Valyuta ehtiyatlarımız azalmayıb

30

Baş verən hadisələrin fonunda faktiki olaraq valyuta ehtiyatlarının həcmində əhəmiyyətli azalma müşahidə olunmur

Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 467,8 milyon ABŞ dolları təşkil edib. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,35% çox, son 1 ildə isə 5,3% artıb. Azərbaycanın ümumilikdə valyuta ehtiyatları isə  bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.  Bunun 87%-i və yaxud 43 288,6 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon dollar və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 55,1 milyon dollar və yaxud 0,8% artım olub.

Qeyd edək ki, əslində 2020-ci il fevral ayının sonlarından başlayaraq, bütün dünya o cümlədən Azərbaycan iqtisadiyyatı üçün ağır bir il oldu. Öncə pandemiya, daha sonra xarici ölkələrlə əlaqələrin məhdudlaşdırılması, neftin qiymətinin dibə düşməsi, ölkə iqtisadiyyatının bir çox sahələrinin dondurulması, ardından sentyabr ayının 27-dən başlayan vətən savaşı və sair. Bütün bunlar ölkənin valyuta ehtiyatları üçün risk yaradan faktorlar olsa da statistik göstəricilərin bunun əksini göstərməsi pozitiv bir məqamdır. Bəs görəsən, bu müddət ərzində valyuta ehtiyatlarımızın azalmamasının, əksinə, cüzi də olsa artım nümayiş etdirməsinin səbəbi nədir?

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, xarici səfərlərin məhdudlaşdırılması, idxalın azalması kimi amillər valyuta ehtiyatlarının azalmamasını şərtləndirib: “Burada əsas diqqət ediləsi məqam odur ki, xaricə səfərlər məhdudlaşdırılıb, sərhədlər bağlıdır və bu səbəbdən xarici ticari dövriyyəsində azalma var. Bu azalma əsasən idxal istiqamətində özünü göstərir. İdxalda azalmanın olmasının əsas səbəbi dövlət seqmentindən idxal olunan məhsulların kəskin səviyyədə azalmasıdır. Burada da əsas səbəb odur ki, ötən illərdə ölkəyə fiskal məqsədlərlə qızıl gətirilirdi, bu da idxalın həcmini əhəmiyyətli səviyyədə artırırdı. İkincisi, əhalinin alıcılıq gücünün azalması və yaranmış risklər qarşısında daha ehtiyatlı xərcləmə strategiyasına keçməsi müəyyən qədər digər istiqamətlərdə də idxalın həcminin azalmasına gətirib çıxarıb”.

İqtisadçının sözlərinə görə, xarici səfərlərin minimum enməsi  dolayısı ilə ölkədən uçotdan kənar çıxan valyutanın həcmini müəyyən qədər məhdudlaşdırıb: “Dediyimiz kimi, Azərbaycanda uçotdan kənar pulçıxartmalar kifayət qədər iri həcmdə idi. Bu da səfərlərlə mümkün olurdu. 2019-cu ildə xaricə səfərlər zamanı ölkədən uçot alınmayan, ancaq böyük həcmdə olan vəsaitlər çıxmışdı. Biznes fəaliyyətini həyata keçirən şəxslər də müxtəlif bəhanələrlə, nəzarətin zəif olmasından istifadə edərək və ya digər hansısa sövdələşmələr əsasında uçotdan kənar böyük həcmli vəsaitləri ölkədən çıxara bilirdilər. Sərhədlərin bağlı olması bu istiqamətdə vəziyyətin müsbətə doğru dəyişməsinə gətirib çıxarıb. Məndə olan məlumata görə, qeyri-rəsmi səviyyədə də tapşırıq var ki, valyutanın uçotdan kənar, qeyri-qanuni şəkildə ölkədən çıxması ilə bağlı adekvat tədbirlər görülsün. Qanunların tələbinin üzərində məhdulaşdırıcı  addımlar atılıb. Bu baş verənlərin fonunda faktiki olaraq bizdə valyuta ehtiyatlarının həcmində əhəmiyyətli azalma müşahidə olunmur”.

R.Həsənov vurğuladı ki, valyuta ehtiyatlarının cüzi artımının əsas səbəbi də Neft Fondunun aktivlərinin idarə edilməsi ilə bağlıdır: “Neft Fondunun aktivlərinin strukturunda 5 faizə qədər qızıl var. Qızılın qiyməti bu ilin yanvar-fevral aylarında bu unsiya üçün 1300-1400 dollar arasında dəyişirdi, hazırda isə 1900-2000 dollar ətrafında dəyişir. Aktivlərin qiymətləndirilməsi aparılarkən, eyni zamanda ötən müddət ərzində dolların avroya nisbətdə bahalaşması ilə bağlı məqamlar da  nəzərə alınmaqla, qiymətləndirmələrdə yeni  gəlirlər daxil olmasa belə aktivlərin dəyərində fərq ortaya çıxır. Son qiymətləndirmələrdə də bu, müsbətə doğru fərq edib. Son 1 ildə Neft Fondunun vəsaitlərinin idarəedilməsindən daxilolmalarda da bir pozitiv əmsal var. Vəsaitlərin idarəedilməsindən təxminən 3,5 faiz gəlir əldə olunub. Ümumilikdə bütün bu faktorlar valyuta ehtiyatlarının kəskin azalmasının qarşısını almaqdadır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”