Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı – FOTO

300

Dekabrın 4-də saat 12:00-də Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə mərkəzin binası qarşısındakı Ulu Öndərin abidəsi önündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini anma mərasimi keçirib.

 

Mərasimdə səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Daşkənddə yaşayan bir qrup soydaşımız iştirak edib.

 

Əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi, Şuşanın rəmzi sayılan “Xarı Bülbül” pannosu və müharibə səhnələrini əks etdirən plakatların önünə çiçək dəstələri qoyub.

 

Hüseyn Quliyev 44 günlük Vətən müharibəsi, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda Azərbaycanın böyük qələbəsi haqqında danışıb. Diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları, kəndlərimiz, bir sıra strateji yüksəkliklər azad edildikdən sonra qədim Şuşa şəhəri də döyüşlə həqiqi sahibinə qaytarılıb.

 

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə Bəyanat haqqında da söhbət açıb, bu razılaşmaya uyğun olaraq, artıq Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökmədən və şəhid vermədən işğaldan azad edildiyini vurğulayıb.

 

Diplomat deyib ki, müharibədə Azərbaycanın 2783 hərbi qulluqçusu şəhid olub, 1245 əsgər və zabit yaralanıb.

 

Səfir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna Allahdan rəhmət, yaralananların isə tezliklə sağalmasını arzulayıb. \\Modern.az