Vətənin qoxusu yad ola bilməz

591

Şəhid əmisini muradına çatdıran igid Murad

İkinci Qarabağ savaşına  könüllü qatılan igidlərimizdən Murad Rəfail oğlu İsmayılzadə indi də QAZİ kimi Vətənə xidmətini davam etdirir. Muradın əmisi İsmayıl Barat oğlu 27 il qabaq doğulduğu Zəngilan uğrunda son damla qanınadək 7 igid polis döyüş  dostu ilə birgə  vuruşub şəhid olub, yurd yerini, savaş meydanını qoyub qaçmayıb. 7 igid polisimiz  hələ də itkin sayılırlar . 27 il idi şəhidlərimiz muradlarına qovuşacaqları  günü , muradlarına çatdıracaq AĞ ATLI OĞLANIN GƏLİŞİNİ gözləyirdilər. İgid Murad əmisinin muradını gözündə qoymadı , onun canını-qanını verdiyi torpağa qalib əsgər kimi ayaq basdı. Görmədən vurulduğu, dədə-babasının söhbətlərindən aşiq olduğu Vətənin azadlığı uğrunda iki ən böyük addan birini- QAZİ adını QAZANDI.

Muradın bir gündə necə böyüdüyündən Qarabağ cəbhəsində xəbər tutduq. 44 gündə səsi “qırıla-qırıla” gəlirdi. Heç demə, başı döyüşməyə qarışdığından səsi zəfərdən-zəfərə eşidilirmiş. Günlərin birində döyüşçü bibisi oğlu ilə də rastlaşır. Beləcə dayoğlu-biboğlu əmi-dayılarının qanları ilə suvardıqları Qarabağda QAZİLİK EDİRLƏR. Vətən eşqi igidlərimizi şair də edib, Murad İsmayılzadə “Vətənin qoxusu yad ola bilməz” yazıb Qarabağdan :

Torpaqdan yaranıb oda dönmüşük,

Dəli küləklərdən alışmışıq biz.

Yağış sularında bir gün sönmüşük,-

Əfsus bu taleylə barışmışıq biz .

 

Neçəsi oxuya-oxuya gedib

Azadlıq ətirli qoxuya gedib.

Şirin duyğularla yuxuya gedib

Ancaq sayıqlayıb danışmışıq biz.

 

Yanıb ocaq olub qalanmasaq da ,

Havalı gəncliyə sulanmasaq da.

Vətənin daşından yaranmasaq da

Daş olub torpağa qarışmırıq biz.

 

Tarix yazmayandan ad ola bilməz!

Torpaq ola bilməz, od ola bilməz!

Vətənin qoxusu yad ola bilməz!

Bəlkə də əzəldən tanışmışıq biz.

 

Muradın gözündən axır qanlı yaş

Silinməz tarixdən bu qanlı yaddaş.

Sonuncu ümidlər ölsə də, qardaş,

Gəl ki ətəyindən yapışmışıq biz.

VƏTƏN SƏNƏ OĞUL DEYİR, MURAD!

Məğrur Bədəlsoy