Vətən müharibəsinin 6-cı günü: düşmən bütün cəbhə boyu ağır itkilər verir

207

Ordumuzdan sarsıdıcı zərbələr yeyən işğalçı əvəzini mülki əhalidən çıxmağa çalışır, hərbçi qıtlığı yaşayır və döyüşə artıq qadınlarını göndərməyə başlayıb; iqtisadçı-ekspert: “Ermənistanı iqtisadi, sonra isə həm də sosial və siyasi böhran gözləyir…”

Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu işğalçı qüvvələrə qarşı hərbi kampaniyanı uğurla davam etdirir.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Qoşunlarımız Ağdərə istiqamətində düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.

Düşmən tərəfdə isə əsl panika və peşəkar hərbçi qıtlığı yaşanmaqdadır. Belə ki, erməni mediasının yaydığı kadrlardan aydın görünür ki, düşmən artıq mülki şəxsləri də döyüşlərə cəlb ediblər. Anaq Azərbaycan ordusu belə atəş nöqtələrini darmadağın edəndə isə erməni təbliğat maşını bunu Azərbaycanın mülki əhaliyə qarşı həmləsi kimi qələmə verir.

“Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşib”. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir. İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir” – o vurğulayıb.

O da məlum olub ki, hazırda işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub. Bu haqda Ermənistan hökumətinin saytında məlumat verilib. Bildirilib ki, məhdudiyyətlər 2 oktyabr saat 14:00-dan etibarən qüvvəyə minib.

Məhdudiyyətlər Qarabağa girmək və cəbhəyə yardım əşyalarının aparılması ilə əlaqədardır. Bildirilir ki, Qarabağa getmək istəyən şəxslər bunun üçün bir sıra qurumlardan icazə almalıdırlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Qarabağda nə baş verir? – Erməni əsgərləri güllələnib, düşmən səksəkəyə  düşüb

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

*****

Bu arada Ermənistan növbəti hərbi itkiləri barədə açıqlama verib. Qondarma “Dağlıq Qarabağ”ın rəsmisi Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər. O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb.

Ermənistan həm də böyük maddi zərərə uğramaqdadır.

“Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib”. “APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

“İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 mlrd. ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib. Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda, ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir”, – deyə V. Qasımlı bildirib.

Vüsal Qasımlı onu özünə müavin təyin etdi - İki sahil

Vüsal Qasımlı

O həmçinin qeyd edib ki, artıq Ermənistan milli valyutası – dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir”.

 

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.

*****

Azərbaycan Ordusunun ardıcıl həmlələrinə tab gətirməyən xain düşmən bunun əvəzini mülki əhalimizi və yaşayış məntəqələrimizi intensiv top və raket atəşinə tutmaqla almağa çalışır.

Erməni ordusunda çaşqınlıq: Düşmən hədəfləri ardıcıl məhv edilir

Belə hücumlar dünən də təmas xətti boyu davam edib. Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, Tovuz rayonun Ağdam yaşayış məntəqələri, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı, Bərdə rayonunun Əmirli kəndləri intensiv raket atəşinə tutulub. Dünən həmçinin Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketin “Toçka-U” taktiki raket kompleksindən buraxıldığı müəyyən edilib. Mülki əhalimiz arasında yaralananlar var. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan ordusu dinc əhali, mülki obyekt və inzibati binalarla yanaşı, cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini də hədəfə alır. APA-nın məlumatına görə, əks-hücum əməliyyatının başladığı gündən cəbhə bölgəsində peşə fəaliyyətini həyata keçirən yerli və xarici jurnalistlərə qarşı erməni silahlı birləşmələri tərəfindən intensiv hücumlar edilir.

AzPolitika — onlayn siyasi-ictimai qəzet

Son günlər ərzində cəbhənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən Türkiyənin “Anadolu”, Azərbaycanın “Azərtac”, APA, Turan, ARB TV, Xəzər TV, İctimai TV, Space TV, ATV, BAKU TV kimi xəbər agentlikləri və televiziya qurumlarının əməkdaşları düşmənin mərmi atəşinə tuş gəliblər. Bu hücumların əks olunduğu kifayət qədər video və materiallar yayılsa da, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq media qurumları baş verənlərə heç bir münasibət bildirmir. Erməni silahlı birləşmələri tərəfindən media nümayəndələrinə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalı, beynəlxalq jurnalist təşkilatları bu vəziyyətlə bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməlidir.

*****

Azərbaycan Ordusuna dünya azərbaycanlıları tərəfindən dəstək aksiyaları davam edir. Xəbər verdiyimiz kimi, ötən gün Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Təbriz, Meşkinşəhr, Ərdəbil, Zəncan və Tehranda “Qarabağa və Azərbaycan Ordusuna dəstək” adı altında mitinq keçirilib.

QAZILER: Təbrizdə Azərbaycana dəstək aksiyası: Ya Qarabağ, ya ölüm... -  VİDEO

Musavat.com bildirir ki, mitinq iştirakçıları “Ya Qarabağ, ya ölüm!”, “Erməniyə himayət, cinayətdir, cinayət!”, “Babəkin balasıyıq, biz ölməyə hazırıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan milləti çəkəmməz bu zilləti!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan oyaqdır, Qarabağa dayaqdır!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarlarını səsləndirib, Qarabağ döyüşlərində iştirak etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanın mənəvi paytaxtı Təbrizdə mitinq iştirakçıları işğalçı ölkənin bayrağını yandırıb. Tehranda keçirilən mitinqdə isə Azərbaycan bayrağı qaldırılıb. Yayılan videolardan aydın görünür ki, İran təhlükəsizlik qüvvələri mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə edib. Nəticədə bir neçə soydaşımız yaralanıb. Mitinqə çıxanların arasında İranın təhlükəsizlik qüvvələri və polisi tərəfindən saxlanılanlar da var.

*****

Təbrizdə Ordumuza dəstək aksiyası - VİDEO

“Hərbi əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır”.

Bunu ötən gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır: “Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. Bu da Ermənistan silahlı qüvvələrinin bu cəbhədə olan bölmələrinin müqavimətini güclü şəkildə azaldıb. 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbli istehkam sistemləri qurulub, maddi-texniki baza quraşdırılıb. Bunların qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”.

“Cəbhənin bütün isiqamətlərində əks hücum əməliyyatları davam edir. Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutublar”.

Bunu isə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov dünən Hərbi İnformasiya Mərkəzinin brifinqində deyib.

Anar Eyvazov: Aserbaidschanische Armee befreit eine Reihe von armenisch  besetzten Dörfern - AZERTAG - Aserbaidschanische Staatliche  Nachrichtenagentur

O bildirib ki, mülki əhali arasında yaralananlar var: “Madagizdə düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradılmasına qərar verilib. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib. Murov dağı istiqaməti də qoşunlarımızın nəzarətindədir”.

A.Eyvazov qeyd edib ki, 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib: “Döyüşlərdə əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun yüksək döyüş ruhu və qələbə əzminin bariz nümunəsidir. Sözlərimi general-mayor Hikmət Həsənovun sözləri ilə bitirirəm: ”Hərbi birliyin şəxsi heyətinin amalı son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün Ordumuzun döyüş ruhu kifayət qədər yüksəkdir. Qələbə bizimlədir!”

Siyasət şöbəsi,
“Yeni Müsavat”