VƏTƏNİN VƏTƏN DAŞI – VİDEO

162

Qəhrəman kimdir? Ömrünü Allah, din, vətən, torpaq , bayraq, millət yolunda fəda edəndir qəhrəman! Belə qəhrəmanlardan yazdıqca ürəyim köksümə sığmayacaq qədər qürrələnir. Çünki qəhrəmanların canlarını torpağına qatdığı vətəndə yaşayıram.
Hər zaman həyat kitabını vərəqlədikcə yeni bir qəhrəmanlığı, şücaəti ilə tanış olduğum Rasim Məmmədov adlı bir qəhrəman. Ürəyi vətən sevgisi ilə döyünən unudulmaz bir insan. Qısa ömür sürüb tarixin yaddaşına həkk olunan şəhidim. İstər şəhadətindən öncə istərsə də şəhadətindən sonra bu insan kiçikdən böyüyə hər kəsin qəlbinə yol tapmağı bacarmışdı. Onun qəlbi bir başqa idi. Ən böyük mücadiləsi torpaq uğrunda idi. Ata- babalarından miras qalan hərbiçi sənətini qürurla davam etdirirdi. Onun tək amalı işğal altında olan torpaqlarmızı azad etmək idi. Elə o özünü dərk edəndən bu amalının ardınca getməyə başladı. Hərbiçi atanın oğlu da hərbiçi sənətinin sirlərinə dərindən yiyələndi. Bu vətənə istedadlı hərbiçilər lazım idi. Çünki bu vətənin qara bəxtli Qarabağını ağ günə çıxarmağın vaxtı idi. Bu minvalla Rasim ömrünü vətənə həsr etdi. Sözün əsl mənasında öz ömrünü vətənə fəda etdi. Hər dəfə düşməndən qisas alıb dərin bir “ohhh” çəkən mayor Məmmədov Rasim Əbdül oğlu son döyüşündə də düşmənə qan udduran qəhrəmanlardan oldu. Nə Rasim nə də Azərbaycan istəməzdi ki,o, Qarabağı tam azad etmədən şəhid olsun. Ancaq Rasim bütöv Qarabağı azad edə bilməsə də Lələ təpənin azadlıq sevincini duydu. Bu gün Rasim sevərlərin bircə təsəllisi odur ki, Rasim azadlığın sevincini yaşayıb və yaşadıb. Mən, sən, ümumilikdə xalq olaraq biz, mayor Rasim Məmmədovu tanımalıyıq. Hər kəs bilməlidir ki, 20 may 1977-ci ildə Naxçıvan şəhərinin Babək rayonunun Cəhri kəndində Əbdül Məmmədov və Bəsti (Nazilə) Məmmədovanın ocaqlarında Rasim Məmmədov adlı bir qəhrəman dünyaya göz açıb. O qəhrəman ən uca zirvə olan şəhadət zirvəsinə ucalıb. Şəhid adı isə ürəklərdə silinməyən iz salıb. Vətəni canından çox sevən vətənin layiqli vətəndaşı bu gün vətən daşına çevrilib. Ruhu ən uca zirvəni fəth edən şəhidimin Cəhri kəndindəki məzarı üstündə ucalan şanlı bayraq şəhidimin uca məqamından xəbər verir. Bu məzar bizim and yerimiz, bu məzar bizim səcdəgahımızdır.

ŞƏHİD VƏTƏN DEMƏKDİR

Cənnətin sakini olan şəhidim,
Adını duyanda qəlbim ah çəkir.
Ömür kitabına nəzər salanlar,
Fəxarət toxumun qəlbində əkir.

Sən özün vətənsən, sən özün torpaq,
Onunçün məzarın and yerimizdir.
Şəhid məzarında ağılar deyil,
Səslənən hər zaman öz himnimizdir.

Budur şəhidliyin nuru, işığı,
Göyün də, yerin də zülmətin yarır.
Rasim tək şəhidi olan bir millət,
Özünü dünyanın məğruru sayır.

Şəhid məzarında dikilən bayraq,
Mənimçün vətənin özü deməkdir.
Elə vətən üçün şəhid olanı,
Vətənin övladı bilmək gərəkdir.

Müəllif: MANYA SƏXAVƏTQIZI

HURRİYYET.ORG