“Velosiped nəqliyyat kimi populyarlaşacaq” – Tanınmış ekspert dəyişən yanacaq tariflərindən yazdı

432

Yanacağın qiymətinin artması nəqliyyat sahəsinə, xüsusən yük və sərnişin daşımalarına, avtomobil bazarına necə təsir edəcək? Cəmiyyətdə geniş müzakirə olunan bu suallarla bağlı nəqliyyat sahəsi ürə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynovun fikirlərini təqdim edirik. 

Ekspert hesab edir ki, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarına təsir əsasən bunlardan ibarət olacaq:
“1. Yük daşımalarının qiyməti artacaq, çünki yük avtomobillərinin çoxu dizel yanacağı ilə işləyir və 20 qəpiklik artım öz sözünü deyəcək.
2. Taksi ilə sərnişin daşımanın qiyməti də əvvəlki kimi qala bilməyəcək, çünki taksi minik avtomobillərinin əksəriyyəti benzinlə və dizel yanacağı ilə işləyir.

3. Marşrut avtobusları ilə şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarının qiyməti dövlət tərəfindən tənzimləndiyindən burada dərhal qiymət artımı olmayacaq. Amma xidmətin keyfiyyətinin aşağı düşmə ehtimalı var (yanacağa qənaət məqsədilə marşruta buraxılan avtobus sayını azaltmaq, avtobuslar arsında intervalı artırmaq, marşrutların iş müddətini qısaltmaq cəhdləri ilə bağlı). Digər tərəfdən, yəqin ki, müəyyən vaxtdan sonar daşıyıcılar da elə həmin Tarif Şurası qarşısında gediş haqlarının artırılması təşəbbüsü qaldırmağa çalışacaqlar.
Tarif Şurasının son qərarı ilə bağlı məlumatda qeyd olunur ki, sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Lakin bu mexanizm hələ hazır deyil. Yalnız hazır olduqdan sonra bunun nə dərəcədə səmərəli olduğunu görə biləcəyik .

4. Məlumdur ki, rayonlara daşımaların xeyli hissəsi qeyri-müntəzəm fəaliyyət göstərən mikroavtobuslarla icra edilir. Onların da daşıma qiymətinin artıması qaçılmaz olacaq.
5. Müxtəlif istiqamətlərdə çarter sərnişin daşımalarının, turistik daşımaların da qiyməti qalxacaq.
6. Kənd təsərrüfatı işlərinin qiyməti də qalxacaq. Düzdür, Tarif Şurasının son qərarı ilə bağlı məlumatda qeyd olunur ki, kənd təsərrüfatı üçün subsidiyaların məbləğinə yenidən baxılacaq. Bununla belə, texnika ilə görülən işlərin hamısı heç də subsidiyalaşan sahələrdə deyil, ona görə də qiymət artımı qaçılmaz olacaq”.

Hüquqşünas bildirir ki, yanacağın qiymətinin artması avtomobil bazarına və ölkəmizdə avtomobildən istifadə prosesinə də təsir edəcək.
Ekspertin sözlərinə görə, əvvəlki artımlarda da gördüyümüz kimi, aşağıdakılar müşahidə ediləcək:
“1. Avtomobil bazarında bir müddət (ən azı qiymət artımının psixoloji effekti keçənə qədər) durğunluq olacaq. Daha sonra (məsələn 3-6 aydan sonra) əhalinin maddi durumundan və pandemiyanın sonrakı gedişindən də asılı olaraq bazarda tədricən canlanma yaranmağa başlayacaq.
2. Bazarda az yanacaq işlədən avtomobillərə maraq artacaq, təbii ki, bunun əksi olaraq çox yanacaq işlədən avtomobillərə maraq azalacaq.

3. Bazarda sıxılmış qazla işləyən avtomobillərə, hibridlərə və elektromobillərə maraq ciddi surətdə artacaq.
4. Dizel yanacağı ilə işləyən minik avtomobillərinə maraq ciddi azalmayacaq, çünki yenə də dizel yanacağı benzindən 20 % ucuzdur, həm də dizel mühərrikinin sərfiyyatı benzin mühərrikindən əhəmiyyətli dərəcədə azdır.
5. Öz avtomobillərinə sıxılmış qazla işləyən avadanlıq quraşdırmaq istəyən avtomobil sahiblərinin sayı artacaq.
6. Yollarda bir müddət (ən azı qiymət artımının psixoloji effekti keçənə qədər) avtomobil sayı azalacaq. Bir müddətdən sonra əhalinin maddi durumundan və karantin şərtlərindən də asılı olaraq yollarda hərəkətlilik əvvəlki vəziyyətə qayıtmağa başlayacaq.
7. İnsanlar çalışacaqlar ki, yanacağa qənaət məqsədilə avtomobildən istifadəni imkan daxilində azaltsınlar. Bu isə velosipedin nəqliyyat olaraq populyarlaşmasına, ictimai nəqliyyata diqqətin artacağına ümid yaradır. Lakin ictimai nəqliyyata marağı artırmaq üçün orada illərdir yığılıb qalan problemlər həll edilməlidir, ictimai nəqliyyat cəlbedici, komfortlu, təhlükəsiz olmalıdır”.

Ərşad Hüseynov bildirir ki, ümumiyyətlə, yanacağın qiymətini artırılması bir xeyli digər sahələrdə də qiymət artımına səbəb olacaq.
“Hər bir halda pozitiv olmağa çalışın. Bədbinlik heç bir problemi həll etmir, əksinə daha çətin problemlərə gətirib çıxarır“-deyə ekspert vurğulayıb. \\AzPolitika.info