“Vətəndaş müharibəsinin baş verəcəyi ehtimal olunan 6 ölkədən biri Türkiyədir” – XAQANİ CƏFƏRLİ

93

“Yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmada davam edəcək”

“Dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə bağlı MI 6 adı ilə tanınan Gizli Kəşfiyyat Xidmətinin (Secret Intelligence Service, SIS/Military Intelligence) beyin mərkəzləri dünyanın 6 ölkəsində vətəndaş müharibəsinin baş verəcəyini proqnozlaşdırır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq bildirib ki, MI 6-nın beyin mərkəzinin qorxunc proqnozuna görə, vətəndaş müharibəsinin baş verəcəyi ehtimal olunan 6 ölkədən biri Türkiyədir: “Beyin mərkəzinin hesabatına görə, Türkiyədə yaxın 8-10 ay ərzində vətəndaş müharibəsi baş verə bilər. Hesabatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan məzhəb ayrı-seçkiliyi olan ehtiraslı romantik bir lider kimi bəhs edilir. Eyni zamanda, Türkiyənin iqtisadi böhran astanasında olması statistik məlumatlar əsasında təsvir edilir və bunun sosial partlayışa səbəb olacağı ehtimalının yüksək olduğu qeyd edilir. Hesabatda Türkiyədə etnik ziddiyyətlərin artması, xüsusilə də ölkədə olan 4.5 milyon suriyalıya qarşı xalq arasında qəzəbin artması vətəndaş müharibəsinin baş vermə ehtimalın artıran səbəblər kimi göstərilir. Bu hesabat olmadan da Türkiyədə işsizliyin kəskin artması nəticəsində sosial gərginliyin artdığı hər kəsə məlumdur. Türkiyədə olan 4.5 milyon suriyalıya qarşı toplumda kəsin narazılığın olduğu son bələdiyyə seçkiləri zamanı açıq görünmüşdü. Türkiyə cəmiyyətində dini müstəvidə münaqişələrin olma ehtimalı da yüksəlib. Xüsusilə cəmiyyətin dindar hissəsinin dindar olmayanlara qarşı açıq təhdidləri güclənib”.

Xaqani Cəfərlinin sözlərinə görə, iş o həddə çatıb ki, dövlət televiziyası olan TRT 1-in efirindən dindar bir qadın prezident Ərdoğanın hakimiyyətdən gedəcəyi halda dindar olmayan qonşularını öldürəcəklərini, öldürüləcək şəxslərin siyahısını hazırladıqlarını açıq şəkildə bəyan edir: “Ən maraqlısı budur ki, belə çııxşlara qarşı hüquq-mühafizə orqanları heç bir tədbir görmür. İqtidarın siyasi partiyalar və Vəkil Büroları haqqında qanunları dəyişməsi, müxalif “Tele 1” və “Halk tv” kanallarına təzyiqi artıraraq onları bağlamağa çalışması,Yılmaz Özdil kimi cəmiyyətdə böyük nüfuzu olan ziyalıları təqib etməsi, onları həbs etmək niyyətinə düşməsi türk toplumunda gərginliyi daha da artırır. Bir çox nüfuzlu ictimai xadimlər iqtidarın təzyiqlərinin qarşısını almaq üçün müxalifəti dinc müqavimətə çağırırlar. Aydın görünür ki, yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmada davam edəcək. Bu isə ingilis beyin mərkəzinin qorxunc hesabatı reallığa çevrilmə ehtimalını artırır. Son olaraq onu da qeyd edim ki, bir müddət əvvəl ABŞ-ın beyin mərkəzlərindən birinin Ədoğanın hakimiyyətdən qanla, yoxsa qansız gedəcəyi ilə bağlı araşdırmasının mövcud olduğu üzə çıxmışdı. Azərbaycanın təbii müttəfiqi olan Türkiyədə vətəndaş müharibəsinin olma ehtimalı belə bizim üçün qəbul edilməzdir. Amma Türkiyədə baş verən proseslər bizim arzularımızdan asılı deyil”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org