“Vətəndaşlar virusdan çəkinməlidirlər, cərimədən yox…” – “Biznes çox ağır dövrünü yaşayır”

330

Karantin pozuntusuna görə cərimələrin yenidən sərtləşdirilməsi gözlənir. Bu, İnzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan dəyişikliklərdən irəli gəlir. Dəyişikliklər layihəsinin dekabrın 18-də Milli Məclisdə müzakirəyə çıxarılacağı bildirilir.

Mövcud məcəlləyəəsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə (maddə 211) fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər də 3000 manatdan 4000 manatadək cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs, hüquqi şəxslər də 4000 manatdan 10000 manatadək cərimə edilə bilər.

Nə təklif edilir?

Təklif olunan dəyişikliyəəsasən, həmin pozuntulara görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək inzibati həbs, hüquqi şəxslər isə 5000 manatdan 11000 manatadək cərimə edilə bilərlər.

Üç dəfə sərtləşdirmə

Bundan əvvəl, sonuncu dəfə bu il iyunun sonunda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr iki dəfə artırılmışdı. Halbuki, parlament elə həmin ay, iyun 2-də də İXM-yə dəyişikliklər edərək karantin qaydaları ilə bağlı məsuliyyəti ağırlaşdırmışdı.

Pandemiya başladıqdan sonra, bu il marın 17-də isə Milli Məclis bu məsələ ilə bağlı İXM və Cinayət Məcəlləsində cərimələrin, cəzaların dairəsini müəyyən etmişdi. Əslində, onda da qanunvericilikdə sərtləşdirmə həyata keçirilmişdi.

“Müsbət tendensiyaların şahidi olduq”

Deputat Fəzail Ağamalı mövzu ilə bağlı “Turan” agentliyinə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə təklifə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılıb: Bunun zəruriliyi və nəticəyə uyğun olduğu ciddi müzakirələrdən sonra komitə səviyyəsində qəbul edilib və dekabrın 18-də keçiriləcək Milli Məclisin iclasının gündəliyinə salınıb”.

 

Deputata görə, pandemiyanın ilkin mərhələsində insanları karantin rejimini pozmaqdan çəkindirmək üçün İnzibati Xətalar Məcəlləsinəəlavələr etmək lazım oldu: “Bu tədbir müsbət nəticəsini göstərdi və biz müsbət tendensiyaların şahidi olduq”.

F.Ağamalı deyib ki, hazırda koronavirusun yeni mərhələsi başlayıb: “Azərbaycana da bunun ciddi təsirləri var. Bunun qarşısını almaq üçün, təbii ki, maarifləndirmə işləri aparılır, insanlarımız vəziyyətin gərgin olduğunu görərək üç vacib şərti – maska, məsafə, gigiyenaya hökmən riayət etməlidir. İnsanlarımız başa düşməli, qəbul etməlidir ki, bütün bunları edərsə, yoluxmaya bilər. İstənilən yerdə bu üç yanaşmadan istifadə olunmalıdır. Hüquqi və vəzifəli şəxslərin məsuliyyətini daha da artırmaq lazımdır. Təqdim olunan layihədə fiziki şəxslərlə bağlı cərimədə dəyişiklik yoxdur. Ancaq qanunu pozan vəzifəli və hüquqi şəxslərə tətbiq olunan cərimələrin məbləği artırılır”.

“Sırf cərimələr hesabına…”

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, cərimələrin artırılması məsələnin həllində çıxış yolu deyil.

“Paralel olaraq təşviqedici addımlar, müəyyən izahat proqramları da olmalıdır. Bunlar birgə addımlayarkən effekt verir. Ona görə də, Azərbaycan hökuməti düşünürsə ki, sırf cərimələr hesabına müəyyən qaydalara riayət olunmasına nail olacaqlar, bu, düzgün yanaşma deyil”, – o, “Azadlıq” radiosuna bildirib.

N.Cəfərli bildirib ki, biznes çox ağır dövrünü yaşayır: “Bu il Azərbaycan da, bütün dünyada olduğu kimi, çox ağır iqtisadi dövr yaşayır. Rəsmi rəqəmlər də artıq bunu sübut edir ki, iqtisadiyyatda ciddi problemlər var. Ümumi daxili məhsulun (ÜDM) azalması var, biznes çalışa bilmir. İndi belə bir şəraitdə yenidən əsasən biznes strukturlarında çalışan hüquqi və vəzifəli şəxslərə qarşı belə bir cərimə artırılması onların məsuliyyətini artırmaqdan çox, onlara əlavə yük olacaq”.

 

İqtisadçı qeyd edib ki, bəzi hallarda hüquqi şəxslər günahı olmadığı halda cərimələnir: “Bəzən doğrudan da hansısa ticarət obyektinə girərkən bəzi şəxslər maskanı taxmır və ya səhv taxır. Obyektin əməkdaşları onlara yaxınlaşırlar, xahiş edirlər, bəzən tələb edirlər ki, məsafəni gözləsinlər, maska taxsınlar. Ola bilər, həmin anda yoxlama da olsun və həmin hüquqi şəxsə böyük məbləğdə cərimələr yazılsın…”.

N.Cəfərliyə görə, bu onu göstərir ki, virusla bağlı təbliğat, insanları inandıracaq və onların davranış qaydalarına təsir edəcək məsələlərdə hökumət aciz qalıb: “İnsan özü inanmalıdır ki, maskanı taxsın, əllərini təmiz saxlasın və fiziki məsafəni qorusun. Bunu zorla, cərimə ilə etmək çox çətindir. Ona görə bu cəzaların hesabınadır ki, vətəndaşlar çox vaxtı görüntü xatirinə maskadan istifadə edir. Cərimədən çəkinirlər, virusdan yox. Belə etmək lazımdır ki, vətəndaşlar virusdan çəkinsin, cərimədən yox”.