Var-dövlətini ələ keçirmək üçün öldürməyə cəhd etdilər

96

Sabunçu Rayon Polis İdarəsi cinayət işini ört-basdır etməyə çalışır

Abuzər Hüseynova: “Həyat yoldaşım və onun qardaşı məni döyməmişdən bir neçə gün əvvəl itə verdikləri zəhərli dərmandan qarışdırıb verdilər”

“Ərimdən eşitmişəm ki, məni döyüb xəsarət yetirməsi barədə polis şöbəsində olan materialı bağlamaq üçün təhqiqatçıya və müstəntiqə pul verib”

Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 22-də qeydiyyatda olan Abuzər Gəncalı qızı Hüseynova Sabunçu Rayon Polis İdarəsində zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə istintaqın qeyri-obyektiv araşdırıldığını bildirib. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin müstəntiqləri Hikmət Vəliyev, Orxan Mustafayev, Elnur Həsənli və Canpolad Nağıyevin fəaliyyətindən şikayətçi olan Abuzər Hüseynovanın sözlərinə görə, o, 05.12.2016-cı il tarixdə saat 10:30-da həyat yoldaşı Nüsrəddin Səməndər oğlu Hüseynov tərəfindən döyülüb və nəticədə ağır bədən xəsarəti alıb.

“Ərim və onun qardaşı məni öldürmək üçün verəcəkləri zəhərli dərmanı itin üzərində sınaqdan keçirdilər”

Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət etdiyini vurğulayan şikayətçi qeyd edib ki, hadisə ilə əlaqədar təhqiqatçısı Orxan Mustafayev tərəfindən araşdırma aparılıb və 02.05.2017-ci il tarixdə material üzrə cinayət işinin başlanması rədd olunub: “Bu cinayətin motivi ərimin qardaşı Hüseynov Fikrət Səməndər oğlunun təşkilatçılığı və rəhbərliyi altında tamah niyyəti ilə məni hansı yolla olursa-olsun öldürmək, 20 il ərzində topladığımız və əldə etdiyimiz var-dövləti, əmlakı ələ keçirməklə satıb talamaq, oğurladığı 40 min ABŞ dolları pulun izini itirmək olub. Bu məqsədlə ərimin qardaşı Hüseynov Fikrət Səməndər oğlu bu işə arvadı Hüseynova Bəşirə Aydın qızını, oğlu Hüseynov Səməndər Fikrət oğlu və qardaşı, ərim Hüseynov Nüsrəddin Səməndər oğlunu cəlb etməklə məni nə yolla olursa-olsun öldürülüb aradan götürmək planının icrasını başlayaraq onu tamamlamaq niyyəti durmuşdur. Onu qeyd edim ki, mən ərimlə 1997-ci ildən rəsmi nigaha girərək Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi ev 22-yə köçüb son illərədək birgə yaşayaraq ümumi ailə təsərrüfatı aparmış, çox saylı qoyun, quzu və keçi saxlayaraq xeyli pul və sərvət toplamışdıq. Elə vaxtlar olmuşdur ki, həyətdə 700 baş qoyun-quzumuz olub. Ərim qardaşı Fikrət Hüseynovun sözü ilə hər il onları birlikdə satıb, pulunu isə qardaşı onun əlindən tutub alıb mənimsəyib gizlədirdi. Ərimin qardaşı Fikrət Hüseyinov xəbər tutub ki, mənim özümün əvvəldən iri məbləğdə şəxsi pul vəsaitim var – 40 min dollar. Bu faktı arvadı Bəşirə Hüseynovaya və oğlu Səməndər Hüseynova da bildirib. Bu vəsaiti oğurlamaq üçün dəfələrlə cəhd etsələr də, onu ələ keçirə bilməmişdilər. Onlar bu planı icra etməkdə əsas tədbiri məni öldürüb aradan götürməklə işi realaşdırmaq idi. Ancaq bu planın yerinə yetirilməsinə onların evə və həyətə gəlməsinə bizim saxladığınız çoban iti mane olurdu. Boz açıq limonu rəngə çalar itimizin əvvəl 5 ədəd balası olmuşdu. Onun balaların 2-si öldü, 3 balası qalmışdı. Bu itlər həyətə kənar şəxslərin gəlib- getməsinə imkan vermirdi. Bunun üçün bu maneəni aradan qaldırmaq lazım gəlirdi. Həm də itin üzərində məni öldürməyə verəcəkləri zəhərli dərmanı sınaqdan keçirərək yoxlamaq dururdu. Mənim bu dəstənin hücumuna məruz qalaraq işgəncəylə döyülməyimdən bir qədər əvvəl ərimin qardaşı Hüseynov Fikrət Səməndər oğlu və özü Hüseynov Nüsrəddin Səməndər oğlu ilə birgə hazırladıqları zəhərli dərmanı qapıdakı itə verdilər. Aradan 3-4 saat keçdikdən sonra it fınxıra-fınxıra yıxılıb öldü. Sonra Fikrət həyətə daxil olub Nüsrəddinlə birgə lapatka ilə qoyunlarımızın yanında quyu kimi yer qazıb iti orada basdırdılar. Mən isə canımın hayında idim. Özümün də bu cür vəziyyətə düşəcəyimi gözləyirdim”.

“Mütəşəkkil dəstə üzvləri – Fikrət, Nüsrəddin, Bəşirə və Səməndər məni öldürə bilmədiklərindən yaşadığım evdən döyüb çölə atdılar və bir daha mənzilə buraxmadılar, hazırda küçələrdə qalmışam”

“Fikrət Hüseynov ərim Nüsrəddin Hüseynovu öyrədirdi ki, ümumi xəstəlik üzrə təyin olunmuş dərmanlarımı qarışdırıb dəyişdirsin və verdikləri zəhərli dərmandan mənə də versinlər” deyən Abuzər Hüseynova bildirib ki, həyat yoldaşı dəfələrlə onun dərmanlarını dəyişib və buna görə də bütün günü halsız olub: “Mən bunu başa düşəndən sonra ondan imtina etdim və ayıq-sayıq olmağa çalışırdım. Lakin onlar məni döyməmişdən bir neçə gün əvvəl həmin zəhərli dərmandan qarışdırıb verdilər. Mən tez duyuq düşüb ağ rəngli zəhərli dərmanı udmayıb geri qaytardım. Durub ağzımı su ilə yuyub yaxalayıb təmizləməyə çalışdım. Daxilə sorulmağa qoymadım. Adi təsadüf nəticəsində bu dəfə də ölümdən xilas ola bildim. Artıq Fikrətlə ərim Nüsrəddin birləşib iti zəhərli dərmanla öldürdükləri vaxtdan sonra onun özü, arvadı Hüseynova Bəşirə Aydın qızı və oğlu Hüseynov Səməndər Fikrət oğlu bizim yaşadığımız evə istədikləri vaxt sərbəst gedib-gəlməyə başladılar. Onlar Hüseynov Fikrət Səməndər oğlunun rəhbərliyi və təşkilatçığı ilə bu zorakı hərəkətlərini 05.12.2016-cı il tarixində 10:30 gündüz döyüb vurmaqla və gecə saat 11:00-da yenidən evə gələrək üstümdəki əyin paltarlarımda gizlətdiyim və baş altı yazdığıma qoyduğum 40 min dolları, qulağımdakı sırğanı da oğurlayıb özgə əmlakını soyğunçuluqla talayıb, aparmaqla növbəti cinayət əməlini törədərək onun mütəşəkkil iştirakçılarına çevrildilər. Bundan sonra həmin soyğunçuluqla ələ keçirilmiş şəxsi vəsaitimi onlardan tələb etsəm də bundan imtina etdilər. Xəstəxanaya düşüb müalicə olunsam da sağlamlığımı bərpa edə bilmədim. Hazırda da müalicəmi davam etdirsəm də başıma vurulan ağır zərbələrin təsirindən heç bir irəliləyiş olmur. Mütəşəkkil dəstə üzvləri – Fikrət, Nüsrəddin, Bəşirə və Səməndər bu üsulla məni öldürə bilmədiklərindən yaşadığım evdən döyüb çölə atdılar və bir daha mənzilə buraxmadılar və hal-hazırda küçələrdə qalmışam. Bundan sonra ərim Nüsrəddinlə birgə saxladığımız 200 baş qoyun-quzu və 18 baş keçini qaynım Fikrət Hüseynov satıb pulunu mənimsədi. Sonra həmin şəxslər tərəfindən çoxsaylı mülki məhkəmə işləri qaldırıldı. Hətta ərim Hüseynov Nüsrəddin Səməndər oğlu ilə 1997-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilərək təsdiqlənmiş rəsmi nigahımızın etibarsızlığı barədə də Sabunçu Rayon Məhkəməsində iş qaldırılsa da o rədd olundu. Hazırda mənzilə köçürməyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da Fikrət Hüseynov onun icrasını təhlükə altına almışdır. Mənim şəxsiyyətimi təyin və müəyyən edən bütün sənədlərim Hüseynov Fikrət Səməndər oğlu tərəfindən oğurlanaraq saxtalaşdırılmış və dublikat saxta sənədlər tərtib olunmuşdur. Hazırda şəxsiyyət vəsiqəmin əsli və nikah haqqında şəhadətnamənin əsli Fikrət Hüseynov oğurlamışdır. Əlimdə bütün bu sənədlərin əsli yox, saxta surətləri var”.

“Buradan yenidən aidiyyatı qurumlara müraciət edirəm ki, mənə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin cəzalandırılması üçün qanunamüvafiq addımların atılmasında yardımçı olsunlar”

Həyat yoldaşı, onun qardaşı və ailə üzvləri tərəfindən döyülməsi, nəticədə ağır bədən xəsarəti alması ilə bağlı bütün müvafiq instansiyalara müraciət etdiyini deyən şikayətçi bunun da fayda vermədiyini vurğulayıb: “Mən 2009-cu ildən insult xəstəsiyəm. Mütəmadi müalicə alıram. Döyüləndən sonra xəstəliyim çox kəskin şəkildə ağırlaşıb, başım əsir. Bu barədə təkrar-təkrar polis şöbəsinə şikayət etmişəm. İlkin olaraq təhqiqatçı Orxan adlı polis əməkdaşı tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı ərimin məni döyüb xəsarət yetirməsini təsdiq edən onun səs yazısını təqdim etsəm də Orxan bunu materiala əlavə edib araşdırmamışdır. Ona görə də mən haqlı olaraq onun qərarından şikayət etmişəm. Nəticədə qərar ləğv edilərək ətraflı araşdırma aparılması üçün istintaq bölməsinin müstəntiqi Elnur adlı əməkdaşa tapşırılmışdır. Lakin onun tərəfindən də heç bir araşdırma və istintaq hərəkətləri aparılmamışdır. O mənim izahatımı belə, almayıb. Qəbul etdiyi qərarı mənə verməkdən imtina edib. Bir qədər bundan əvvəl çətinliklə qərarın surətini onun özündən alanda məlum oldu ki, əvvəlki təhqiqatçının bir vərəqlik qərarını köçürüb, ümumiyyətlə heç bir araşdırma aparmayıb. Onun qanunsuz qəbul eydiyi qərarı barədə müvafiq qurumlara müraicət etsəm də indiyədək heç bir nəticəsi yoxdur. Qeyd edim ki, ərim Nüsrəddinlə birlikdə məni hədələyirlər. Deyirlər ki, səni dəli adı ilə xəstəxanaya saldıracağıq. Bildirirəm ki, evə qayıdandan sonra ərimin özündən eşitmişəm ki, məni döyüb xəsarət yetirməsi barədə polis şöbəsində olan materialı bağlamaq üçün təhqiqatçıya və müstəntiqə pul verib. Odur ki, buradan yenidən aidiyyatı qurumlara müraciət edirəm ki, mənə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin cəzalandırılması üçün qanunamüvafiq addımların atılmasında yardımçı olsunlar”.

Valeh TÜRKSOY

P.S. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.