“Vaqner”in Liviyada törətdikləri şahidin dili ilə

78

Hurriyyet.org xəbər verir ki, qohumları Rusiyanın “Vaqner” özəl hərbçiləri tərəfindən öldürülmüş liviyalı Məhəmməd Əbu Acila Enbis özünü ölülüyə vuraraq rus muzdlularından xilas olduğunu bildirib.

“Middle East Eye” nəşri 28 yaşlı liviyalının taleyindən reportaj hazırlayıb.

Məhəmməd də on minlərlə həmvətəni kimi Xəlifə Həftərin qiyamçı qüvvələrinin paytaxt Triploiyə hücumu zamanı evini tərk eləməyə məcbur olub. Liviyalı doğma rayonundan 2019-cu il sentyabrın 23-də didərgin düşdüyünü söyləyib.

Liviyalı döyüşlərin nisbətən səngidiyi zaman Tripolidən 50 km cənubda, Esbiy rayonunda yerləşən evinə baş çəkməyi qərara alıb.

Enbisin sözlərinə görə, “Vaqner” özəl hərbi şirkərinin muzdluları onu izləyərək ardınca evinə daxil olub, atası Əbu Əcili, qardaşları Hüsam ilə Məhəmmədi, həmçinin kürəkəni Həmzəni ələ keçiriblər. Liviyalının şəxsiyyət vəsiqəsini və mobil telefonunu əlindən alıblar. Enbis onların çox sayda hərbi texnikasının olduğunu və öz aralarında rus dilində danışdıqlarını söyləyib.

Onun sözlərinə görə, onları bir neçə saat ərzində bir yerdən başqa yerə aparıblar. Sonra isə işgəncələr veriblər, atasını, qardaşını və yeznəsini öldürüblər. Məhəmməd özü isə özünü ölülüyə vuraraq möcüzə nəticəsində sağ qalıb.