Vətəndaş cəmiyyətinin inkişafında könüllülər hərəkatının rolu

120

Bu gün dünyanın bir çox ölkəsində könüllü iş gündəlik sosial təcrübəni təşkil edir: insanlar ağac əkmək, sağlam həyat tərzini təbliğ etmək, ekoloji aksiyalar keçirmək, konfranslar, forumlar təşkil etmək, hüquqpozulmalarının profilaktikasını həyata keçirmək və ümumi problemləri həll etmək üçün bir yerə toplaşırlar.
Qlobal səviyyədə könüllü işin unikal xüsusiyyətləri və imkanlarını qeyd edən BMT öz qətnamələrində könüllülüyün dövlətlərin sosial-iqtisadi inkişafın milli strategiyalarının tərkib hissəsinə daxil olunmasını tövsiyə edir ki, son onillikdə bu, Azərbaycanda da geniş şəkildə özünü göstərir.
2009-cu ildə prezident İlham Əliyev “Könüllü fəaliyyət haqqında” Qanun imzalamışdır. Bundan başqa, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın məqsəd və vəzifələrinə ölkədə könüllülük hərəkatını inkişaf etdirmək, gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi daxildir.

Könüllülük həm də insanlıq dəyəridir

Milli-mənəvi dəyərləri daim uca tutan xalqımız əsrlər boyu xeyirxahlıq və mərhəmət hisslərilə yaşamış, ən çətin və ağır sınaqlardan milli birliyi, dövlətə sadiqliyi sayəsində qalib çıxmağı bacarmışdır. Son aylarda dünyanı qəflətən bürüyən COVİD-19 pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Qeyd edək dövlətimizin qısa müddət ərzində ardıcıllıqla həyata keçirdiyi kompleks tədbirlər və qəbul edilən qərarlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə ərazisində tətbiq edilən karantin rejimi yaranmış vəziyyətin ağırlaşmasının qarşısını nəzərə çarpacaq dərəcədə alaraq, yoluxma və ölüm halları digər ölkələrlə müqayisədə az sayda nəticələnib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamalarında pandemiyanın Azərbaycan ərazisində yayılmasının qarşısını almaq məqsədilə atılan addımların yüksək qiymətləndirilməsi buna əyani sübutdur. Bu çətin günlərdə ölkəmizdə könüllülər hərəkatı daha da geniş vüsət alıb və cəmiyyətimiz artıq könüllülərin hər bir təşəbbüsünü yüksək dəyərləndirir. Ölkə başçısının, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan könüllülər hərəkatı son aylarda ciddi sınaqla üzləşmiş oldu.
Pandemiya ilə mübarizənin öz həyatlarını təhlükə altına ataraq xəstələri ölümnən xilas edən tibb işçilərindən, karantin rejimində əsayişi qoruyan Daxili İşlər Nazirliyinin əməkdaşlarından, müxtəlif dövlət qurumlarını təmsil edən əməkdaşlardan ibarət olan dəstələrin sıralarına dövlətimizin yaşından, peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq diqər vətəndaşlar da könüllü əsaslarnan qoşulublar. Öz enerji və bacarıqlarını xeyirxahlıq naminə səfərbər edən könüllülər pandemiya ilə mübarizədə dövlət qurumlarına etibarlı yardımçı olurlar.
Bu gün cəmiyyətdə yeniyetmə və gənclərdən, həkim və müəllimlərdən, idmançı, sahibkar və digər peşə sahiblərindən ibarət olan könüllülər ordusunun ilk və ağır sınaqdan uğurla çıxacağına, öz nəcib və xeyirxah əməlləri ilə ölkə başçısının təşəbbüsü ilə gerçəkləşən “Biz birlikdə güclüyük” kampaniyasına öz layiqli töhfəsini verəcəyinə möhkəm inam yaranıb.
Dövlətimiz bu gün kifayət qədər güclüdür və hər zaman öz vətəndaşlarının yanındadır. Lakin bu cür çətin və ağır vəziyyətdə xeyirxahlıqla bağlı vətəndaş təəssübkeşliyi nümayiş etdirən könüllülərimizin fədakarlığı dövlətin gücünə güc qatmaqdadır. Fərəhləndirici haldır ki, bu günlərdə həm ölkəmizdə yaşayan vətəndaşlarımız, həm də xaricdə yaşayan soydaşlarımız aztəminatlı və imkansız ailələrə, ehtiyacı olan insanlara öz kömək əlini uzadır, onların qayğısına qalır, ahıl yaşlarına çatmış tənha insanları ərzaq və lazımi vasitələrlə təmin edirlər.

Gəncliyin özünütəsdiq üçün imkanlar sayəsində kğnüllülük

Könüllülük anlayışı qarşılıq gözləmədən, ödənişsiz olaraq cəmiyyətin problemlərini həll etmək məqsədilə həyata keçirilən fəaliyyəti nəzərdə tutur. Bəşər tarixində elə bir cəmiyyət yoxdur ki, könüllü və qarşılıqsız yardım ideyaları ona yad olsun. Bir şəxsin və ya qrupun bütövlükdə cəmiyyətə, yaxud ayrı-ayrı şəxslərə etdiyi könüllü yardım bəşəriyyətin insani ideallarına qarşılıqsız xidmət ideyalarına əsaslanır, qazanc əldə etmək məqsədi güdmür.
Azərbaycanda XIX əsrin axırlarında XX əsrin əvvələrində xeyriyyə cəmiyyətləri acılaraq aktiv fəaliyyətə başlayırlar. Cəmiyyətlərdə insanların könüllü, ödənişsiz fəaliyyətlərini görə bilirik. Tarixə nəzər salsaq fransız dilindəki “volontaire” kəlməsi latıncadakı “voluntaries”dən törəmişdir və hərfi mənada “könüllü, istəkli” mənasını bildirir.
Könüllü maddi qarşılıq gözləmədən çalışan və sosial cəhətdən əhəmiyyətli layihələrin həyata keçirilməsinə töhfə vermək istəyən şəxsdir. Könüllülər hərəkatında könüllü kimi iştirak edən şəxs ödənişsiz, şəxsi imkanları daxilində, öz istəyi ilə və digər könüllülərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bir çox insanlar üçün könüllü fəaliyyət tənhalıq hissinin aradan qaldırılması məqsədini daşıyır. Könüllülük insanın dəyərləri və hədəflərini özünə uyğun bildiyi hər hansı bir qrupun üzvü olmaq kimi təbii ehtiyacını ödəyir.
Təcrübə göstərir ki, çox vaxt insanlar yalnız peşələrinə uyğun işləməklə özlərini reallaşdıra bilmirlər. Könüllülük insanlara hansısa problemlərin həllində iştirak etmək və kiməsə faydalı olmaq imkanı ilə bərabər, özündən məmnunluq hissinin təmin edilməsinə kömək edir. Bu hərəkat dünyanın bir çox ölkəsində cəmiyyətin inkişafı üçün getdikcə vacib mənbəyə çevrilir. Bu işdə təhsil səviyyəsindən, peşəsindən və gəlirindən asılı olmayaraq boş vaxtını könüllü işə həsr etmək istəyən əhalinin bütün təbəqələri iştirak edir.

2001-ci il dünyada “Könüllülər ili” elan edilmiş və elə həmin ilin yanvarında Ümumdünya Könüllülər Bəyannaməsi qəbul edilmişdi. Bəyannamədə deyilir ki, könüllülük vətəndaş cəmiyyətinin təməli və dəyərlərin qorunması, möhkəmləndirilməsi, fərdi inkişaf yolu, habelə insan potensialının dərki ilə vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsidir. Qlobal səviyyədə könüllü işin unikal xüsusiyyətləri və imkanlarını qeyd edən BMT öz qətnamələrində könüllülüyün dövlətlərin sosial-iqtisadi inkişaf üzrə milli strategiyalarının tərkib hissəsinə daxil olunmasını tövsiyə edir.
Son illərdə bu, Azərbaycanda da geniş şəkildə özünü göstərir. Bu sahədə atılan ən böyük addım, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” imzaladığı Sərəncamdır. Bu addım gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Ölkəmizdə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə ali təhsil müəssisələrinin təşkilatlarının geniş fəaliyyətləri görə bilirik.

Qeyd etmək lazımdır ki, 2019-cu ildə Azərbaycan Gəncləri Gününə həsr olunmuş çıxışında prezident İLham Əliuev dövlətimizdə fəaliyyət göstərən bütün mərkəzi və yerli icra hakimiyyətlərinə gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoymuşdur.

Sosial innovasiyalar və gənclik

Ölkəmizdə fəaliyyət göstərən bütün mərkəzi və yerli icra hakimiyyətlərində ötən ildən başlayaraq “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin koordinasiyası ilə “Könüllü fəaliyyət” layihələri həyata keçirilməyə başlanılmışdır.

Qeyd etmək istərdik ki, layihələr iki ay davam edir. Layihələrdə istənilən gənc təhsilindən asılı olmayaraq iştirak edə bilər. Layihə cərçivəsində gənc könüllülər bütün fəaliyyət istiqamətləri barədə məlumat əldə edirlər. Könüllülərə mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən keçirilən tədbirlərin təşkilində, o cümlədən vətəndaşların qəbullarında yaxından iştirak edərək praktiki təcrübə əldə etməyə imkan yaradılır. Təcrübə kursunu başa vurmuş gənclərə sertifikatlar təqdim olunur.

Könüllü təcrübəsi gənclər və tələbələrə nə verir ?

Hər hansı bir gənc eşitdiyi və bildiyi ixtisas üzrə arzuladığı ali təhsil müəssisəsinə qəbul olur. Uğurla və həvəslə təhsil almağa başlayır. Lakin həvəsli və bilikli tələbə təhsil aldığı ixtisası üzrə hansı peşə üzrə əmək fəaliyyətinə başlayacağı haqqında əsasən məlumatı olmur, seçim etməyə cətinlik cəkir.
Təhsil aldığı dörd il ərzində tələbə ixtisası üzrə istənilən mərkəzi və ya yerli icra hakimiyyətlərinin bir neçəsində təcrübə proqramına qoşularaq, peşə vərdişlərini və təcrübi biliklərini əldə etdikdən sonra hansı peşə üzrə əmək fəaliyyətinə başlaması qərarını verə bilir. Hesab edirəm ki, cənab Prezidentinin bu tövsiyəsinin həm dövlətimizin kadr siyasətinə, eləcədə gənc mütəxəssislərin gələcəyində böyük əhəmiyyəti olcaqdır.

Yekunda qeyd etməliyəm ki, yaranmış vəziyyətlə bağlı ölkəmizdə tətbiq olunan sosial izolyasiya qaydalarına riayət edərək, özümüzü və ətrafdakıları ümumbəşəri bəladan qorumaq bu gün ən başlıca vəzifəmizdir. Könüllülərin isə humanitar yardım və texniki dəstək göstərilməsi, insan haqlarının qorunması üzrə ölkəmizdə ümumi rifahın inkişafında əhəmiyyətli rolu vardır.

“Hürriyyət”

*

İctimai və dövlət maraqlarının müdafiəsi