Vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolu

105

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Dövlətin gənclər siyasətində yeni mərhələ

Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
İstedadlı gənclərə dövlət qayğısı;
Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
Gənclərin məşğulluğunun təmin edilməsi;
Gənc ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına dövlət yardımı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalandı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilib ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, beynəlxalq əlaqələr və biznes strukturlarında və digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.
Faktiki olaraq ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərlə bağlıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin yuxarıda qeyd olunan müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar.

QHT-lər vətəndaş cəmiyyətinin ayrılmaz parçasıdır

Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hal-hazırda bu nisbət yerli donorların hesabına dəyişib. 2012-ci ili gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş nöqtəsi olmaqla yanaşı, həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondunun fəaliyyətə başladığını xatırladıb. Onun bildirdiyinə görə, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirir.
Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkmilləşmiş oldu. Azərbaycan gənclərinin milli ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün respublika rəhbərliyinin davamlı tədbirlər həyata keçirdiyini və ötən  müddətdə cəmiyyətin əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı, onların intellektual səviyəsinin yüksəldilməsi üçün bütün zəruri imkanlar yaradılıb. Prezident İlham Əliyev son 12 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçsı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etdi. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində  informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına real zəmin yaradır.

Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti olub. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi – gənclər evləri (mərkəzləri) istifadəyə verilib. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycanın mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Strateji hədəflərdə gənclərə verilən önəm

Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür: qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.
Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

Bu strategiyanın səmərəliyini qiymətləndirmək məqsədilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artırılması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin olunması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi kimi məsələlər nəzərdə tutulub.
Bir vaxtlar: “Azərbaycanda hakimiyyətdə təmsil olunan iriçəkili məmurların yeni nəsil mütəxəssisləri ilə əvəz etmək istiqamətində çoxsaylı problemlər var” ideyasını süni şəkildə ortaya atan qatı mühafizəkar zehnli bəzi yüksək vəzifəli məmurların iddiaları son iki ildə president İlham Əliyevin apardığı kadr siyasəti nəticəsində tamamilə iflasa uğramışdır. 2018-ci il aprel ayından sonra, faktiki olaraq, ölkənin bütün nazirlik və digər dövlət strukturlarında kadr və struktur islahatlarının aparılması saəysində və gənclər kadrların irəli çəkilməsi cəmiyyət tərəfindən təqdirolunan proses kimi qəbul olunur. Keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış “inzibati idarəetmə” anlayışı demək olar ki, tamamilə aradan qaldırılmaqdadır. Müasir dünya standartlarını bilən və demokratik cəmiyyət düşüncə və milli dövlət sistemini mənimsəyən gənclərin irəli çəkilməsi artıq kimsədə şübhə doğurmur. Gənclik eyni zamanda cəmiyyətin yeni bir enerji mənbəyi deməkdir. Ölkədə gənclərə üstünlük verilməsi sayəsində irəli sürülən islahatlar da yüksək səviyyədə icra olunur. Bu, 2021-ci ildə dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyimiz təntənələrə ən yüksək səviyyədə dəyər verilməsidir. 30 yaşlı müstəqil Azərbaycan dövləti var və onu idarə edən gənclik dövlətə sədaqətini nümayiş etdirməsi üçün böyük imkanlar əldə edib.

“Hürriyyət”

*

İctimai və dövlət maraqlarının müdafiəsi