzərəçarpacaq deyil ki, işəgötürənin rəsmi şəkildə müqavilələr bağlamaqda, qeyri-rəsmi çalışdırdığı adamların hamısını rəsmiləşdirməkdə marağı olsun: "Çünki ödənişlərin məbləği kifayət qədər yüksəkdir. Buna görə də təşviq olmasa, işçilər və işəgötürənlər maraqlandırılmasa, onda yeni qaydalar rəsmi əməkhaqqı ilə çalışanların sayının artımında o qədər də mühüm rol oynamayacaq, hədəflərə çatmaq mümkün olmayacaq. Düşünürəm ki, ilkin mərhələdə həm işçilər, həm də işəgötürənlər üçün ciddi dəstək və güzəştlər olmalı idi. Bu iş ilk 2-3 ildə çox aşağı faiz dərəcələri ilə görülməli idi ki, həm işçilər, həm də işəgötürənlərdə maraq yaransın. Bununla yanaşı, bu sahədə rəqabətli mühit də olmalı idi. Yəni işçilərin və işəgötürənlərin seçim imkanı olmalıdır ki, hansı fondla necə müqavilə bağlasın. İndi isə belə bir seçim imkanı da yoxdur. Yəni hər şey dövlətin əlindədir. Halbuki qanunvericilikdə özəl sektorun da bu sahə ilə məşğul olmasında heç bir qadağa yoxdur. Sadəcə, mövcud reallıq çərçivəsində bunun həyata keçirilməsi mümkün olmadığı üçün dövlət burda yeganə bazar iştirakçısıdır. Hesab edirəm ki, təşviq olmasa, ancaq cəzalar yolu, yüksək faizlərlə qarşıya qoyulan məqsədlərə çatmaq, yəni qeyri-leqal iş yerlərinin leqallaşdırılması mümkün olmayacaq".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org