“Vətəndaş məsuliyyətli olmalıdır ki, vəziyyətdən çıxaq, yoxsa…” – Deputat

78

Koronavirus pandemiyası yayılandan bəri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət və hökümət strukturları özündən asılı olan hər şeyi etdi və bu proses indi də davam edir. Görülən tədbirlərdə başlıca məqsəd insanların salamat qalması və sağlamlığının qorunmasıdır.

Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclsinin deputatı Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı hökumət sosial-iqtisadi məsələləri də həll etməyə başladı. 190 manat yardımın verilməsi, tibbi spirt istehsal edən zavodun, tibbi maska fabrikinin açılışı bu sıradandır:

“Göründüyü kimi, bütün yük dövlətin çiyinlərindədir. Amma hər şeyi dövlət və hökumət strukturları da edə bilməz. Belə məsələlərdə çox şey ayrı-ayrı vətəndaşların davranışlarından asılıdır. Bu işdə cəmiyyət mütəşəkkil olmalıdır. Amma təəsüf ki, bəzi vətəndaşlar karantin rejimi yumşalan kimi restoranlara, çayxanalara axın etdilər. Heç bir qayda gözləmədilər. Nəticədə virus daha geniş yayılmağa başladı. Çox yerlərdə, ictimai nəqliyyatda maskasız, çayxanalarda az qala bir-birinə yapışmış halda əyləşirdilər.

Açıq söyləmək lazımdır, hökumət hər avtobusa, metro qatarlarının hər vaqonuna, hər dükana bir polis nəfəri təyin edə bilməz. Vətəndaş özü məsuliyyətli olmalıdır”.

Musa Qasımlı vurğulayıb ki, belə məsuliyyətsizliyin nəticəsində həm ölkəyə, həm də vətəndaşa ziyan dəyir: “Axı, vəziyyətdən gec çıxmaq iqtisadiyyata ağır təsir göstərir. Dövlət büdcəsi nə qədər davam gətirə bilər? Bu gün toylar dayandırılıb, nə qədər ailələr gözləyir. Bir daha deyirəm, cəmiyyətimiz mütəşəkkil olmalıdır.

Azərbaycan dövləti nə istəyir? Sadəcə hər bir şəxsin özünün sağlamlığını qorumasını… Tibbi maska taxsın, sosial məsafəni gözləsin və gigyena qaydalarına riayət etsin. Bunula ailəsinin, övladlarının, qohum-əqrəbasının, yaxınlarının qorunmasına kömək etmiş olar. Bu sadə bir formuldur”.