VAŞİNQTONDA BAŞ VERƏNLƏR RUSİYANIN SİFARİŞİDİRMİ? – Trampın Moskva macəraları yenidən gündəmə gəldi

777

Dünən gecədən ABŞ-da başlayan zorakılıqlar dünya gündəminin əsas mövzusuna çevrilib. Ötən il noyabrın 3-də Demokratlar Partiyasının namizədi Co Baydenə uduzduğunu qəbul etməyən prezident Donald Tramp tərəfdarlarını Konqres qarşısına toplayıb. Həmin saatlarda binada hakimiyyətin respublikaçı prezidentdən demokrat rəqibinə keçidini təsdiq edən səsvermə keçirilirdi. Trampın böyük izdiham qarşısında nitqindən sonra yüzlərlə insan Konqresin binasına hücum çəkib. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmada Trampın 4 tərəfdarı öldürülüb. “Facebook”, “Twitter” kimi sosial şəbəkələr prezidentin hesablarını bağlamağa məcbur olub.

Xatırladaq ki, seçkilərin saxtalaşdırıldığını və Trampın qalib gəldiyini təsdiq edən heç bir dəlil ortaya qoyulmayıb. Əksinə, prezidentin nəticələrinə şübhə etdiyi Corciya ştatında Senata keçirilən seçkilərdə respublikaçılar uduzaraq saxtakarlıq iddialarının bir daha doğru olmadığını isbat edib.

 

 

Bəs, Tramp dünyaya örənək olan ABŞ demokratiyasını, seçki ənənəsini niyə şübhə altında qoyur? Bu barədə çoxsaylı iddialar var, onlardan biri də prezidentin Rusiya ilə məxfi əlaqələri ilə bağlıdır. Qeyd olunur ki, Tramp gethagetdə daha böyük zərbə vurmaqla Rusiya kəşfiyyat dairələrinin sifarişini icra edir. Bu iddialar isə hələ Tramp prezident seçilərkən ortaya çıxmışdı.

Ötən 4 il Kremlin ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsi və prezident Donald Trampın Rusiya ilə əlaqələri ilə bağlı qalmaqallarla yadda qaldı. ABŞ-ın və dünya mediasının əsas gündəmi bu hadisə idi. Təfərrüatlara varmadan qeyd edək ki, nəticədə Trampın seçki administrasiyasının bəzi üzvləri, o cümlədən sonralar Ağ Evin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunan Maykl Filin Rusiya ilə məxfi əlaqələrdə təqsirli bilinərək həbs edildi. Donald Tramp prezidentliyinin son günlərində onların hamısını əfv etdi.

Prezidentin Rusiya ilə əlaqələrini araşdıran keçmiş xüsusi prokuror Robert Müller apardığı təhqiqatı Konqresə məruz etdi. O, Tampı təqsirsiz bilməsə də, Rusiya ilə əlaqələrini sübuta yetirə bilmədiyini etiraf etməyə məcbur oldu. Konqresdə keçirilən dinləmələrdə o təhqiqat boyu Ağ Evdən təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı sualları cavabsız buraxmışdı…

Donald Tramp haqqında ən qalmaqallı iddiaların müəllifi isə keçmiş Britaniya casusu Kristofer Steeledir. O “Sövdələşmə və ya Rusiya Donald Trampın qələbəsinə necə kömək etdi” adlı kitabında ABŞ prezidentinin Rusiya xüsusi xidmət orqanları tərəfindən necə ələ alındığını detallı təsvir edib. Kəşfiyyatçının kitabı dünyada böyük rezonans doğurub və nüfuzlu media orqanları tərəfindən tirajlanıb.

 

 

Britaniyanın “The Guardian” qəzeti bu barədə yazırdı ki, Trampın seçki kampaniyası və Kreml arasında mümkün sövdələşmə barədə iddialardan ibarət “partladıcı dosye”nin müəllifi, keçmiş Britaniya casusu Kristofer Steele inanır ki, onun əldə etdiyi məlumatların 70-90 faizi həqiqətdir.

Qəzetin müxbiri Steelenin dostlarına dediklərindən iqtibas gətirir. Steele dosyeyə daxil etdiyi məlumatlara ona görə dərindən inanır ki, onları casus fəaliyyətinin 30 ili ərzində yetişdiridiyi mənbələrdən alıb.

Xatırladaq ki, ABŞ-da Trampın kampaniyası ilə Kreml arasında mümkün sövdələşməni araşdıranlar keçmiş Britaniya casusunun dosyesinə əsaslanmışdılar. “Mən 30 il Rusiya üzrə işləmişəm. Nə üçün nəyisə uydurmalıydım?” – deyə Steele dostlarına bildirib. O, 2014 və 2016-cı illər arasında Rusiya və Ukraynaya dair yüzlərlə kəşfiyyat hesabatı yazıb. Bu araşdırmaları keçmiş kəşfiyyatçıya fərdi müştərilər sifariş etsələr də, onlara dövlət orqanları da ciddi maraq göstərirdilər. Məsələn, məlumdur ki, bu hesabatlar keçmiş dövlət katibi Con Kerri və onun müavini Viktoriya Nulandın masasının üstündə olub. Məhz bu məlumatlar ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaqına reaksiyasını formalaşdırıb. Maraqlıdır ki, həmin kəşfiyyat hesabatlarının əsaslandığı mənbələr əslində Tramp dosyesi üçün məlumatları vermiş mənbələrlə eynidir.

Steelenin hazırladığı hesabatda Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı çəkilmiş və ona qarşı şəxsi kompromat kimi istifadə edilə biləcək seks videoları barədə iddialar da var. Digər tərəfdən, bu hesabatda Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə sövdələşməyə girdiyini iddia edən məlumatlar da yer alıb.

Qəzet yazır ki, Steele öz dostlarına Trampın Rusiya ilə əlaqələrinin miqyasından şoka düşdüyünü deyib. Bundan bir neçə il əvvəl Steele FIFA-da korrupsiyaya dair məlumatları əldə etmişdi. O, bu informasiyanı Romada bir rütbəli FTB agenti ilə birlikdə toplamışdı. Bu kəşfiyyat hesabatı sonradan ABŞ prokurorlarının FIFA rəsmilərinə qarşı iddialarının formalaşmasında əsas rolu oynamış və 7 futbol rəsmisinin həbsi ilə nəticələnmişdi.

Məhz bu epizod Steelenin FTB və ABŞ kəşfiyyatı icmasında nüfuzunun artmasında mühüm rol oynayıb. “O, yaxşı əlaqələri olan, Rusiya casusluğunu və onun bütün fitnə-fəsadlarını yaxşı bilən britaniyalı idi. Steele mötəbər agent sayılırdı” – “The Guardian” qəzeti yazır. Kitabda deyilir ki, Steele MI6-nın agenti kimi Moskvaya 1990-cı ildə göndərilmişdi. O, Moskvadakı Britaniya səfirliyinin maliyyə şöbəsində çalışsa da, bu, əslində pərdə idi. Moskvada olarkən gənc casus 1991-ci ildə Boris Yeltsinin tankın üstünə çıxaraq nitq söyləməsini seyr etmişdi.

Steele 1993-cü ildə Moskvanı tərk etmiş və Parisə göndərilmişdi. Onun adı 1999-cu ildə sızdırılmış casus siyahısında olduğundan Steele bir daha Moskvaya qayıda bilməmişdi. Buna baxmayaraq, 2006-cı ildə keçmiş Rusiya casusu Aleksandr Litvinenkonun ölümünün arışdırılmasını ona tapşırmışdılar.

Steele Tramp kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair özəl kəşfiyyat firması olan “Fusion”-a 16 hesabat göndərmişdi. Lakin 2016-cı ilin iyulunda Trampın Rusiya ilə mümkün bağlarına dair xəbərlər yayılmağa başlayanda, onun mənbələri də susmağa başlamışdılar…

E. Rüstəmli

“AzPolitika.info”