Valideynlərindən miras qalan mənzil ələ keçirilib

183

Sumqayıt sakini Rüstəm Rəhimov evinin qanunsuz olaraq satıldığını iddia edir

“İcra başçısı məsələni nəzarətə götürüb və bununla bağlı göstəriş verib…”

Sumqayıt şəhərində anadan olan Rüstəm Rəhimov illərdir ki, valideynlərindən miras qalan qanuni mənzilini ala bilmir. Belə ki,  1963-cü ildə atası Dədəxan Rəhimov sözügedən mənzildə anasını, daha sonra isə özünü odlu silahla qətlə yetirir. Hər iki valideynini itirən və başsız qalan azyaşlı uşaqlar Qubadlı rayonuna, nənəsinin himayəsinə verilir.

Nənəsinin himayəsində böyüyüb boya-başa çatan Rüstəm Rəhimov 1978-ci ildə hərbi xidmətə yollanır. İki ildən sonra, yəni 1980-ci ildə hərbi xidmətdən qayıdır. O, anadan olduğu Sumqayıt şəhərinə üz tutaraq, qanuni varis kimi ata mənzilinə sahiblənmək istəyir. Rüstəm Rəhimov, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə üz tutur. Orda ondan evin sənədləri tələb olunur. O, Qubadlıya gedərək, evin sənədlərini nənəsindən istəyir. Evin orderi və valideynlərinin ölüm kağızını götürüb, yenidən Sumqayıt şəhər İcra Hakimiyyətinə üz tutur. Şikayətçinin sözlərinə görə, o zaman Sumqayıta Təvəkkül Mamedov rəhbərlik edib.

Müraciət ediliyi ilk gündən, Rüstəm Rəhimovun evlə təmin olunmasıyla bağlı göstəriş verilir. O, uzun illər gözləsə də, hər dəfəsində fondlarında ev olmadığı cavabı verilir. 1992-ci illərdə isə Qarabağda gedən müharibə bəhanə edilir. Son olaraq, ev verə bilməyəcəklərini, bununla bağlı məhkməyə müraciət etmək lazım olduğu bildirilir. Məcburiyyətdən Rüstəm Rəhimov, 2012-ci ildə rəsmi olaraq Sumqayıt şəhər Məhkəməsinə müraciət edir. Məhkəmənin daha şəffaf və ədalətli keçməsi üçün, hətta vəkil də tutur. Evin qanuni varisinin vəkili olan Xanım İbrahimova, ondan işin tez həlli üçün 6000 azn pul istəyir. Pul verməyəcəyi təqdirdə məhkəmənin ədalətli qərar çıxarmayacağını deyir. Xanım İbrahimova 6000 azn-i məhkəməyə verəcəyini bildirir. Lakin, bir neçə ay keçsə də məhkəmə prosesində heç bir irəliləyiş olmur. Əlacsız qalan Rüstəm Rəhimov, faizə pul götürür. Pulu vəkilə verən evin varisi məhkəmədən müsbət cavab gözləsə də, əksi olur. Yaşadığı ünvana məktub gəlir. Məktubu açdıqda məlum olur ki, hakim ədalətsiz qərar çıxararaq, mənzillə bağlı  müraciətin gec ediliyini əsas gətirib. Hər şeydən əli üzülən Rüstəm bəy, kor-peşman vəkili Xanım İbrahimovanın yanına üz tutur. Vəkildən başına gətirdiklərinin izahını tələb edir. Məlum olur ki, Xanım İbrahimova pulu məhkəməyə deyil, şəxsi məqsədləri üçün xərcləyib.

Rüstəm Rəhimov bununla bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə şikayət ərizəsi yazır. Araşdırma aparıldıqdan sonra məlum olur ki, vəkil Rüstəm Rəhimovdan əlavə, müxtəlif şəxslərdən küllü miqdarda pul mənimsəməklə dələduzluq edib. Yalnız, bir həftədən sonra vəkil tərəfindən Rüstəm bəyə 2000 azn ödənilir. Pulun verildiyi gündən bir neçə gün sonra Xanım İbrahimova dələduzluq maddəsiylə həbs edilir. Onun həbsxanada olduğu müddətdən iki-üç ay sonra türmədə dünyasını dəyişir. Yerdə qalan 4000 azn isə zərərçəkənə ödənilmir. Artıq zərərçənin hər şeydən əli üzülüb.

İllərlə kirayələrdə qalan Rüstəm bəy 2019-cu ilin dekabrında Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovun qəbuluna gedir. Bütün olanları başçıya danışır. Zakir Fərəcov, humanist addım ataraq, zərərçəkənin evlə təmin olunmasıyla bağlı göstəriş verir. Lakin, verilən göstərişdən xeyli müddət keçməsinə baxmayaraq, başçının göstərişi yerinə yetirilməyib.

Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovayla əlaqə saxladıq. Sədaqət Əsədova, “Hürriyyət”ə açıqlamasında bununla bağlı icra başçısının göstərişinin olduğunu, lakin hazırda fondda boş mənzil olmadığına görə təmin edə bilməyəcəklərini bildirib:

“Bir neçə ay əvvəl Zakir Fərəcovun qəbulunda olub. Yəni pandemiyadan bir az əvvəl. İcra başçısı məsələni nəzarətə götürüb və bununla bağlı göstəriş verib. Biz də məsələni nəzarətə götürmüşük. İmkan yarandıqca məsələ həllini tapacaq. Hazırda fondda boş mənzil yoxdur”.

Ümid edək ki, Sumqayıt şəhər İcra başçısının göstərişi yerdə qalmaz və illərdir müxətlif bəhanələrlə aldadılan zərərçəkən evlə təmin ediləcək.

YƏHYA

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.