“Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur” – QUBAD İBADOĞLU

54

“Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?”

“Ötən il lobbi quruculuğu üçün yalnız Diasporla İş üzrə Dövlət Komitəsi 3 500 000 manat xərcləyib, amma hələ də xaricdə də birləşə bilmirik. ABŞ-ın Nyu York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir, Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən, bu qədər vəsait nə üçün xərclənib? Odur ki, bu müraciəti xaricdə yaşayan azərbaycanlılara ünvanlayıram”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı?”

“Əziz soydaşlar,  2019-cu ilin dövlət büdcəsinin icrası  haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və  digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi  və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 500 000 manat vəsait xərclənib. Bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi  layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Bununla yanaşı qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diaspora fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?”,-deyə iqtisadçı alim sual edir.

Q.İbadoğlu xahiş edir ki, məlumatlı şəxslər şərh bölməsində fikirlərini yazsın.

“Vətənə qayıda bilməyən tələbələrə  Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı?”

Q.İbadoğlu qeyd edib ki,  ABŞ-da  hər dəfə ölkəmizin yerləşdiyi coğrafiyanı anlatmaq üçün yerli şəxslərə izahatlar verəndə bir çox hallarda qonşularımızı tanıdıqlarının şahidi olub və məyus olub: “Burda olduğum müddətdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir   layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım istəməmişəm, düşünmüşəm ki, ehtiyacı olanlar alsın.  Sizə Fonddan dəstək verilibmi?  Komitədən  layihələr almısınızmı?  Bilən varsa, yazsın görək, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə  Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı?”

“Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə  bölüşdürülməsinə dair açıqlama versə..”

Q.İbadoğlu bildirib ki, suallar çox olsa da, ünvanı birdir: “Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə  bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər hara, necə və kim tərəfindən xərclənib. Bu postu xaricdə üzv olduğunuz facebook qruplarında paylaşmağınızı da xahiş edirəm”.

Şamo EMİN, Hurriyyet.org