Vətəndaş cəmiyyətinin coğrafi hüdudları

261

İstənilən hər hansı bir dövlətin daxili və kənardakı coğrafi hüdudları strategiyasının önə çıxmasında vətəndaş cəmiyyəti institutlarının da önəmli yeri vardır. Azərbaycan Respublikası bu mənada aşağıdakı prinsipləri qarşıya hədəf qoyub:
1. Azərbaycanın Qafqaz regionu ilə uzlaşmış və tarixi ənənələrə soykənən irsi,
2. Azərbaycanın son iki yüzillik tarixində Rusiya və Slavyan dünyası dolayı yolla olsa da ortaq məxrəci,
3. Azərbaycanın dövlət müstəqilliyinə qovuşduqdan sonra, Qərblə, yəni Avropa bir sıra institutları ilə inteqrasiyası,
4. Azərbaycanın müsəlman dövləti kimi İslam Dünyası ilə həmrəylik fəaliyyətləri,
5. Azərbaycan və dünya azərbaycanılarının vahid etnos kimi həmrəyliyinin inkişaf etdirilməsi.

Faktiki olaraq, Azərbaycan dövləti müstəqillik illərində bu beş sahə üzrə əlaqələrin və inteqrasiyanın inkişafında maraqlı tərəf kimi iştirak edbidir. Ötən müddətdə bir sıra uğurlara imza atıb. BMT, Avropa Şurası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla əlaqələr buna örnəkdir. Təbii olaraq bu sahələrdə dövlətlə yanaşı həm də vətəndaş cəmiyyəti institutları da bu inteqrasiya prosesində iştirak edir.

2020-ci il Dünya Azərbaycanlılarının möhtəşəm həmrəyliyinə çevrildi

Ən müasir Azərbaycan tarixini heç kimsə unutmayıb. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildi. Hərbi sahədə əldə edilmiş bu uğur böyük rezonans doğurdu. Çoxları gözləmirdi ki, “Cocuq Mərcanlı” bir sınaq idi. Yəni, 30 ildir erməni işğalında olan ərazilərimiz gün gələcək ki, tamamilə azadlığına qovuşacaq. Budur, 2020-ci ilin sentyabr ayı gəldi. Gözlənilən məqamın özü yetişmidi. Dövlət vətəndaş cəmiyyəti ilə birlikdə iki yüzillik tarixin ən möhtəşəm salnaməsinə birlikdə imza atdı. Bu uğuru əldə etmək üçün, Azərbaycan dövlət olaraq ötən müddətdə bütün beynəlxalq birliklə gərəkən addımları atmışdı. Avropa Birliyi‎, Avropa Şurası‎, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı‎, BMT, Böyük səkkizlik, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası‎,  GUAM‎, ISO, MDB, YUNESKO‎, Afrika İttifaqı, Avropa Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, TİKA, BMT Qaçqınlar üzrə Ali Komissarlığı, BMT Təhlükəsizlik Şurası, BMT Uşaq Fondu, BMT-nin İnkişaf proqramı, Xəzərin su bioresursları Komissiyası, ICESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qərbi Avropa Birliyi, NATO, Türk Şurası, Ümumdünya Ticarət Təşkilatı, Qoşulmama Hərəkatı və digər yüzlərlə beynəlxalq qurumlarla Azərbaycan bir dövlət olaraq strateji mənada çoxtərəfli münasibətləri inkişaf etdirmişdi.  Ona görə də II Qarabağ Müharibəsi başlayan andan etibarən beynəlxalq səviyyədə nüfuzlu qurumlar açıq şəkildə olmasa da, Azərbaycanın yanında yer aldılar. Beləliklə daxili və xarici faktorlar zamanında öz sözünü deyə bildi. Ən əsası Azərbaycanın daxilində vətəndaş institutlarının dərhal dövlətin yanında yer alması idi. Düşmən tərəfin böyük ümidlər bəslədiyi daxili çəkişmələr və separatizm hədəfləri heçə endi. Halbuki, belə bir ümidlə Ermənistan tərəfi yeni qələbələr əldə edəcəyini gözləyirdi. Rəsmi İrəvanın fitnəkarcasına uzun müddətdir hazırladığı planlar göyə sovruldu. Ən əsası xaricdəki soydaşlarımız II Qarabağ Müharibəsinə görə dövlətin və Milli Ordumuzun əldə etdiyi uğurlara məhtəşəm dəstək verdilər. Beləliklə də dünya azərbaycanlılarının həmrəyliyi Ermənistanın və erməni diasporunun məğlubiyyətinə səbəb oldular.

Regionda ən güclü dövlət modeli

Qafqaz regionunda superetnos bucağından baxıldıqda azərbaycanlılar tarix boyu hər zaman öndə olublar. Ona görə də, Azərbaycana məxsus mədəni, iqtisadi və sosial məsələlər başqa xalqların etnokulturoloji, iqtisadi və ictimai həyatında dominantlıq təşkil edibdir. Buna bütün Qafqaz xalqları tarixi zərurət kimi yanaşıblar. Xüsusilə XIX əsrdə mədəni dünyada baş verən texnoloji inqilabi dəyişikliklər Azərbaycan xalqına və regionumuza olan maraqları daha da artırıbdır. Kapitalizm inkişaf etdikcə, mədəni dəyərlər baxımından da Azərbaycan Qafqaz regionunda öndə gedirbdir. Teatr və opera sənətinin inkişafı, yeni standartlara cavab verən məktəblərin açılması, ilk dəfə beynəlxalq standartlar çərçivəsində peşəkar mühəndis kadrlarının hazırlanması və s. məsələlərdə Qafqazda Azərbaycan müasir tələblərin şərtlərini gündəmə gətirməyi bacarırdı. XX əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində ölkəmiz bir daha Qafqaz regionunda əsas söz sahibinə çevrilmişdi. Bir Avropa dövlətlərinin xüsusilə enerji resursları məsələsində böyük maraqlarının olması faktını kimsə inkar edə bilməz. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, ölkə olaraq ilk sırada yer almağımıza qarşı çıxan Ermənistan və erməni hərbi revanşizmi Qafqazda bitr sıra problemlərə səbəb oldu. İndi Gürcüstanda yaşanılan Abxaziya və Cənubi Osetiya problemlərində ermənilərin əldə silah qardaş ölkəyə qarşı apardığı soyqırımlar və eləcə də Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi nəticəsində 1 milyon 700 min nəfərə qədər məcburi köçkün və qaçqınlar ordusu yaranmışdı. İndi Azərbaycan Ordusunun müzəffər qələbəsi nəticəsində Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Ermənilərin demək olar ki, Gürcüstan, Abxaziya və Cənubi Oseityada dayaqları tamamilə sarsılmışdır. Azərbaycan yenə də tarixi missiyanı öz üzərinə götürərək Qafqazda dominantlıq etməkdədir. Bütün bunlar təbii olaraq dövlət və vətəndaş cəmiyyətinin harmonik işbirliyinin nəticəsində baş verir. Artıq Qafqazın digər bölgələrində də Azərbaycana qarşı süni şəkildə yaradılmış xoşagəlməyən bəzi  münasibətlər aradan qaldırılmaqdadır. Qafqazın bütün regional strukturları ölkəmizlə sıx təmasda olmaq üçün maraqlı təklifllərlə çıxış etməyə başlayıblar. Azərbaycanın mövqelərinin bu qədər güclənməsi regionunun lider dövlətinə çevrilməsinin təsdiqidir.
Artıq ermənilərə və lobbisinin şirnikdirici bayağı təbliğatlarına kimsə inanmaq istəmir.
Aparılan araşdırmalara görə, Azərbaycanda ölkədaxili vətəndaş cəmiyyəti və dövlət arasında olan münasibətlər indiki templə inkişaf edərsə, o zaman Qafqazda hədəfə çevrilən regional inkişaf prosesləri öz təbii axarı ilə irəli çıxacaq. Çünki, ermənilər bu prosesdə iştirak edə bilmək hüququndan məhrum qalıblar. Yaxın dönəmdə bütün məcburi köçkünlərimizin doğma torpaqlarına geri dönmələri, Qarabağda xalqımızın əvvəlki illərdə olduğu kimi öz həyat normasını tənzimləməsi həm də regionda iqtisadi baxımdan Azərbaycanın yüksəlişinə səbəb olacaqdır. Aqrar sektorla yanaşı, dağ-mədən, sənayeləşmə və sair infrastrukturlar bu prosesdə önəmli rol oynayacaqlar.

Uğurlu qələbə yeni zəfərlərin başlanğıcıdır

II Qarabağ Mühaibəsindən iki ay ötsə də, Azərbaycanda bu məsələ heç də eyforik həddə çatmadı. Dövlət və vətəndaş cəmiyyəti son müharibə dönəmində olduğu kimi, uzlaşmış dəyərlərə böyük sayğı ilə yanaşır. Faktiki olaraq, hamı Ermənistanın işğal altında saxladığı 30 illik əsirlikdə qalmış ərazilərimizə BÖYÜK DÖNÜŞ prosesləri ilə daha çox ilgi göstərilir. Bu da öz növbəsində vətəndaş cəmiyyətinin yeni quruculuq prosesində fəal şəkildə iştirakı ilə müşahidə olunur. Çünki, hamının çox yaxşı bildiyi bir acı gerçəklik var: “Ermənistanın işğalçılıq siyasəti torpaqlarımızı ələ keçirməklə deyil, həmin bəlgələrdəki mövcud təbii sərvətləri talamaqla yanaşı daşı-daş üstünə qoymayıblar. Ona görə də hər bir kəndimiz sıfrdan qurulmalıdır. Quruculuq prosesi isə, dönməz iradə ilə dövlət siyasətinin bir parçası olaraq inkişaf etməkdədir. Artıq yol-nəqliyyat infrastruktunun işə başlaması, elektrik, içməli su, rabitə və s. xətlərin çəkilməsi, yerli icra hakimiyyəti strukturlarının normal fəaliyyəti üçün binaların inşa edilməsi mərhələsinə başlanılıbdır. Sərhədlərimizin qorunması üçün mühəndis qurğu sistemlərinin qurulması müşahidə olunur. Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasətindən geri çəkilmək istəməyən Ermənistanla sərhəd bölgələrində nəzarət-buraxılış məntəqələrinin, hərbi kazarmaların və digər sosial xarakterli binaların inşa edilməsi BÖYÜK QURUCULUQ işlərinə olan ümidləri daha da artırır. Azad edilmiş torpaqlarımızda ən böyük problemlərdən biri də ermənilərin ötən 30 il ərzində torpaq sahələrimizdə yerləşdirdiyi minalardır. Mütəxəssislərin bildirdiyinə görə, ərazilərimizin minadan təmizlənməsi üçün bəzən illər lazım olacaq. Çünki, minalanmış ərazilərin xəritəsi yoxdur. Ona hər yerdə rast gəlmək olar. Bu addımbaşı günahsız insanların ölümü və ya ömürlük əlil qalması deməkdir. Dövlət və vətəndaş cəmiyyətinin birlikdə səyləri nəticəsində bu problemlərin aradan qaldırılmasını hər kəs yaxşı dərk edir. Bu istiqamətdə əhali ilə vətəndaş cəmiyyəti təşkilatları tərəfindən aparılan maarifçilik təbliğatının işinin səmərəli olması göz önündədir. İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində Türkiyə, İtaliya və s. ölkələrin şirkətlərinin iştirakı Qarabağla bağlı Azərbaycanın beynəlxalq səviyyədə mesajı deməkdir. Burada hər şey şəffaf olacaq. Təbii olaraq, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə birlikdə. II Qarabağ Müharibəsinin ardından Cənubi Qafqazla bağlı beynəlxalq layihələrə yenidən baxılması və iqtisadi baxımdan daha səmərəli ola biləcək düzəlişlərin edilməsi bu prosesdə iştirak edən bütün dövlətlərin maraqlarını daha da artırmışdır. Tarixi “İpək Yolu”nun (TRASEKA) layihəsində Bakı-Tiflis-Qarsla yanaşı, Bakı-Qafan-Naxçıvan-Qars dəmiryol xəttinin bu prosesə cəlb ediləcəyi daha böyük perspektivlər vəd edir. Beləliklə Qarabağın strateji əhəmiyyəti də artacaqdır. Bu nəhəng strateji əməkdaşlıqdan qazanan tərəf iştirakçı dövlətlər olacaqdır. Vətəndaş cəmiyyəti və dövlətin bir bütün olduğu ölkələr məhz bu prinsiplər əsasında inkişaf edirlər. Azərbaycanın istədiyi budur.

“Hürriyyət”