Vətəndaş cəmiyyətinin birliyi dövlətin bütünlüyü deməkdir

30

27 sentyabr 2020-ci il tarixdə Ermənistanın silahlı quldur dəstələrinin Azərbaycana qarşı yenidən hücumlarını başlatması çoxdan gözlənilən yeni proseslərə səbəb oldu. Belə ki, Azərbaycanda vətəndaş cəmiyyəti bütün Qafqazı ayağa qaldıra biləcək iri addımlarla geniş üfüqləri fəth etməyə başladı. Bu, hakimiyyət və müxalifət, cəmiyyət və dövlət arasında bağların yeni məzmunda inkişafına təkan verdi. 50-dən çox siyasi partiya müharibə şəraitində fəaliyyətlərini donduraraq dövlətin yanında yer aldığını elan etdi. Bununla yanaşı, ölkə prezidenti və onun komandası indiki şərtləri yüksək səviyyədə qiymətləndirməyə başladı. 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsini vətən namusu kimi əbədiyyən dövlət olmanın standartlarını irəli sürən Milli Ordumuz bir-birinin ardınca bir ay ərzində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, azad etməklə yanaşı, eləcə Ağdərə və Xocavənd rayonlarının bir qismini düşməndən təmizləməyi bacardı. Bu faktların hamısı bir daha sübut etdi ki, vətəndaş cəmiyyətini yüksək dəyərlərlə önə çıxanda dövlət üçün daha böyük uğurlar qarşımızdadır. Hər kəsin istədiyi də budur. Vətən torpaqları bütöv olsun, 30 ildir işğalçılıq siyasətinə son qoyulsun, 1 milyona yaxın vətənfdaşımızın öz dədə-baba torpaqlarına geri dönməsi kimi problemlər həll edilsin.

Azərbaycan dünya birliyinə ərazi bötüvlüyü adına apadığı mücadilə ilə cavab verir

Faktiki olaraq, Azərbaycanın Ermənistanın işğalçı qüvvələrinin 30 ildir işğal etdikləri torpaqlarda bir-birinin ardınca acınacaqlı şəkildə məğlub olması dünya birliyinin gözü qarşısında baş verir. Heç bir dövlət, beynəlxalq qurum müharibənin dayandırılması ilə bağlı ölkəmizə qarşı sərt təpkilərlə çıxış edə bilmir. Ona görə ki, Azərbaycan tərəfi təcavüzkar kimi deyil, işğalçı qüvvələrdən doğma torpaqlarının azadlığı üçün addım atır. Bütün sosial şəbəkələrdə, TV kanallarda, KİV-lərdə və digər toplantılarda ölkə üzrə müxalifət partiyalarının liderləri və funksionerləri, vətəndaş cəmiyyəti qurumları, eləcə də mövcud iqtidarın ən yüksək səviyyədə nümayəndələri vahid komanda kimi bu prosesdə iştirak edirlər. Bax budur əsil vətəndaş birliyi. Vətəndaş cəmiyyəti. Ən doğru-düzgün atılan addımlar. Milli Ordumuzun müzəffər addımları isə, bu prosesin demək olar ki, vətəndaş cəmiyyətinin simvoluna çevrilibdir. Azərbaycan həm də bir dövlət olaraq, beynəlxalq miqyasda açıq və ya qapalı şəkildə olsa da, böyük dəstək qazanmaqdadır. Şərqi Avropanı təmsil edən Ukrayna, Moldova, Polşa, Macarstan, Rumıniya, Çexiya, Slovakiya, Serbiya, Sloveniya, Litva, Latviya, Estoniya, Bosniya-Hersoqovina, Çernoqoriya, Makedoniya, Gürcüstan və digər dövlətlər Azərbaycanın yanında olduqlarını ilk gündən elan etdilər. Ona görə ki, “occupation” (işğalçılıq) kimi dərin siyasətin hər hansı bir xalqın və ya dövlətin taleyində nə kimi fəsadlara yol açdığını onlar yaxşı bilirlər. Avropa Birliyi, Avropa Şurası, BMT və digər beynəlxalq quruluşlar da Azərbaycana qarşı hər hansı sərt təpkiləri nümayiş etdirə bilmədilər. Çünki, Azərbaycanın daxilində vətəndaş cəmiyyəti dövlət səviyyəsində ortaq vahid komanda şəklində addımlayırlar. Ona görə də Ermənistanın işğalçılıq siyasətinə açıq ya və ya gizli şəkildə olsa da, öncələrdə olduğu kimi, gərəkən dəstəyi verə bilmirlər.
Bu da öz növbəsində Azərbaycanın ərazilərini azad etmək istiqamətində əldə etdiyi uğurlara heç bir kölgə sala bilmir.

Biz qaçqın-köçkün xalq olmaq istəmirik

Ötən həftə Ermənistanın silahlı qüvvələri müxtəlif dərəcəli silahlardan və uzaqvuran toplardan Bərdə rayonunun mərkəzinə azından 200 mərmi atdı. Dinc əhali panikaya düşüb 1990-cı illərdə olduğu kimi, hər şeyini yığışdırıb qaçmadı. Əksinə, TV efirinə çıxaraq: “Mən buradan qaçacam. Ancaq, üzü Xənkəndinə doğru” fikrinin səslənməsi ağır mərmi yağmurları altında qalan, ev-eşiyi tamamilə dağılan sıravi vətəndaşımızın hansı psixoloji və mənəvi yaşantıları sərgilədiyinin əyani sübutudur. Bu, vətəndaş cəmiyyətinin bütövlüyünün simvoludur. Gəncə, Daşkəsən, Tərtər, Dərdə, Goranboy, Ağcabədi, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarına,  cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən Xızı, Sumqayıt və digər bölgələrə uzaqvuran artilleriya qurğusu ilə mərmilər atılması siyasəti də Ermənistanın nə qədər aciz olduğunu isbat etdi. Ona görə ki, xalq artıq vətəndaş cəmiyyəti anlayışı ilə dövlətçiliyə dəyər verir. Öncələrdə olduğu kimi, öz doğma torpaqlarının sərhədləri çərçivəsində qaçqın-köçkün durumu ilə yaşamaq fəlsəfəsindən uzaqdır. İnsanlar və ailələr top mərmilərindən dağılan ev -eşiklərini tərk etmirlər.

İki yüzdən artıq yaşayış məskəni azad edilib

27 sentyabr 2020 tarixindən etibarən başlanılan və Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan antiterror əməliyyatlarının nəticəsində Azərbaycanın Milli Ordusu çox böyük uğurlara imza atıbdır. Belə ki, ötən gün ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyev rəsmi şəkildə elan etdiyi kimi 200-dən çox yaşayış məskəni düşməndən tamamilə azad edilibdir. Bir ay ərzində Azərbaycan Milli Ordusununun bu qədər uğur qazanacağını heç Ermənistanın işğalçı qüvvələri belə ağlına gətirmirdi. Onlar Milli Ordumuzun gücünü, onun iradəsini, döyüş hazırlığını və digər faktları bilmirdilər. Elə bu təfəkkürlə Azərbaycan ordusu hər gün yeni-yeni qələbələrə imza atır. Vətəndaş cəmiyyəti ilə bağlı bu gün ölkə KİV-də, eləcə də digər rəsmi tədbirlərdə daha çox Qarabağ mövzusunun qabardılması əslində ən doğru addımdır. Ona görə ki, 30 illik həsrətə son qoyulması artıq milli borc sayılır. Hər kəs vətən uğrunda əlindən gələni etməyə başlayıbdır. Yaranmış belə bir şəraitdə vətəndaşlar bütün imkanları ilə Milli Ordumuzun yanında olduqlarını açıq və səmimi şəkildə elan etməkdən çəkinmirlər.
Artıq hər kəsin dərin inamı var ki, çox yaxın müddətdə digər işğal altında olan ərazi və yurd yerlərimiz tamamilə azad ediləcəkdir. Vətən uğrunda ŞƏHİD və ya QAZİ olmaq hər bir döyüşçünün müqəddəs amalı kimi dəyərləndirilir. Dinc sakinlərin yağı düşmən tərəfindən bombalanmasının qarşılığının verilməsi, müzəffər ordumuzun elə qısa zaman kəsimində dinc sakinlərin intiqamını alması da insanlarda əsil qürur yeri kimi dəyərləndirilir.

Multikultural və dözümlü cəmiyyət

Ermənistan və onlara daim havadarlıq edən xarici qüvvələr uzun illər inanırdılar ki, əgər Azərbaycanla bağlı yenidən müharibə alovları püskürərsə, o zaman daxili və xarici faktorlar əsasında böyük bir qarışılıq olacaq. Ancaq, bu dəfə onların istədikləri heç də baş tutmadı. Ölkəmizdə yaşayan rus, ukrain, tat, talış, ləzgi, qrız, gürcü, rutul, lahıc, kürd, gürcü və yəhudi xalqlarının nümayəndələri KİV-də çıxış edərək milli birlik siyasətinin yanında yer aldıqlarını elan etdilər. Dövlətimizin və vətəndaş cəmiyyətinin yumruq kimi bir olması ideyasını sərgilədilər. Ermənistanın dövlət terrorizmi ideyası məsələsinə qarşı kəskin şəkildə etirazlarını elan etdilər. Azərbaycan Milli Ordusunun sıralarında əsil vətəndaş qeyrəti nümayiş etdirdilər. Demək olar ki, bütün cəbhə boyu döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların da birgə iştirakı cəmiyyətimizdə çox böyük ruh yüksəkliyinə səbəb oldu. Halbuki, Ermənistanda durum bir qədər fərqli məcrada müşahidə olunur. Belə ki, dini baxımdan keşiş olan bir erməni vətəndaş bu müharibəyə zorla aparıldığını video görüntü şəklində yayaraq, onun mənsub olduğu inanca görə heç bir suçu olmayan dinc insanlara güllə atmaq və ya onları öldürmək tamamilə yasaq olduğunu elan edibdir. Ancaq, Ermənistan hökuməti dinc sakinləri Azərbaycana göndərərək onları müharibə canilərinə çevirir. Halbuki, Ermənistan hər zaman beynəlxalq birliyə açıq şəkildə bildirmişdir kii: “Qarabağ və onun ətrafında gedən döyüşlərin heç birinin Ermənistana aidiyatı yoxdur. Orada Dağlıq Qarabağ adlı muxtar bölgə var və erməni əhalisi də öz müqəddəaratını təyin etmək adı ilə mübarizə aparır”. O zaman sual yaranır ki, “Dağlıq Qarabağda yaşayan 150 minlik əhalinin 50 min nəfəri azərbaycanlı, 30 mini yaşlılar və 40 mini uşaqlardırsa, 70 min nəfərlik ordunu hansı prinsiplə yaradıbdır?”. Əslində müşahidə etdikdə bəlli olur ki, Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində Ermənistan ordusu döyüşür. Bu, öz müqəddəratını təyin etmək deyil. Multikulturalizmə və vətəndaş cəmiyyətinə qarşı qan saçan bir təfəkkür tərzidir.

Erməni revanşizminin perspektivsizliyi

Vətəndaş cəmiyyətinin dəyərləri barəsində faktiki olaraq, hər gün ölkə prezidenti və Ali Baş Komandan İlham Əliyev dünyanın çoxsaylı TV kanallarına, informasiya agentliklərinə müsahibələr verərək bu faktı dönə-dönə təkrar edibdir. Min dəfələrlər təəssüflər olsun ki, beynəlxalq birlik Azərbaycanın bu nəcib addımlarını qulaqardına vurmaqda davam edirlər. Dünyanın heç bir normal ölkəsində hansısa xalqa ayrıca müstəqilliyə bərabər milli muxtariyyat hüquqi statusu verilməyibdir. Belə bir qanunun olması da mümkün deyil. Ancaq, bütün beynəlxalq təşkilatlar, supergüclər isə heç nə olmamış Azərbaycanın belə bir qərar verməsini açıq və ya qapalı şəkildə tələb edir, hətta dərhal buna əməl olunması istənilir. Prezident İlham Əliyev alman TV kanalının təmsilçisinə cavab verərək, Almaniyada uzun illərdir separatizm ideyasına söykəmli çevrələrə nədən bu status verilmir məsələsini rəsmiləşdirmirsiniz, cavabı da havadan asılı qaldı. İndi dünya İlham Əliyevin nəyə və nə üçün işrarə vurduğunun fərqindədir.  Bu o deməkdir ki, Azərbaycan başqa xalqlara verdiyi milli-mədəni hüquqlardan çox da uzağa getməyəcək. Əgər ermənilər vətəndaş olaraq, Azərbaycanda yaşayarsa, o zaman dövlətimizin qanunlarını, xüsusilə də Konstitusiyamızı diqqətlə oxusunlar.

Hürriyyət