Vətənləşən oğul: XUDA-YAR(ı)

471

Jalə Mütəllimova 

Çox qəribə duyğudur. Adama elə gəlir, hamısını tanıyırsan, bir-bir. Onları deyirəm, ŞƏHİDLƏRİ. Bəlkə 44 günlük vətən savaşında dəfələrlə şəhidlər xiyabanlarını, şəhid məzarlarını dolaşdım. Yeni salınan zabitlər xiyabanını, ikinci fəxri xiyabanı, baş xiyabanı gəzdim. Şəhidlərin dəfn mərasimlərinə qatıldım. Adamın ürəyi soyumur. Təsəlli bir odur ki, qanları yerdə qalmadı.

***

Hər məzardan bir şəkil, bir tarix, bir əsər, bir kitab boylanır adama. Kitab kimi adam olmaq. Kitab adam olmaq, bu sadə iş deyil, gərək kitab kimi həyatın ola. Elə bir həyat ki, o sənə nə verir versin, sən onun verdiklərinə gülümsəyə, sinə gərə, qarşı dura biləsən.

***

Bilmirsən, necə oxşayasan, nə deyəsən, hansının məzar daşına tumar çəkəsən ki, ürəyin soyuya. Əyilib bir ovuc torpaq götürürsən. Torpağı qoxlayıb, ona tumar çəkirsən. Çünki onlar torpaq oğullardır. Can verib, şəhid olub, torpaq olurlar ki, VƏTƏNİN torpağı azalmasın, artsın.

Neçə gündür, düşüncəmdə ağlımdadır o mahnı. Əlibaba Məmmədovun “Vətən yaxşıdır”ı. Ona görə yox ki, sevdiyim sənətkarın ifasıdır, uşaqlıq xatirəsidir. Düzü, Əlibaba Məmmədovda yox, Xuduyla, şəhid kiçik gizir Xudayar Yusifzadə ilə sevdim bu mahnını, illərlə dinləməyimə rəğmən. Tək mən yox, hamı, bütün ölkə sevdi. Və tək ifasını yox, həm də özünü sevdik. Tanımadan ərkiyanə Xudu deyəcək qədər sevdik. Elə rahat, elə sadə, elə canayatan, ürəklə oxuyur ki:

Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar başımda dastana döndü…

*** Bərdə musiqi məktəbinin xanəndəlik sinfində oxuyub Xudayar. Hər kəs onu xanəndə kimi görmək istəyib. Yaxşı səsinə, avazına görə. Çoxdandır təsadüflərə inanmıram, Xudayar bu məktəbə imtahanı hansı ifa ilə qəbul olub, bilirsiniz? “Şuşanın dağları”nı oxuyaraq. Şuşanın dağlarına, Qarabağa gedəcək yoluna ruhu da hazır imiş bu iyirmi iki yaşlı gəncin lap uşaqlıqdan. Anası danışır ki, atası Xudayar lap kiçik yaşlarında olanda dünyasını dəyişib. Xudayardan başqa iki qardaşı, bir bacısı olsa da, hamının gözü, böyüklü-kiçikli Xudayarda idi. İndi nə danışacaq, nə deyəcək, necə zarafat edəcək, nə ifası olacaq. Babası demiş, ailənin “şah uşağı” idi. İndi onsuz hamıya çətindir…

*** Ailənin həm də zəhmətkeşi olub Xudayar. Bacardığı qədər dəstək göstərib anasına, bacı-qardaşlarına. Ona görə də xanəndəliyin necə deyərlər, başını buraxıb. Anasına deyib ki, işləyəcəm, o çağacan ki, forma versinlər mənə. Bütün hərbi formalara həsədlə baxırmış. Ancaq heç bir cəhdi onun həyatının zəruri təsadüfünəcən alınmayıb…

*** Hərənin uğura aparan, ən böyük arzuya yetirən bir zəruri təsadüfü olur. Odur ki, siz siz olun, heç biriniz təsadüf sözünə inanmayın. Təsadüfün özü belə zərurətdir. Təsadüf olmaq zərurəti. Xadayar üçün o zəruri təsadüf, mühaizəçi kimi çalışdığı marketdə baş verib. Günlərin birində müdiri ona irad tutur:

-Niyə maşınımın qapısın açmırsan, mən işə gələndə?

-Müdir, mən mühafizəçiyəm, marketdə, iş müqaviləmdə müdürün qapıaçanı yazılmayıb axı.

-Həəə? Onda işdən azadsan, gedə bilərsən…

Bu təsadüfi söhbətə mağazada, mülkü geyimdə alış-veriş edən bir nəfər də şahid olur. Tanımadığı adam, mühafizə əşyalarını təhvil verən Xudayara yaxınlaşır, ona diqqətlə baxır, gülümsəyir və yavaşca deyir ki, sabah səhər saat doqquzda sənədlərini də götür, ol, Dövlət Sərhəd Xidmətinin qarşısına. Sakitcə “baş üstə”, – deyir Xudayar, beləcə, hərbi formada olmaq arzusu gerçəkləşir, sərhədçi olur. Dövlət Sərhəd Xidmətində işə başlayır. Bu, onun uşaqlıq arzusu idi.

Döyüşlərə qatılmasından ailəsi xəbərsiz olub. Anasına deyib ki, təlimlərdəyik, olar ki, hər gün zəng edə bilmərəm, narahat qalma… “Amma bir gün danışırdıq, kənardan bərk silah səsləri gəldi. Səsi dəyişdi, heç nə deməsəm də həyəcanlandım və susdum. Dedi ana qorxma, uşaqlar atəşfəşanlıq edir, bu gün Azərbaycan ordusu Zəngilana girib. Heç bildirmədim ki, harada olduğunu anladım. Dedim şükür, hamınıza anan qurban bala, özündən muğayat ol! Güldü bir zarafat da elədi, sonra sağollaşdıMən daha onun səsini eşitmədim”, – Xudayarın anasının dediklərindədir bu fikir.

*** Bu il sentyabrın 27-də başlayan 44 günlük vətən savaşında iştirakı isə könüllü idi. Çünki oxuduğu kimi, axı “Vətən yaxşıdır”. Elə doğrudan da “VƏTƏN yaxşıdır”, ay Xudu. Noolsun ki, iki yüz yetmiş doqquz manatlıq telefonu, on beş manat aylıq kreditlə almışdın, hələ də ödənişini bitirməmişdin, Allah haqqı “VƏTƏN yaxşıdır”. Sənə ev olur, yuva olur. Bir gün dünyadan köç edib gedəndə də hamı səndən əl çəkir, dönməyəcəyin üçün, amma vətən sənə ana qucağı olur, qoynuna alır…

Sən o vətənin illərdir düşmən tapdağında olan böyük bir parçasının düşməndən azad edilməsi üçün yerinin, torpağının üstə iyirmi iki yaşınla döyüşdün, onu azad edənlərdən oldun. Bununla da bitmədi xidmətin, şəhid olub torpağına qarışdın ki, duruşu əzəmətli, əli sərt, özü qətiyyətli olsun Vətənin.

Gübrəli torpağın neməti qısır olar deyirlər, amma şəhid qanı dəyən torpaq, Allahın da hüzurunda seçilmişlərdən, bərəkətlilərdən olar. Sən torpağını seçilmiş və bərəkətli edən seçilmişlərdən oldun, üzü gülər, qəmzəli, xuda yar(ı) olan oğlan!..

*** Bunu da bir şəhid anasından eşitdim bu günlərdə: “dizimin quvası, gözümün ziyası, bircə günə qocalmışam, ay əlimin əsası”…

…Və “Vətən yaxşıdır” deyən bütün dillərə, fəda gedən bütün canlara, qazi olan ər oğlanlara ithafdır bu – yazar və ana ithafı.

02.12.2020.