Vətən savaşı, onun qəhrəmanları və böyük qələbə…

258

Azərbaycan Respublikasının ən yüksək təltiflərindən biri “Zəfər” ordeni və “Qarabağ” ordeni olacaq

Vətən savaşı, ordumuzun qazandığı qələbələr və dövlət başçısının bu istiqamətdəki sərəncamları  milli təqvimimizə də qırmızı hərflərlə tarixi günlər yazdı. İşğal tarixləri təqvimdən silindi, yerinə qələbə günləri ilə yadda qalacaq iki aylıq bir savaş dövrü yazıldı. Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə  Vətən müharibəsinin başladığı sentyabrın 27-si Anım günü  kimi qeyd ediləcək. 8 noyabr isə Zəfər günü kimi tarixə yazıldı. Bununla yanaşı, işğal  altındakı rayonların azad edildiyi tarixlər hər biri ayrı-ayrılıqda zəfər günlərimizdir. Oktyabrın 4-də ordumuzun rəşadəti ilə Cəbrayıl rayonu, 17-də Füzuli rayonu, 20-də Zəngilan rayonu, 25 oktyabrda isə Qubadlı rayonu düşməndən azad edildi. Noyabrın 8-ni isə tarix boyu azərbaycanlılar Şuşanın azad olunması günü kimi qeyd edəcək. Noyabrın 10-da imzalanan sülh bəyanatı ilə Xocavənd, Xankəndi Azərbaycanın tərkib hissəsi elan edildi və həmin bəyanatdan irəli gələn tələblərlə noyabrın 20-də Ağdam rayonu, 25-də Kəlbəcər rayonu, 1 dekabrda isə Laçın rayonu ermənilərdən təmizləndi.

Vətən savaşının ən əlamətdar tarixləri isə Anım və Zəfər günləridir. Prezident İlham Əliyev dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün  və Zəfər Gününün təsis edilməsi haqqında sərəncamlar imzaladı.  Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım günü, noyabrın 8-i isə Zəfər günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.

Xəbərlər - DAŞKƏSƏN RAYON Icra Hakimiyyəti

Anım günü, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib.  Zəfər günü isə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə təsis edilib.

Qeyd edək ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün bir çox  işlər görüləcək ki, onlardan biri də Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılmasıdır. Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla bağlı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bundan başqa, dövlət başçısının digər bir səncamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək.

Məlumat üçün bildirək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Azərbaycanda Vətən müharibəsi ilə bağlı orden, medallar və fəxri ad təsis edilib.  Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilib.

Belə ki, Azərbaycan Respublikasının ən yüksək təltiflərindən biri “Zəfər” ordeni və “Qarabağ” ordeni olacaq. Medallara gəlincə, “Vətən Müharibəsi Qəhrəmanı” və  “İgidliyə görə” medalları ilə yanaşı, “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə”, həmçinin ayrı-ayrı ərazilərin azad olunmasında fərqləndiyinə görə, “Suqovuşanın azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı,  “Füzulinin azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Ağdamın azad olunmasına görə” medalı,  “Laçının azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı təsis olunub.

Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

 “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə isə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medalının təsviri qanunla müəyyən olunur. “Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

Vətən müharibəsi ilə bağlı orden-medalların statusu

Qeyd edək ki, 44 günlük savaş, böyük qələbə və onun ardından aparılan uğurlu diplomatik gedişlər ölkəmizin yeni tarixində bu təqvimlər və adlarla qalacaq. Vətən uğrunda canından keçənlərin adlarının, xatirələrinin əbədiləşdirilməsi, həmçinin ölümü gözə alaraq qəhrəmanlıq göstərən, qazi kimi, müharibə veteranı kimi evinə dönən, hələ də hərbi xidmətini davam edən əsgər və zabitlərimizin əməyinin dəyərləndirilməsi, fərqlənmə nişanı ilə təmin edilməsi, daim cəmiyyətin hörmət və ehtiramı ilə yad edilməsi həm də bu tarixi günlərdə əməyi keçənlərə verilən qiymətdir. Artıq cəmiyyətimizdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə yanaşma tamamilə fərqlidir. Hər kəs bilir ki, Ali Baş  Komandanın rəhbərliyi ilə məhz həmin fədakar insanların sayəsində bu gün işğalda olan 20 faiz torpaqlarımıza qovuşmuşuq. Bu, Azərbaycanın təkcə ərazi bütövlüyü deyil, həm də beynəlxalq nüfuzunu gücləndirən, dövlətçiliyini möhkəmləndirən, milli birliyi gücləndirən, iqtisadiyyatımıza əvəzsiz töhfələr verən bir qələbədir. Bu səbəbdən yeni adların, orden və medalların, tarixi günlərin, həmçinin abidə və muzeyin yaradılması böyük tarixi yaşatmaq baxımından, gələcək nəslin tarixi yaddaşı baxımından, vətənpərvərliyin gücləndirilməsi baxımından da milsilsizdir.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”